“Bütün deyilənlər Rusiyanın ciddi xarici siyasət strategiyasının olmadığını göstərir…”
“Bir sözlə, biz görürük ki, Rusiya ətrafında həlqənin daralması gedir. Və Putin də çalışır ki, həmin mühasirəni ən etibarlı yerdən, ən az itki verəcəyi yerdən yarsın…”
Ukraynada əslində nə baş verir? Bu, informasiya hay-küyü, savaşı Qərbin, ABŞ-ın oyunudur, yoxsa Rusiyanın? Bəzi konspiroloqlar iddia edir ki, bu, hətta Amerika və Rusiyanın birgə oyunudur…
Təhlükəsizlik üzrə ekspert, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ərəstun Oruclu məsələ ilə bağlı Moderator.az-a geniş açıqlama verib.
“Düşünürəm ki, Ukrayna böhranı ciddi səbəblərə, əsaslara malik omaqla yanaşı, orada bir təhrikçilik də var. Məsələ burasındadır ki, istər Rusiya, istərsə də ona qarşı dayanan NATO ölkələri Ukrayna məsələsində sanki etmək istədiklərini deyil, qarşı tərəfə etdirmək istədikıərini qabardırlar. Məsələn, başda ABŞ olmaqla NATO ölkələri uzun müddətdir, iddia edirlər ki, Rusiya hücum edəcək. Bu gün hücum edəcək, sabah hücum edəcək… Son olaraq dedilər, fevralın 16-sı Bakı vaxtı ilə saat 05:00-da hücum edəcək. Artıq fevralın 16-ı gündüzdür və heç bir hücum-filan yoxdur…
Əlbəttə ki, eyni zamanda Rusiya da Ukrayna faktorundan Qərb ölkələrinə qarşı bir təhdid kimi istifadə edir. Amma məsələ burasındadır ki, bu hərbi təhdid, yəni sözdə hərbi təhdid yaratmaq elə bir şeydir ki, burada gücdən artıq gücdən istifadə etmək mümkün deyil. Yəni hər kəsin hərbi potensialı qarşı tərəfə bəllidir. NATO ölkələri də əvvəlcədən bilirlər ki, əslində Rusiya Ukraynaya hücum etmək istəmir. Və bəlkə də istəyərdilər ki, bu olsun. Və ona görə də Ukraynanı silahlandırdılar, silahlı qüvvələrinə hərbi təlimlər keçdilər. Hesab edirəm ki, burada Qərbin, ABŞ-ın məqsədi Rusiyanı konfliktə çəkərək onun əslində zəif olduğunu göstərmək idi. Çünki Kreml hazırkı Yeni Geo-siyasi Düzənin yaradılmasında böyük iddialar ortaya qoyur və Avrasiya məkanında hökmranlığı ələ keçirmək istəyir. Odur ki, onun opponentləri, yəni əsasən Qərb, NATO ölkələri göstərmək istəyirdilər ki, Rusiya ilə hesabın çürüdülməsi üçün o, hərbi gücünü nümayiş etdirməlidir. Çin isə hələki sakit oturub öz məqamını gözləyir”- deyə politoloq bildirib.
“Biz gördük ki, məsələn, Rusiya Avropada təhlükəsizlik məsələlərinə dair NATO ilə danışıqlarda tələb edirdi ki, razılaşmaya Ukraynanın NATO-ya üzv qəbul edilməyəcəyi bəndi də əlavə edilsin. Qərb deyirdi ki, bu, başqa məsələdir, Ukrayna bunu istəyərsə, biz ona “yox” deyə bilmərik, biz bunu müzakirə etməliyik. Və nəticədə Rusiyanı bir qədər çətin seçim qarşısında qoyurdu. Qərb də öz növbəsində Rusiyadan Ukrayanaya hücum etməyəcəyi barədə təminat istəyirdi, qoşunlarını sərhəddən çıxardacaq, Krımı qaytaracaq və s. Yəni tərəflər bir-birinə qarşı tərəf üçün mümkün olmayan təkliflər irəli sürməklə belə bir çoxgedişli oyun qurmuşdular. Və həmin oyun son nəticədə prinsip etibarilə başa çatdı. Əvvəlcədən də bəlli idi ki, heç bir hücum olmayacaq. Çünki Moskva Ukraynaya hücum etməklə özünü çox böyük problemlə üz-üzə qoymuş olardı. Söhbət ondan getmir ki, Ukrayna bu savaşda Rusiyaya qalib gələcək… Tutaq ki, amerikalılar Ukraynanı silahlandırdılar, hərbi qüvvələrinə təlimlər keçdilər, savaş baş verdi və Rusiya çox ciddi zərbə aldı. Və bundan sonra onun dünyada ortaya qoyacağı ciddi bir arqument qalmır. Yəni Rusiyanın iqtisadiyyatı yoxdur, Qərblə müqayisədə heç nədir. Pulu da Qərblə müqayisədə heç nədir. Ölkə əhalisinin sosial-maddi durumu hər kəsə bəllidir. Və bu yandan da Kremlin yeganə istinad nöqtəsi olan hərbi gücünün zəifliyi görünür. Deməli, bu səbəblərdən Rusiya qarşıdurmaya getməyəcəkdi. Bu minvalla Qərb çalışırdı ki, Rusiyanı tələyə salsın” –deyən analitik hesab edir ki, əslində Putin hakimiyyəti Ukrayna oyununda tələyə düşüb.
