Dünya

“RUSİYA VARİANTI” GÜNDƏMDƏN ÇIXIR – Azərbaycan Gürcüstanın vasitəçiliyini təklif etdi…

“RUSİYA VARİANTI” GÜNDƏMDƏN ÇIXIR – Azərbaycan Gürcüstanın vasitəçiliyini təklif etdi…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki həftədən sonra Azərbaycanın Ermənistan üzərində zəfər qazandığı 44 günlük müharibənin bitməsinin iki ili tamam olacaq. Zaman ölçüsü kifayət qədər böyük olsa da, bu müddət ərzində münaqişənin tam həlli, sülh sazişinin imzalanması üçün çox az məsafə qət edilib. 10 noyabr üçtərəfli atəşkəs bəyanatının xeyli maddələri də icra edilməmiş qalır.

Qarabağda – Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında cinayətkar qruplaşma, hərbi xunta fəaliyyət göstərir. Ermənistan ordusunun bir hissəsi onların sərəncamındadır, Laçın yoluna Azərbaycanın nəzarəti təmin olunmayıb, Zəngəzur dəhlizi açılmayıb. Qısası, nə Moskva, nə də İrəvan üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirib.

Rusiya ötən illərdə liderlərin bir neçə görüşünü keçirməklə kifayətləndi, qəbul edilən birgə bəyanatlar kağız üzərində qaldı, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı yaradılan komissiya da əməli bir iş görmədi.

 

 

Amma Qarabağda yerləşdirilən Rusiya sülhməramlıları öz mandatlarına dəxli olmayan bir çox fəaliyyətlərə baş vurdu. Bu qəbildən Xankəndindəki qondarma rejimlə birbaşa təmasları, rus icmasının formalaşdırılması cəhdlərini, Laçın dəhlizindən qanunsuz silahlı dəstələrin rotasiyasına, onların silah, hərbi texnika, ərzaq təminatının həyata keçirilməsinə şərait yaradılmasını göstərmək olar.

Ötən iki ildə Rusiyanın münaqişənin həlli ilə bağlı müəyyən diplomatik hərəkətliliyi ancaq Qərbin regionda fəallaşmasına bağlı olub. Ötən ilin dekabrından başlayaraq Avropa İttifaqının Azərbaycan və Ermənistan liderlərinin görüşlərini təşkil etməsi, müzakirə ortamı yaratması, tərəflərə milyardlarla avro iqtisadi yardım ayırması Moskvanı qıcıqlandırdı. Biz Rusiyadan bunun qarşılığı olaraq ancaq prosesi pozacaq əks bəyanatlar, Qarabağda və başqa ərazilərdə təxribat cəhdləri gördük. Rusiya rəhbərləri Azərbaycan və Ermənistan arasında sülh sazişindən danışmır, əksinə iki ölkə arasındakı bütün problemlər üzrə yeganə moderator olmağa cəhd etməklə münaqişəli vəziyyətin dondurulmasına çalışır.

Təbii ki, Moskvanın kaprizləri və region ölkələrinin tələblərini öz maraqları çərçivəsində manipulyasiya etməsi dözülməz vəziyyət yaradıb və Qərb də yaranmış vəziyyətdən istifadə etməyə çalışır.

İlk cəhdlərdən biri ötən ilin iyununda Gürcüstanın vasitəçiliyi ilə 15 erməni diversantın mina xəritələri ilə dəyişdirilməsi əməliyyatı uğurlu oldu və dalana dirənmiş prosesdə canlanma yarandı. Amma Kreml dərhal müdaxilə etdi, Rusiya XİN Qərbin ünvanına sərt ittihamlar səsləndirməklə münaqişə tərəflərinə açıq təzyiq göstərdi.

Qeyd edək ki, Tiflisin vasitəçilik missiyası əslində ABŞ Dövlət Departamentinin tövsiyəsi ilə həyata keçirilib. Qərb regionda durumun normallaşdırılması üçün münaqişənin Rusiyanın inhisarından çıxarmaq planını işə salmışdı və Avropa İttifaqının təşəbbüsü ilə keçirilən görüşləri bu kontekstdə uğurlu saymaq olar. Çünki Brüsseldə Ermənistana açıq mesaj verildi ki, Qarabağ heç vaxt Azərbaycandan ayrılmayacaq, status məsələsi də mümkün deyil. Baş nazir Paşinyan da bu reallığı Ermənistan ictimaiyyətinə, o cümlədən Qarabağdakı separatçıların başçılarına çatdırıb.

