Ölkə

“Hamı istəyər bahalı telefonu olsun, heç mənim də ayfonum yoxdur…”

“Hamı istəyər bahalı telefonu olsun, heç mənim də ayfonum yoxdur…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gündəm.az-ın suallarını Milli Məclisin deputatı, yazıçı Aqil Abbas cavablandırıb. 

–  Aqil bəy, tanınmış telejurnalist Mir Şahin yazıçılarımızı 44 günlük qələbədən sonra ortaya samballı əsər qoymamaqda qınayıb. Hətta onları vicdansızlıqda ittiham edib. Necə fikirləşirsiniz, Mir Şahin düzmü deyir?

– Mir Şahin düz deyir. Hələ onun istədiyi səviyyədə əsər ortaya çıxmayıb. Amma adamlar yazırlar. Kitablar çıxır, filmlər çəkilir. Hələ də qələbənin eyforiyasından çıxa bilməmişik, qələbə əhval-ruhiyəsindəyik. Bəzən isti-isti əsər yazanda şablonçuluğa, pafosa yer verilir ki, bu da oxucu tərəfindən o qədər də yaxşı qarşılanmır. Qeyd edim ki, Mir Şahinin dediklərinin mənə aidiyyəti yoxdur. Şəxsən mən iki ssenari yazmışam. Bütün ömrümü Qarabağa həsr etmişəm. 1988-ci ildən bəri əsas yazılarım Qarabağın işğalı, qaçqınlarımız, şəhidlərimiz haqda olub. Publisistik yazılar, romanlar yazmışam və bu gün də yazıram. Ola bilsin ki, istənilən əsəri hələ ortaya qoya bilməmişik. Bu mənada Mir Şahin düz deyir.

– Sizcə, qələbəmiz, Qarabağ haqqında oxunaqlı əsərin ortaya çıxması üçün nə qədər vaxt lazımdır?

– Əsas məsələ vaxt deyil. Gərək yazmağa hazır olasan. Elə bilirdim ki, Qarabağ haqqında çox əsər yaza bilərəm. Düzdür, Ağdamla bağlı romanım var. Amma Şuşa ilə bağlı heç nə yaza bilmədim. İki dəfə Şuşada oldum. Şuşa Ağdam kimi deyildi. Şuşa bir az yerindəydi. Hisləri, duyğuları yaşamaq lazımdır. Birinci Qarabağ müharibəsindən 3-4 il sonra roman yazdım. Çünki mən o çölçülüyü yaşamışdım. 15 il sonra isə “Dolu”nu yazdım. Yazmaq çətindir. “Dolu”nun ikinci hissəsini də yazmışam. Oxucu qəbul edəcək, ya etməyəcək, deyə bilmərəm. Yazıçı gərək o hisləri yaşasın. Şablondan uzaq olsun. Mir Şahinin dediklərində həqiqət var, amma bir az artıq deyib…

–  Nəyi nəzərdə tutursunuz?

– Vicdan məsələsində bir qədər onunla razılaşmıram. Doğrudanmı, Azərbaycan yazıçılarının vicdanı yoxdur? Doğrudanmı, Azərbaycan yazıçıları bu qələbənin sevincini yaşamırlar? Bu mənada Mir Şahin bir az solaxay danışıb. Mənə elə gəlir ki, əsas üstünlüyü bədii filmlərə verməliyik. Mənim müəllifi olduğum “Dolu” filmi 5 min tirajla Azərbaycanda, 50 min tirajla isə Türkiyədə çıxıb. Onu oxusun 2 min adam. Amma “Dolu” filminə təxminən 100 milyon adam baxıb. Nursultan Nazarbayevin sifarişi ilə Rüstəm İbrahimbəyov “Köçərilər” filmini çəkib. Filmin çəkilişinə 30 milyon dollar vəsait xərclənib. O filmə bəlkə 1 milyard insan baxıb.

–  İkici Dünya Müharibəsi haqda minlərlə film çəkilib, amma onlardan bir neçəsi yaşadı. Həmin filmlərə bu gün də baxılır. Müharibə haqda əsər yazanda, film çəkəndə daha çox hansı məqamlar nəzərə alınmalıdır ki, o daim baxımlı, oxunaqlı olsun?

– İkinci Dünya Müharibəsi gedə-gedə də film çəkilirdi. Həmin filmlər insanları vətənpərvərliyə, qəhrəmanlığa çağırırdı. O filmlər çəkilməliydi. Bizim “Dolu” filmi də insanların qələbəyə olan inamını yaşatmaq üçün çəkilmişdi. O qələbə də oldu. Bir dəfə televiziyada verilişlərin birində 22-23 yaşlı gənc dedi ki, müharibə haqqında roman yazıb. Dedim bala, sən müharibə görmüsən? Əminin, dayının dediklərini kitaba köçürməklə roman yazmaq olar? Gərək o hisləri yaşayasan. Mən yanmış evlərin, qaçqınlarımızın, şəhidlərimizin ağrısını yaşamışam. Bacımın əri müharibədə şəhid olub. Uşağını görməyib, mənim himayəmdə böyüyüb. Şair Zakir Fəxrinin qardaşı Kamil Sabitovu qucağımda aparıb dəfn etmişik. Mən çox şəhidi qucağıma almışam. Gərək müharibənin ağrı-acısını yaşayasan.

– Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənov Bakıda ticarət mərkəzlərindən birində fanatları ilə görüş keçirib. Minlərlə gəncin blogerlə görüşə gəlməsi hələ də müzakirə olunur. Doğrudanmı, Azərbaycan gəncləri bir telefona görə bir-birini tapdalayacaq qədər cılızlaşıb? Bəlkə baş verənlərin arxasında kənar maraqlar var?

– 100 ilin jurnalistiyəm, amma Hüseyn Həsənov adında bloger tanımıram. Mənə görə, bloger Mehman, Ata Abdullayev Azərbaycanda Hüseyndən daha məşhurdur. O, Rusiyada tanına bilər, amma bizdə kimdir onu tanıyan? Gəncləri də qınamıram.Bəlkə də gənclər “Park Bulvar”a Həsənə görə deyil, ayfona görə gediblər. Məncə gənclərimizin arasında ayfon telefonuna olan hörmət, Həsənə olan hörmətdən daha çoxdur. Hamı istəyər ki, bahalı telefonu olsun? Heç mənim də ayfon telefonum yoxdur. Bizim çox vətənpərvər gənclərimiz var. Müharibədə 3 minə yaxın şəhid verdik, 10 minə yaxın yaralımız, 100 minə yaxın müharibə veteranlarımız var. Bizim gənclər onlardır. “Park Bulvar”dakı olaya gəldikdə isə bu, təxribat da ola bilər.
Nə bilim vallah, bəlkə də Rusiya bizim nəbzimizi yoxlamaq üçün bunu təşkil edib. Bir-iki dənə ayfona görə bu qədər gənci bir yerə toplaya bilirlərsə, görün “Niva”ya görə nə qədər adamı bir yerə yığa bilərlər? Hesab edirəm ki, baş verənlərə görə, “Park Bulvar”ın rəhbərliyi məsuliyyət daşıyır. Mən “Park Bulvar”da kitab təqdimatlarında olmuşam, amma orada maksimum 100 nəfərdən artıq adam görməmişəm.