Rusiya və Qərb arasında hazırkı mübahisənin mərkəzində NATO-nun Ukraynaya qapılarını bağlamaqdan imtina etməsi dayanır, lakin hərbi blokun bu məsələ ilə bağlı öz siyasətinə yenidən baxmağın vaxtıdır – ona görə yox ki, Moskva bunu istəyir.
7Times.az Moderator.az-a istinadən xəbər verir ki, bu fikir Amerikanın “Defense News” nəşrindəki məqalədəndir. Portalın qeyd etdiyi kimi, NATO-nun genişlənməsi həmişə ABŞ-ın xeyrinə olmur, çünki alyansa hərdən zəif ölkələr də daxil olur ki, bu da Vaşinqtonu daha aktual problemlərin həllindən yayındırır.
ABŞ, Avropa və Rusiya arasında aparılan üç raundluq danışıqların nəticəsi olaraq tərəflərin Ukrayna ilə bağlı mövqeləri, dialoqun əvvəlində olduğu kimi, hələ də bir-birindən uzaqdır. “Defence News” yazır ki, Rusiya Ukraynanın heç bir halda NATO-ya üzv olmasına icazə verilməməsinə israr etməkdə davam edir, lakin eyni vaxtda ABŞ və onun NATO üzrə müttəfiqləri isə Kiyevin siyasi qərarlar vermək hüququna malik olduğuna işarə edərək Moskvanın tələblərinı rədd edirlər.
Mübahisənin mərkəzində NATO üzvlərinin yekdil razılığı əsasında istənilən Avropa dövlətini alyansa dəvət etməyə imkan verən açıq qapı siyasəti dayanır. NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, açıq qapı siyasəti “fundamental prinsipdir” və onu hətta Rusiya silahının təhdidi altında belə şübhə altına almaq olmaz. Bəzi keçmiş amerikalı diplomatlar isə hesab edirlər ki, NATO-nun genişlənməsinin müzakirə olunmasının özü Kremlin qələbəsidir.
Bununla belə, Birləşmiş Ştatlar üçün ən vacib olan Rusiyanın Vaşinqtonun hərəkətlərini nə dərəcədə yaxından qəbul etməsi deyil, bu hərəkətlərin Amerikanın təhlükəsizliyinə fayda verib-verməməsidir. NATO-nun açıq qapı siyasətinə gəlincə, praktiki və strateji səbəblərə görə onu sadəcə prinsip xatirinə dəstəkləməyin artıq mənası yoxdur.
Birincisi, vəziyyətə praktiki nöqteyi-nəzərdən baxılırsa, NATO artıq çox böyükdür. 1997-ci ildən bu yana çox vaxt geosiyasi əhəmiyyəti, hətta blokun tələb etdiyi qədər müdafiəyə xərcləmək imkanı ilə seçilməyən kiçik ölkələri qəbul edən alyansın ölçüsü demək olar ki, iki dəfə artıb.
Son bir neçə ildə NATO-nun genişlənməsi ilə bağlı qəbul edilmiş qərarlar alyansın təhlükəsizliyini gücləndirməsinə təsir edə bilməyiblər. Monteneqro (2017-ci ildə NATO-ya qəbul edilib) və Şimali Makedoniyanın (2020-ci ildə) ümumi ÜDM-i Vermont ştatının yarısı qədərdir və onların bütün sakinləri Bruklinə yerləşə bilər. Monteneqro və Şimali Makedoniya ordusunun ümumi gücü, Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, 9500 əsgərdən ibarətdir. Çətin ki, kimsə bu ölkələrin alyansı əhəmiyyətli dərəcədə gücləndirəcəyi və ya başqa yolla Rusiyanın cilovlanmasına kömək edəcəkləri ilə bağlı ciddi şəkildə mübahisə etsin.
