Dünya

KREMLIN SƏFƏRBƏRLİK VƏ REFERENDUM AQONİYASI – Putin son “kozırlar”ını da işə salır

KREMLIN SƏFƏRBƏRLİK VƏ REFERENDUM AQONİYASI – Putin son “kozırlar”ını da işə salırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görünür, Rusiya ordusunun Xarkov istiqamətindəkli acı məğlubiyyəti Kremli təcili olaraq, hansısa radikal addımlar atmağa və vəziyyəti düzəltmək üçün daha aqressiv qərarlar verməyə vadar edib.

Bütün bunlar onu göstərir ki, Kreml məğlubiyyət aqoniyası içərisindədir. Ölkədə səfərbərlik elan edilməsi və işğal olunmuş Ukrayna ərazilərində artıq sentyabrın 23-27 aralığında “referendum” keçirilməsi qərarı da bundan irəli gəlir.

Hansı ki, işğal edilmiş və aktiv döyüşlər gedən ərazilərdə referendum, seçki və hər hansı digər səsvermə keçirilməsi ümumiyətlə, heç bir beynəlxalq norma və qanunvericiliyə uyğun gəlmir və bu cür səsvermələrin nəticələri heç kim tərəfindən tanına bilməz. Ancaq Rusiyanın uzun illərdən bəri beynəlxalq hüquqa münasibəti yaxşı bəllidir, Ukraynaya qarşı işğalçılıq müharibəsinə başladıqdan sonra isə onun ümumiyyətlə hüquq adlı məfhum tanımadığı ortaya qoyuldu.

Lakin məsələ ondadır ki, Kremlin qondarma yerli administrasiyalar vasitəsilə keçirməyi planlaşdırdığı saxta referendumu texniki baxımdan da təşkil etmək olduqca çətindir. Həmin ərazilərdə aktiv döyüşlər gedir və belə ərazilərdə insanların kütləvi toplaşması böyük insan itkilərinə, tələfatlara yol aça bilər. Eyni zamanda, bəlli məsələdir ki, Zaporojye və Xerson kimi vilayətlərdə yaşayan əhalinin heç 10 faizi də Rusiyaya birləşməyin tərəfdarı deyil. 

 

 

Ancaq Rusiyanın təcrübəsində səsvermələrin saxtalaşdırılması adi haldır və bu dəfə də eyni “üsul”dan istifadə ediləcəyi şübhəsizdir. Burada bir məqam da var. Məsələ ondadır ki, Rusiyaya birləşməyə dair “referendum” keçirilməsi planlaşdırılan vilayətlərin heç birinin ərazisinə Rusiya tam nəzarət edə bilmir. Məsələn, Zaporojye və Donetsk vilayətlərinin cəmi 64-65 faizi işğal altındadır. Rusların bir müddət əvvəl tam işğal etdiklərilə öyündükləri Luqansk vilayətinin də müəyyən hissəsi son Xarkov əməliyyatından sonra Ukraynanın nəzarəti altına alınıb.

Belədə bir sual da açıq qalır ki, “referendum”un nəticələri hansı ərazilərə şamil ediləcək? Axı həmin vilayətlərin böyük ərazilərinə Rusiya nəzarət etmir. Yeri gəlmişkən, onu da xatırladaq ki, Zelenski hələ “referendum” məsələsi ortaya atılan ilk vaxtlarda işğal olunmuş ərazilərdə səsvermə keçirilməsinin rəsmi Kiyev üçün “qırmızı xətt” sayılacağını demişdi və bildirmişdi ki, həmin andan sonra Rusiya ilə hər hansı danışıqlardan söhbət gedə bilməz. 

 

 

Belə görünür ki, Kreml onsuz da əli güclənən Ukrayna hakimiyyətinin rus ordusu bütövlükdə Ukrayna torpaqlarından qovulmayana qədər danışıqlar masasına oturmaq niyyətində olmadığını anlaylıb. Ona görə də belə radikal addıma getməyə məcbur olub.

Ancaq bunun Rusiyaya nə verəcəyi də qaranlıq qalır. Doğrudur, həmin ərazilərin Rusiyaya birləşdirilməsi o deməkdir ki, Ukrayna bu əraziləri işğaldan azad etmək istərkən, guya Rusiya ərazilərinə müdaxilə etmiş olur. Bu isə Dmitri Medvedevin sərsəm açıqlamalarında deyildiyi kimi, nüvə silahının tətbiqi də daxil olmaqla istənilən vasitələrə əl atmağa yol açır. Son müraciətində Putin də bu isterik tezisləri təkrarladı. Lakin nüvə silahının atılmasının təkcə Kremldəki hakimiyyət yox, bütünlükdə dövlət kimi Rusiyanın varlığını sual altına alacağı da heç bir şübhə doğurmur.

