Gündəm

“Gecələr zəlzələ bölgəsinə gəlib talan edirlər”– Hasan Oktay

“Gecələr zəlzələ bölgəsinə gəlib talan edirlər”- Hasan Oktaybackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 6-da Türkiyədə ard-arda baş verən dəhşətli zəlzələlərin ardından sosial mediada dəfələrlə zəlzələ bölgəsində suriyalı qaçqınların bölgəni talan etməsi görüntüləri yayılıb. Bu görüntülər bir çox Türkiyə vətəndaşı tərəfindən qəzəblə qarşılanıb.

Mövzu ilə bağlı 7Times.az-a danışan türkiyəli  mütəxəssis, Türkiyədəki Qafqaz Strateji Araştırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay bildirib ki, zəlzələ zamanı bəzi hadisələrin baş verməsi bütün suriyalıları günahlandırmağı zəruri etmir:

“Biz dünyanın ən böyük zəlzələ fəlakətlərindən birini yaşayırıq və ölənlərin sayı 100.000-i keçəcəyi görünür. 3000 km² coğrafiyada 14 milyon sakinə birbaşa təsir edən bu zəlzələ zamanı biz bəzən xoşagəlməz mənzərələrlə qarşılaşırıq. 1999-cu ildə Gölcük zəlzələsində də oxşar hadisələr baş vermişdi, lakin biz bunun daha kiçik miqyasda olduğunu görmüşdük. 1999-cu il zəlzələsi ilə fevralın 6-da baş verən zəlzələ arasında çoxlu oxşarlıqlar olsa da, son zəlzələ ardıcıl iki böyük miqyasda olduğundan daha böyük bir əraziyə təsir etdi. Suriya müharibəsi zamanı Türkiyəyə gələn 5 milyona yaxın suriyalının əksəriyyəti zəlzələnin baş verdiyi ərazi və onun ətrafında məskunlaşdığından, zəlzələ zamanı bəzi hadisələrin baş verməsi bütün suriyalıları günahlandırmağı zəruri etmir. Zəlzələdə suriyalılar da həlak oldular və ikinci böyük fəlakətlə üz-üzə qaldıqlarından psixoloji sahiblik hissi ilə bölgəni talan etməyə cəhd etdikləri görüldü. Bundan əlavə, Suriyadakı ictimai nizamla Türkiyədəki ictimai nizam eyni olmadığı üçün Suriyada özbaşına insanların sayı həddindən artıq çoxdur və onların əksəriyyəti Türkiyəyə gəldiklərindən bu müdət ərzində əxlaqlı, namuslu kimi mədəniyyətimizin önəmli sözləri çərçivəsində hərəkət etmələri mümkün görünmür.”

Hasan Oktayın sözlərinə görə, bölgəni qarət edənlər təkcə Suriya vətəndaşları deyil, həm də ətraf əyalətlərdən bölgəyə gələnlər də olub:

“Bundan başqa, ətraf əyalətlərdən bölgəyə qarət məqəsdi ilə gələnlərin də olduğunu müşahidə edirik. Dağıntılar altında insanlarla yanaşı, onların qiymətli əşyaları qızıl, pul və s. olduğundan talançıların ən asan çatdıqları şey bunlardır. Bu səbəbdən onlar ilk növbədə, xüsusən gecələr bögəyə gəlib qarət etməyə çalışırlar. Bu zəlzələdə geniş əraziyə təsir etdiyi və təhlükəsizlik funksiyalarının əhəmiyyətli bir hissəsinə ciddi ziyan dəydiyi üçün hazırda polis tərəfindən hər hansı tədbir görülməsi mümkün görünmür. Vətəndaşlar öz ehtiyat tədbirlərini görərək talançılara qarşı mübarizə aparmağa çalışırlar. Burada ən böyük problem zəlzələ baş verən kimi hərbçilərin bölgəyə göndərilməməsidir. Hakimiyyət üçün üstünlükləri və mənfi cəhətləri var, amma daha çox mənfi cəhətləri müzakirə olunacaq, çünki türk milləti bir ordu millətidir, və ordu təkcə xaricə deyil, böyük fəlakətlərə qarşı daxildə mübarizə aparmaq üçün formalaşmış bir quruluşdur. Bu zəlzələ, ictimai asayiş və təhlükəsizlik problemlərindən, təşkilati uğursuzluqdan, xilasetmə qruplarının yetərsiz olmasından və bir çox dağıntılara müdaxilə edilməməsindən qaynaqlanan fürsətçilər üçün yaxşı bir mühit yaratdı.”

Onun sözlərinə görə, zəlzələ zamanı təşkilatların ehtiyatsızlığı ölü sayının çoxalmasına səbəb olub:

“Zəlzələ dedikdə ağıla ilk olaraq Qızıl Aypara və Diyanət İşləri Başçılığı gəlir. Onlar mütəşəkkil şəkildə meydançada çadır və mətbəx hazırlayır, əsgərlər də dağıntılar altında qalan vətəndaşı xilas etmək üçün həm dağıntılara müdaxilə edir, həm də təhlükəsizliyi təmin edirdi. Bu prosesdə həm Qızıl Aypara, həm də hərbçilər kənarda qaldılar. AFAD  adlı yeni təşkilat isə bu zəlzələ prosesini idarə edə bilmədi və etinasızlıq ucbatından xeyli insan dağıntılar altında öldü.Təbii ki, bu vəziyyət bütün başıboş qrupları, xüsusilə də suriyalıları bölgəyə cəlb etdi və talan, oğurluq, qarət kimi arzuolunmaz mənzərələrlə üzləşməyimizə səbəb oldu.”

7Times.az