Aktual

Paşinyanın Azərbaycana cavabı ölkəni qarışdırdı – Rusiya Bakıya nə təklif edir?

Paşinyanın Azərbaycana cavabı ölkəni qarışdırdı – Rusiya Bakıya nə təklif edir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ciddi cəhdlə Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında sülh prosesinə cəhdinə mane olmaq istəyir. Moskva münaqişənin üçtərəfli formatda qalmasında maraqlıdır. Çünki Rusiyanın münaqişə ilə bağlı ənənəvi strategiyası iki tərəf arasında manevrlər edib, özünə maksimum sərf edən nəticəni ortaya çıxarmaqla sülh danışıqlarını manipulyasiya etməkdən ibarətdir.

Bu strategiya ilə Moskva həm də hər iki tərəfi özündən asılı vəziyyətə saxlamağa çalışır. Beləcə Rusiya moderatorluğu tam ələ alaraq kənardan son zamanlar münasibətlərində müəyyən irəliləyişlərin müşahidə olunduğu Ermənistan ilə Azərbaycanı yenidən qarşı-qarşıya qoyaraq vəziyyəti gərgin saxlamaqla münaqişə ocağını alovlandırmaq məqsədi güdür.

Kreml Qərbin bu məsələdəyə müdaxiləsindən olduqca narahatdır. Çünki artıq Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında iki görüş baş tutdu və müəyyən nəticələr də ortadadır. Burada bir məsələ xüsusi diqqət çəkir: Avropa İttifaqı Rusiyanın bu təzyiqlərinə təslim olmur. Buna misal olaraq Nikol Paşinyanın Moskvaya səfəri öncəsi və bu görüşdən qayıdandan sonra da Şarl Mişelin erməni baş nazirə zəng etməsini göstərmək olar. Hətta Aİ prezidenti İlham Əliyevlə son telefon danışığı zamanı da açıq bildirdi ki, biz Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və Cənubi Qafqaz regionunda davamlı sülhün təmin olunması məqsədilə səylərimizi bundan sonra da davam etdirəcəyik. Son proseslər, verilən bəyanatlar da göstərir ki, rəsmi Bakı Avropa İttifaqının bu təşəbbüslərindən məmnundur.

Paşinyanın 6 aprel Brüssel görüşündən sonra ölkəsinin parlamentində etdiyi açıqlamalardan da aydın görünür ki, o da Aİ-nin təşəbbüsünü dəstəkləyir. Burada, daha bir diqqətçəkən məsələ də var ki, Ermənistan hökuməti, mediasının da bu barədə məlumatı həcminə, məzmununa, cümlələrinə görə də Azərbaycanın məlumatları ilə tam üst-üstə düşür. Demək ki, hər iki ölkə arasında, pozucu qüvvələrin prosesi fərqli yoza bilməməsi üçün hətta bəyanatlar və məlumatları da, razılaşdırılmış sinxron yaymaq detalları barədə artıq razılıq var.

 

Amma Moskva səfərindən sonra da Paşinyan Kremlin ciddi təzyiqi altındadır. Biz bunu həm də son günlər İrəvan küçələrində keçmiş “Qarabağ klanı”nın rəhbərliyi ilə Paşinyan əleyhinə təşkil olunan etiraz aksiyalarından, onun postundan istefa verməsi tələblərindən aydın sezə bilirik.

Amma Kreml bu təzyiqi təkcə Ermənistana etmir, bunu dolayı yolla Bakıya da etməyə çalışır.

Lakin Moskva bunu İrəvana qarşı etdiyi kimi – açıq aqresiya formasının eynisini Bakıya edə bilmir. Avropa İttifaqı tərəfdən ədalətli və tərəfsiz yanaşma-prinsiplər üzərində təşkil edilən Brüssel razılaşmasından sonra, Rusiya da Azərbaycan-Ermənistan arası anlaşma və sülhün baş tutmasında çox həvəsli görüntüsünü yaratmağa çalışır. Bu istiqamətdə fəal təşəbbüs göstərdiyi təəssüratı yaratmaq istəyən Moskva yenidən Azərbaycanı inandırmağa çalışır ki, sülh üçün ən ideal vasitəçi məhz mənəm.

Son iki gündə Kremlin Bakıya diplomatlarını yollaması (İki gün əvvəl Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya gələrək Prezident İlham Əliyevlə görüşdü. Dünən isə dövlət başçısı Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib – red.) Rusiyanın Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında moderatorluq “fəaliyyətini” itirməmək üçün ciddi cəhdi, “yumşaq təyziqi” kimi dəyərləndirilə bilər. Ümumi mənzərə deməyə əsas verir ki, hazırda Cənubi Qafqaz regionunda Qərblə Rusiya arasında çox ciddi soyuq savaş başlayıb, özü də heç vaxt olmadığı qədər.