 

 

Odur ki, əksər analitiklər məlum “referendum”un praktiki baxımdan Rusiyaya hansısa ciddi üstünlük qazandırmayacağı, onun özünütəcrid prosesini, həm siyasi, həm iqtisadi, həm də hərbi çöküşünü sürətləndirəcəyi qənaətindədirlər.

Səfərbərlik qərarına gəlincə, ordunun ən peşəkar hissəsini Ukrayna çöllərində məhv edəndən, xüsusilə orta və kiçik zabit heyətinin böyük qisminin sıradan çıxarılmasından, eləcə də silahlı qüvvələrdəki mənəvi mühit çökəndən sonra səfərbərlik keçirməyin elə bir mənası qalmır. Hamı bilir ki, Kreml zatən indiyə kimi nə qədər mümkündürsə, peşəkar hərbçilərini toplayıb, döyüşə atmışdı. İndi isə Putinin dediyi “qismən səfərbərlik” sayəsində toplanacaq Rusiya vətəndaşlarının böyük qismi peşəkar hərbçi deyil və onların döyüş təcrübəsi yoxdur.

 

 

Məlum olduğu kimi, bir neçə həftə əvvəl gizli səfərbərlik və muzdlu döyüşçülərin yığılması vasitəsilə Rusiyada Üçüncü Ordu Birləşməsi yaradılmışdı. Qısa müddət sonra həmin birləşmə Ukraynaya göndərildi. Onun azı 15 min döyüşçüdən ibarət olması nəzərdə tutulsa da, bu birləşmənin sıralarına 10 min nəfərdən bir qədər artıq adam toplamaq mümkün oldu. 

Həmin vaxt Rusiya rəhbərliyi gözləyirdi ki, bu qoşunun Ukraynaya girişindən sonra cəbhədə vəziyyət rusların xeyrinə dəyişəcək. Lakin hər şey əksinə oldu və Ukrayna Ordusu gözlənilməz əks hücumla 4-5 gün ərzində 6 aya işğal olunmuş Xarkov vilayətinin ərazilərini bütünlüklə işğalçılardan azad etdi. Nəticədə rus ordusu hərbi texnika və silah-sursatla yanaşı, əsir düşənlər, yaralananlar və həlak olanlar şəklində minlərlə döyüşçü itirdi.

Bu, o deməkdir ki, qeyri-peşəkar, heç bir motivasiyası olmayan, nə üçün döyüşdüyünü bilməyən və döyüş təcrübəsinə malik olmayan vətəndaşların Ukraynaya göndərilməsi heç bir müsbət effekt verə bilməz və bu, Rusiyanın öz vətəndaşlarının qətliamından başqa bir şey deyil. Bununla da sadəcə, ölü, yaralı və əsir düşənlərin sayı çoxala bilər.

Rusiya ordusunda döyüşdən imtina edənlərin, könüllü şəkildə əsir düşənlərin, cəbhədən qaçanların sayı günbəgün artır. Buna görə də ötən gün Rusiya Duması Cinayət Məcəlləsinə əsir düşməyə, fərariliyə, səfərbərlikdən və döyüşdən imtina etməyə görə ağır cəzalar nəzərdə tutan dəyişiklikləri tez-tələsik qəbul edib. Lakin bunun da orduda gedən çöküş prosesinin qarşısını alacağı inandırıcı görünmür…

Əksər analitiklər Rusiyada səfərbərliyin elan edilməsinin Putin hakimiyyətinin sonunu tezləşdirəcəyi qənaətində olublar və bu gün də həmin fikirlərində qalırlar. Bunu Kremldə də anladıqları üçün mümkün qədər səfərbərliyə getməməyə çalışırdılar.

Lakin görünür, artıq Ukrayna cəbhəsində “bıçaq sümüyə dirənib”. Ukraynadakı vəziyyətlə bağlı bu günlərdə danışan məşhur polkovnik İqor Strelkov demişdi ki, Xarkovdakı məğlubiyyət kimi daha bir-iki məğlubiyyətdən sonra nə rus ordusundan, nə də Kremldəki hakimiyyətdən əsər-əlamət qalmayacaq. Çox doğru proqnoz və qənaətdir. Yəqin, elə buna görə də Rusiyanın iri şəhərlərində səfərbərlik keçirməklə Putin onun üçün ən müqəddəs saydığı məfhumu – öz hakimiyyətini təhlükə altına almaq məcburiyyətində qalıb. 

“AzPolitika.info”