İkincisi, böyük ittifaq güclü ittifaq demək deyil. NATO 30 ölkədən ibarət olsa da, münaqişə baş verəcəyi təqdirdə onlardan neçəsi alyansın əməliyyatlarına mühüm töhfə verəcək? Fransa və Sloveniya NATO çərçivəsində texniki baxımdan eyni statusa malik olsalar da, Avropada çətin ki, kimsə Sloveniyanın (7 min əsgər) həqiqətən ciddi hərbi nailiyyətlərə qadir olduğuna inana. Üstəlik, bundesverin bütün problemlərini nəzərə alsaq, iqtisadi mənada Avropanın özəyi olan Almaniyanın belə bu sahədə ciddi uğur qazana biləcəyi qəti deyil. Əslində, NATO əməliyyatları ABŞ tərəfindən dəstəklənməzsə, demək olar ki, dərhal problemlər başlayır: alyans sonuncu dəfə böyük hərbi kampaniya keçirdikdə (2011-ci ildə Liviya), aviasiya zərbələrnin döyüş hazırlığının qorunması fonunda çətinliklərlə üzləşməsi səbəbindən blokun silah-sursatı tez qurtardı. Başqa sözlə, alyansın böyüklüyü onun effektivliyi haqqında demək olar ki, heç nə demir.
Üçüncüsü, NATO-nun genişlənməsi ABŞ üçün ciddi risklərlə doludur. Ənənəvi olaraq, ABŞ rəsmiləri ittifaqlara istənilən halda faydalı bir şey kimi baxırlar. Lakin ABŞ-ın müttəfiqləri zəifdirlərsə, ondan asılıdırsa və ya alyansın sabitliyinin təmin olunmasına öz ədalətli töhfəsini verməkdə maraqlı deyillərsə, o zaman onlar yoldaşdan çox yükə çevrilirlər.
Bu, ən çox ABŞ-a zərbə vurur, çünki onlar dünyada onlarla ölkəni müdafiə etməyi öz öhdələrinə götürüblər. Zamanla bu cür müdafiə öhdəlikləri ABŞ ordusunun hazırlığını sarsıda və Vaşinqtonu digər müdafiə prioritetlərindən yayındıra bilər. Bu, həmçinin on minlərlə hərbçinin Avropada yerləşdiyi zaman ABŞ-ın Asiya-Sakit Okean regionunun müdafiəsinə sərmayə qoymasını xeyli çətinləşdirəcək.
NATO-nun genişlənməsini mütəmadi olaraq nəzərdən keçirmək bütövlükdə çox sağlam siyasət deyil, lakin Ukrayna məsələsində belə yanaşma ABŞ-a pis xidmət edə bilər. Kiyev aydın şəkildə hesab edir ki, alyansa üzvlük güclənən Rusiyanı cilovlamaq üçün ən yaxşı yoldur. Lakin heç kim Ukraynanın tezliklə NATO-ya daxil olacağına və hətta layiqli namizədə çevriləcəyinə inanmır. ABŞ və NATO isə qapıda kiçik bir dəlik açaraq Ukraynaya bir gün onun alyansa qəbul ediləcəyinə ümid verirlər – və bu, mənəvi təhlükənin gözəl nümunəsidir.
Bununla belə, Kiyevə sərt, lakin zəruri siqnal göndərmək daha dürüst və ardıcıl olardı: NATO-nun köməyinə ümid etmək əvəzinə, Rusiya ilə hansısa kompromis tapmağa çalışsanız, daha yaxşı olar.
“NATO Nizamnaməsinin 5-ci maddəsi ilə yanaşı, alyansın açıq qapı siyasəti onun ən müqəddəs prinsiplərindən biri olaraq qalır. Lakin o, həm köhnəlmiş və qeyri-məhsuldardır, həm də mənasını itirmişdir. ABŞ Rusiyanın qəzəbinə görə qapını bağlamamalıdır, lakin belə bir siyasətin onun mahiyyəti ilə üst-üstə düşdüyünə görə qapını bağlamalıdır”, – deyə portal yekunlaşdırır.
Follow @7timesaz