“Amma əslində nəticə etibarı ilə Moskva tələyə düşdü. Çünki Rusiya dünənədək Qərbin ona təklif etdiyi oyunu oynayırdı. Düzdü, paralel olaraq Putin Qazaxıstan prosesini həyata keçirdi. Özbəkistanı da nəzarətə almağa cəhd elədi, bu ölkəni təhdid etdi. Ancaq gördü ki, Özbəkistan geri çəkilmir. Odur ki, hələlik bu məsəni dondurdular, təxirə saldılar. Çünki Kreml eyni uğursuzluqla Özbəkistanda da üzləşə bilərdi… Putin həmçinin Güney Qafqazda hərəkətlənməyə cəhd etdi. Qarşılığında Azərbaycan təcili Türkiyə ilə Şuşa bəyannaməsini ratifikasiya etdirdi. Və artıq Azərbaycanın hərbi müttəfiqi var. Bir sözlə, biz görürük ki, Rusiya ətrafında həlqənin daralması gedir. Və Putin də çalışır ki, həmin mühasirəni ən etibarlı yerdən, ən az itki verəcəyi yerdən yarsın. Çünki öz sərhədlərinə qapanmış imperiya, artıq imperiya deyil. O, heç bir iddia ortaya qoya bilməz. Bu halda həmin ölkənin yalnız öz ərazilərini, öz sərhədlərini qorumaq şansı qalır. Məhz bu səbəblərdən Rusiya Ukraynada baş qataraq çalışırdı ki, possovet məkanının digər ərazilərində öz problemlərini həll etsin. Belə problemlərindən birini ilk baxışdan Qazaxıstanda həll etdi. Lakin onu da tam həll edib-etmədiyini bilmək olmaz. Çünki Qazaxıstanda artıq etirazlar baş qaldırıb və insanlar əslində nə baş verdiyini anlamağa başlayıb”- analitik belə deyib.
Ərəstun Oruclu hesab edir ki, Putin administrasiyası ciddi xarici siyasət strategiyasına malik deyil.
“Bütün deyilənlər Rusiyanın ciddi xarici siyasət strategiyasının olmadığını göstərir. Və əslində Qərb də Moskva üçün elə təəssürat yaradır ki, guya Qərb ölkələri arasında birlik yoxdur, ABŞ-la Almaniya arasında ziddiyyətlər var, ABŞ-la Britaniya birdir, amma kontinental Avropada, məsələn, Almaniya və Fransa arasında mövqelər fərqlidir. Fəqət nəticə etibarı ilə bəlli oldu ki, bütün Qərb ölkələri NATO çərçivəsində müştərək maraqlar platformasından birgə çıxış edə bilirlər. Və deməli, Rusiya bu istiqamətdəki hesablamalarında da yanlışlığa yol verib. Beləliklə, düşünürəm ki, Ukrayna oyunu bitdi. Və inanmıram ki, bundan sonra Ukraynaya hücum olsun və bu ölkəyə qarşı Moskva tərəfindən hansısa digər təhlükəli addımlar atılsın. Oyun, təbii ki, Qərbin oyunu idi. Qərb Rusiyanı oyuna saldı və o, həmin oyundan, demək olar ki, məğlub çıxdı. Yüz minlik qoşunu Ukrayna ilə sərhədə daşıyıb yığdı, bu ölkəni təhdid elədi. Amma həmin təhdid heç bir nəticə vermədi. Yəni Qərb ölkələri faktiki olaraq Rusiyaya heç bir güzəştə getmədilər. “Şimal-2” qaz kəmərinə sanksiya qoyulmadı, heç qoyulacaq da deyildi. İstər Tramp, istərsə də Bayden hökuməti etiraf etdi ki, bu, artıq baş tutmuş faktdır, gerçəklikdir. NATO-nun genişlənməsi məsələsində də Rusiyanın şərtləri qəbul olunmadı. Qaldı ki, Avropadakı strateji silahlara dair danışıqlara. Bu əsas məsələdə Putinin mövqeyi zəifdir. Çünki Rusiyanın silahlarının sayı çoxdur. Amma keyfiyyəti aşağıdır və texnoloji baxımdan geri qalır”- deyə şərhçi bildirib.
Təhlükəsizlik üzrə ekspert Qərb və Rusiyanın bəzi məsələlərdə müştərək maraqlarının da olduğunu iddia edib.
“Amma oyunda müəyyən müştərək maraqlar da var idi. Məsələn, Qazaxıstandakı son proseslərə diqqət yetirsək, görərik ki, Qərb Rusiyanı bu məsələdə zərrə qədər də tənqid etmədi. Əksinə, “biz Qazaxıstanda qanunçuluğun bərpasını istəyirik” deyəndə dolayısıyla, az qala, Putinə dəstək verdilər. Və bunun ardınca da Rusiya qoşunu həmin ölkəyə daxil oldu. Amma Azərbaycan məsələsində Moskva ilə Qərbin müştərək maraqları görünmür. Məsələn, dünən NATO baş katibi Yens Stoltenberqin İlham Əliyevə zəngi təsadüfi deyildi…
Beləliklə, geo-siyasi mübarizənin bu mərhələsində hesab “sıfır-sıfır” oldu. Amma birinci raundda hesab ən azı 1:0 Qərbin xeyrinə idi. Yəni Rusiya ölü nöqtədən tərpənə bilmədi. Onun əldə etdiyi yalnız Qazaxıstanı qismən təsir altına salmağı oldu. Ola bilsin, Mərkəzi Asiyada proses davam edəcək. Amma burada Kreml kiminlə üz-üzə gələcək? Təbii ki, Çinlə… Yəni gəldiyim, son nəticə bundan ibarətdir ki, Qərb Ukrayna oyunu ilə Rusiyanı provakasiyaya çəkdi və son nəticədə onu Çinlə üz-üzə qoydu… Mən belə görürəm”- deyə Ərəstun Oruclu vurğulayıb.
Follow @7timesaz