Dünya

Zelenskinin Münhen nitqi dərsliyə düşəcək: Qərbə kömək üçün xahiş və şillə

Zelenskinin Münhen nitqi dərsliyə düşəcək: Qərbə kömək üçün xahiş və şilləbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Münhen Təhlükəsizlik Konfransı bu dəfə demək olar ki, əsasən Ukrayna böhranını müzakirə üçün toplaşıb. Konfransda ən çox diqqət çəkən Ukrayna prezidenti Vladimir Zelenskinin çıxışı olub.
Moderator.az məşhur alman nəşri“Döyçe Welt”in( DW) konfransdan reportajını təqdim edir.
“Rusiyanın işğalı qorxusuna baxmayaraq, Ukrayna prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxış edib. Onun çıxışı tarixə düşə bilər.
Aparıcı, CNN ulduzu Kristian Amanpur Vladimir Zelenskidən Münhenə gəlməkdən qorxmadığını soruşduqda, Ukrayna prezidenti sualı başa düşməmiş kimi davrandı: “Xeyr, buradakılar ki, dostlardır”. “Amma siz evinizi baxımsız qoymusunuz ” – amerikalı qız əl çəkmədi. “Əminəm ki, ölkəmiz etibarlı əllərdədir”, – deyə Zelenski cavab verdi. Bu, 19 fevral şənbə günü Təhlükəsizlik üzrə Münhen Konfransında onun 20 dəqiqəlik çıxışından sonra podiumda müzakirə zamanı idi. O çıxış ki, əvvəlində də, sonunda da zaldakılar- Qərb siyasətçiləri, hərbçiləri, iş adamları və ekspertlər-  onu ayaqüstə alqışladılar.
Ukrayna prezidenti niyə Münhenə uçdu?
Səfər ərəfəsində ABŞ prezidenti Co Baydenin Rusiyanın Ukraynaya geniş miqyaslı hərbi müdaxiləsinin yaxın günlərə hazırlandığı ilə bağlı xəbərdarlığından sonra, səfər böyük risk kimi göründü. Günün yekununda Zelenskinin motivasiyası bəlli oldu. Ukrayna Prezidenti bir neçə saatlıq Bavariyanın paytaxtına ona görə uçmadı ki,  Donbassda lokal mövqe müharibəsinin Rusiya Federasiyasının genişmiqyaslı hərbi işğalına çevriləcəyi təqdirdə Qərb liderləri ilə bunu bir daha şəxsən müzakirə etsin. O, nitq söyləmək üçün və onların,- Qərb liderlərinin üzünə baxmaq üçün uçub gəldi.
Bir neçə gün və ya həftə sonra Zelenskinin Münhen çıxışı Ukrayna prezidentinin Qərbdə “fəlakət”dən əvvəl sonuncu çıxışı kimi tarix kitablarına düşə bilər, belə ki, forum iştirakçıları bu fəlakəti Rusiyanın Kiyevə qarşı böyük müharibə ssenarisi adlandırırdılar.
Zelenski nədən danışdı və nə barədə susdu?
Zelenski Münhen konfransına ikinci səfərində nədən danışdı? İlk dəfə 2020-ci ilin fevralında o, əsas səhnədə deyil, forumun kənarındakı kiçik zalda çıxış etmişdi.
Bu dəfə Zelenski əsas spikerlərdən biri elan edildi. O, tələsik, enerjili və emosional danışdı, həmin gün Donbassda həlak olan ukraynalı əsgərin və onun ailə üzvlərinin adını çəkdi. Prezidentin nitqi o qədər canlı ifadələrlə dolu idi ki, ukraynalı tərcüməçi çətinliklə onu bütün detalları ilə dəqiq çatdıra bilirdi. Əsas mesajlardan biri odur ki, Ukrayna Rusiya ilə müharibə təhlükəsindən qorxmur və özünün dediyi kimi, rus əsgərlərini gözləyərək “tabutda uzanmaq” niyyətində deyil: “Biz hesab etmirik ki, bizə təlaşlanmaq lazımdır”
Zelenski dünyada formalaşmış təhlükəsizlik sisteminin Ukraynanı qoruya bilməyəcəyini vurğuladı və 1994-cü ildə Budapeşt Memorandumunu imzalayan ölkələri (Rusiya, ABŞ və Böyük Britaniya) Ukraynanın məsləhətləşmələrə toplaşmaq çağırışlarına məhəl qoymadıqlarına görə qınadı. Memorandum Ukraynanın təhlükəsizliyi zəmanəti müqabilində SSRİ-dən miras qalmış nüvə silahından imtina etməsini təmin etmişdi. Düzdür, Zelenski həmin memorandumun daha çox könüllü xarakter daşıması və beynəlxalq hüquq baxımından məcburi olmadığı barədə susdu.
Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında toplanması və Donbassda vəziyyətin gərginləşməsi fonunda, prezident Rusiyaya qarşı qabaqlayıcı sanksiyaların tətbiqi də daxil olmaqla kömək istədi və Qərbi “ sakitləşdirmə” adlandırdığı siyasətə görə tənqid etdi. Çıxışın bəzi hissələri Ukrayna prezidentinin “laqeydliyə” görə qınadığı ölkələrin üzünə sillə kimi səsləndi. O, partnyorlarına silahla yardım etdiklərinə görə təşəkkür edib, lakin “heç kəsi incitməmək üçün” onları sadalamaq istəmədiyini bildirdi. Zalda olan hər kəs anladı ki, Zelenski Kiyevə silah verməkdən imtina edən və bunu öz tarixinə istinad edən Almaniyanın mövqeyinə eyham vurur.
“Diplomatiya uğursuz olarsa…”
Zelenskidən başqa, ABŞ-ın vitse-prezidenti Kamala Harris və Böyük Britaniyanın baş naziri Boris Consonun çıxışları ən çox diqqət çəkənlər olub. Onların əsas tezisi budur ki, diplomatiya şansı var, lakin Rusiya Ukraynaya qarşı genişmiqyaslı təcavüzə davam edərsə və Consonun dediyi kimi, “diplomatiya uduzsa”, Qərb dərhal görünməmiş sanksiyalarla cavab verəcək. İki günlük konfransdan sonra belə bir təəssürat yaranır ki, Qərb bədbindir.
“Əgər” sözü Münhendə xüsusilə tez-tez səslənirdi, bu da mövcud vəziyyətin qeyri-müəyyənliyini əks etdirirdi. Rusiya üçün “qırmızı xətlər” çəkilib, sanksiyalar razılaşdırılıb, NATO müttəfiqləri və onların tərəfdaşlarının atdığı addımlar nizamlanıb. ABŞ və İngiltərədən gələn qonaqlardan fərqli olaraq Almaniyanın yeni federal kansleri Olaf Şolz yeni vəzifəsində bu Münhen Konfransının premyera olduğu üçün daha təmkinlə danışdı. O, Rusiya-Ukrayna böhranı ilə bağlı əsas məqsədlərindən birini belə formalaşdırdı: “Maksimum diplomatiya, lakin sadəlövhlük olmadan”. Bunun Berlinin əvvəllər Rusiyaya  sadəlövh yanaşmasının etirafı olub-olmadığı sualı isə açıq qaldı. İstənilən halda, Şolz Rusiyanın Donbassda “soyqırım” iddialarına qeyri-adi dərəcədə sərt yanaşdı və onları “gülünc” adlandırdı.