“ABŞ dövlət katibi Antoni Blinkenin Ceyhun Bayramovla Ararat Mirzoyanı görüşdürməsi Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində ABŞ-ın rolunu qabartmaqdır”.
Bunu Sfera-az açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. O qeyd edib ki, sərhəddəki genişmiqyaslı döyüşlərdən sonra ortaya çıxan düyünlərin açılmasında ABŞ-ın təşəbbüskarlığı daha çox regionda Rusiyanın təsirini azaltmağa hesablanıb:
“ABŞ-ın dünya hegemonluğu dalğasının Cənubi Qafqaza keçidinin qarşısında Rusiya dayanır, Vaşinqton isə ehtiyat edir ki, Moskva dominantlığını Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində saxlamağı bacaracaq. ABŞ qlobal düzənin Cənubi Qafqaz teatrında hegemonluq taxtı qura bilməyib. Yaranan boşluğu isə onun rəqibi olan Rusiya hərbi-siyasi iştirak sferasında, digər “düşməni” Çin isə regional iqtisadi layihələrdə doldurmağa can atır. Rusiya Cənubi Qafqaza özünün müstəsna təsir dairəsi kimi baxmaqda prinsipialdır, məsuliyyət dərəcəsinin bölüşdürülməsi və üzərindəki yükü azaltmaq üçün isə Türkiyə ilə birgə maraqların formalaşmasına çalışır. ABŞ da geosiyasi məqsədlər üçün “dinc dayanmır”, Rusiyanın Ukraynadakı bəzi hərbi-siyasi uğursuzluqlar kompleksini özünün canlanması üçün fürsətlərə çevirmək üçün Cənubi Qafqaza dair hansısa yeni plan hazırlayıb. Bu ölkə Rusiyaya qarşı səyləri gücləndirmək kampaniyasında Türkiyəni öz tərəfində tutmaq niyyətindədir, amma yürütdüyü siyasət Ankaranı Moskva ilə yaxınlaşdırır”.
Ekspert bildirib ki, ABŞ-ın Cənubi Qafqaz siyasətində iddialı gündəlik formalaşdırmasının səbəbləri sırasında onun Gürcüstanı da əldən buraxmamaq məqsədi dayanır:
“Çünki Kreml maraqlarının sıxışdırılmasına cavab olaraq ABŞ-a qarşı “Gürcüstan kartı”nı oynaya bilər. Azərbaycan öz ordusunu gücləndirməklə və Ermənistana qarşı hərbi əməliyyatlar ssenarisini masada saxlamaqla Rusiya və Qərb arasındakı tarazlığı faydalı nəticələr hasil olunmasına yönəltməyə çalışacaq. Bakının balans siyasəti o məna vermir etmir ki, özünün təhlükəsizlik maraqlarını balansın tərəfindəki uclara qurban verəcək”.
Follow @7timesaz