Qərbin bu mövqeyi Paşinyan iqtidarını qane edir, amma Rusiyanın Ermənistandakı təsir rıçaqları ona mane olur, ötən iki ildə bu rıçaqlar dəfələrlə İrəvanda siyasi böhrana gətirib çıxarıb. Amma Ukraynadakı ağır məğlubiyyətin, Qərbin sanksiyalarla küncə sıxdığı Rusiyanın qolları yavaş-yavaş boşalır və Azərbaycan və Ermənistan bu fürsətdən yararlanmağa çalışır.

Prezident İlham Əliyevin oktyabrın 24-də Tiflisdə gələcəkdə Gürcüstan, Azərbaycan və Ermənistan arasında üçtərəfli məsləhətləşmələrin başlanması məsələsini gündəmə gətirməsi diqqətə layiqdir. Dövlət başçısı Azərbaycanın buna hazır olduğunu bildirərək əlavə edib: “Qarabağ münaqişəsi başa çatdı və Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalamaq vaxtı yetişdi. Niyyətimiz budur. Biz 5 əsas prinsipdən ibarət təklifimizi Ermənistan tərəfinə təqdim etmişik. İnanırıq ki, Ermənistan həm də beynəlxalq ictimaiyyət tərəfindən tanınan bu əsas prinsiplər əsasında siyasi iradə nümayiş etdirəcək və sülh müqaviləsini bağlayacaq. Bununla Cənubi Qafqaza sülh gələcək və əməkdaşlıq imkanları yaranacaq. Biz Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlanması ilə bağlı da fikir mübadiləsi apardıq. Ermənistan tərəfi də buna razıdırsa, biz hazırıq”.

 

 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də çıxışında Azərbaycan Prezidenti ilə regiondakı vəziyyəti, Azərbaycan və Ermənistan arasındakı görüşləri və sülh prosesini müzakirə etdiklərini söyləyərək “Mən və hökumətimiz Azərbaycan və Ermənistan arasında sülhün qorunması üçün əlimizdən gələni edəcəyik”, deyib.

Bu açılamaya il reaksiya ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnandan gəlib. O bəyan edib ki, İlham Əliyevin Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə dair bəyanatı çox müsbət və ümidvericidir: “Gürcüstanın vasitəçi roluna gəlincə, biz bir il əvvəl Azərbaycan-Ermənistan münaqişəsindən sonra müəyyən addımların atıldığını və məhbusların azad edilməsində Gürcüstanın oynadığını rolu çox yaxşı xatırlayırıq. Bu, Gürcüstanın bu prosesdə uğurlu vasitəçilik hekayəsi idi…”

Prezident İlham Əliyevin Tiflisə işgüzar səfərinin indiki zamanda gerçəkləşdirilməsi də təsadüfi deyil. Rusiya Prezidenti V.Putin Azərbaycan və Ermənistan liderlərini görüşə dəvət edib, bundan əvvəl Rusiya dövlət mediası “Dağlıq Qarabağ Respublikası” təbliğatına start verib, milyarder Ruben Vardanyan Xankəndinə “baş nazir” göndərilib, Qarabağda “3000 nəfərlik rus icması” haqqında tezislər dövriyəyə buraxılıb və bu təxribatlara cavab olaraq Azərbaycan Rusiyaya nota verib. Ermənistan isə Avropa İttifaqının müşahidəçilərini öz sərhədlərinə gətirib, amma KTMT missiyasının ölkəyə girişinə icazə verməyib.

Göründüyü kimi, Rusiyanın münaqişədən istifadə etməklə ancaq öz maraqlarını qorumağa çalışması Bakı və İrəvanın səbr kasasını daşırıb. Hər iki tərəf sülh istəyir, Paşinyan hökumətinin bəzi manevrələrini ciddiyə almasaq, Rusiyasız sülh danışıqlarının perspektivi yox deyil…

“AzPolitika.info”