Dövlət Sərhəd Xidmətinin (DSX) əməliyyat-axtarış orqanları tərəfindən keçirilmiş uğurlu əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıblar. Bu barədə Oxu24.com-a DSX-in Mətbuat Mərkəzindən məlumat verilib. Belə ki, iyul ayının 21-də DSX-in Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə gizlədilən 4 bağlama aşkar olunub. Dərhal bağlamaların aşkar olunduğu ərazi tam qapadılıb, mümkün hərəkət marşrutları nəzarətə götürülüb, həmin istiqamətdə əlavə sərhəd naryadlarının xidməti təşkil olunub. Tutulan şəxslərin şəxsiyyəti araşdırılıb, işğaldan azad olunmuş sərhədyanı ərazilərin minalardan təmizlənilməsi tapşırığını yerinə yetirən DSX-nin müddətdən artıq hərbi qulluqçuları olmaları müəyyən edilib. Fakt üzrə həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin təşlikatçısı olan Azərbaycan vətəndaşı – Bərdə rayon sakini, 1998-ci il təvəllüdlü Xəlili Hikmət Həsən oğlu saxlanılıb. Hadisə yerində götürülən bağlamalarda ümumi çəkisi 95 kq 700 qram olan narkotik vasitəyə (87 kq 700 qram marixuana, 7 kq 600 qram heroin, 400 qram metamfetamin) və psixotrop tərkibli dərmanlara (“Metadon-40” 1980 həb və “Preqobalin-150” 12465 həb) bənzər maddələrin olması müəyyənləşdirilib. Cinayət hadisəsinin digər iştirakçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Azərbaycan Baş Prokurorluğu və DSX tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Follow @7timesaz