Bir neçə gün öncə Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərməsi faktını qeyd edə bilərik. Şübhəsiz ki, Ermənistanın diversiya qrupunun dövlət sərhədinin Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən hissəsində təxribat törətməyə cəhd göstərməsi təsadüf bir məsələ deyil. Bu, təbii ki, öncədən planlaşdırılmış, xüsusən də iki ölkənin sərhədlərinin delimitasiyası və sülh prosesi ilə bağlı Brüsseldə əldə olunmuş razılaşmada nəzərdə tutulmuş razılıqların icrasına mane olmaq məqsədilə yönəlmiş təxribat idi.

Bəs tərəflər artıq üçüncü qüvvənin sülh üçün moderatorluğuna ehtiyac duyurmu?! Bu məsələ də ATƏT-in Minsk Qrupu kimi tarixin yaddaşına köçəcək kimi görünür. Brüssel görüşündən sonra İrəvanla Bakının ikitərəfli təmasları, müəyyən məsələləri öz aralarında heç bir vasitəçinin iştirakı olmadan razılaşdırması deməyə əsas verir ki, Azərbaycan kimi Ermənistan höküməti də artıq tez bir zamanda bu məsələni ikili dioloq nəticəsində həll etməkdə maraqlıdır.

Bir neçə gün əvvəl Xarici İşlər Nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasındakı telefon danışığı zamanı Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiya və təhlükəsizliyi üzrə yaradılacaq birgə komissiyanın strukturunun razılıaşdırılması görünür Kremlin aldadıldığını düşünməyinə səbəb olub. Çünki bu telefon danışığı və sözügedən məsələlərlə bağlı iki ölkə arasında nəticənin əldə olunması məhz Nikol Paşinyanın Moskva səfərindən sonra baş tutdu. Elə bunun səbəbidir ki, Rusiya Ermənistanda siyasi vəziyyəti idarə etmək üçün hələ də funksionerliyini etdiyi “Qarabağ klanı”nı yenidən meydanlara çıxarıb.

Lakin proseslər göstərir ki, artıq Ermənistanın hazırki höküməti Rusiyanın orbitindən çıxmaq üçün bu və ya digər yollarla sona qədər dirəniş görsətməkdə qərarlıdır. İrəvan anlayır ki, Avropa İttifaqı bu məsələdə rəsmi Bakının təqdim etdiyi 5 maddəlik sülh təklifini ideal hesab edir və başqa seçimləri yoxdur, digər yandan isə sözügedən fürsət Ermənistan üçün sonuncu şansdır. Azərbaycan və Ermənistan rəsmilərinin təmasları ilə bağlı son məlumatlardan da aydın olur ki, iki ölkə liderinin Brüssel görüşündə razılaşması üzrə ölkələr arasında mövcud problemlərin həlli və yekun sülh müqaviləsinə doğru ciddi yanaşılma, real addımlar sürətlə davam edir.

Çünki Azərbaycan Prezidenti Şuşaya son səfəri zamanı Ermənistan rəhbərliyinə 44 günlük müharibənin qaldığı yerdən davam etmək ehtimalı ilə bağlı çox dolğun və yekun mesajını verdi. Paşinyan və komandası artıq  nalayır ki, Ermənistanın münaqişənin tərəfi kimi qalması Azərbaycanın ərazi bütövlüyünün tanınmasının İrəvan tərəfindən qəbul edilməməsi mənasına gəlir. Belə olacağı təqdirdə isə yenə son sözü Vətən müharibəsində olduğu kimi Azərbaycan əsgəri deməli olacaq.

Bəs Ermənistan bu savaşa hazırdırmı? 

Prezident İlham Əliyevin aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı zamanı Ermənistan rəhbərliyinə və revanşist qüvvələrə verdiyi son mesaj (“İlyarım ərzində ordu quruculuğu sahəsində çox böyük işlər görüldü. Bu işlərin bir hissəsi ictimaiyyətə təqdim edildi, bir hissəsi, əlbəttə ki, təqdim edilə bilməz. Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Həm döyüş qabiliyyəti, həm milli ruh, həm mənəvi ruh, silah-sursat, texnika, yeni döyüşkən hərbi birləşmələrin yaradılması – bütün bunları biz məhz ona görə edirik ki, erməni faşizminin hələ də təzahürləri var və biz hər an erməni faşizmini, – əgər bir daha baş qaldırsa, – əzməyə hazır olmalıyıq və hazırıq. Ermənistan bunu yaxşı bilir, yaxşı başa düşür və heç vaxt bunu unutmamalıdır” – red.) vəziyyətin Bakının istədiyi məcrada irəliləməsi üçün çox önəmli çıxış idi.

İrəvanın Bakı ilə münasibətləri normallaşdırmaq üçün ikitərəfli formata artıq önəm vermək görüntüsünün arxasında da məhz Azərbaycan liderinin informasiya savaşındakı önəmli qərarları, bəyanatları rol oynamağa başlayıb. Çünki artıq yaxın keçmişdə – il yarım əvvəl bütün Ermənistan şahidi oldu ki, Azərbaycan Prezidenti bütün təzyiqlərə rəğmən sözünün arxasında durmağı bacarır və məqsədinə nail olmaq üçün gərəkən addımları atır.