Redaksiyanın seçimi

Dünyanın düzənini dəyişən müharibənin bir ili – Ən vacib məqamlar

Dünyanın düzənini dəyişən müharibənin bir ili – Ən vacib məqamlarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı hücuma başlamasının birinci ildönümü tamam olur. Bir il keçməsinə baxmayaraq, minlərlə mülki insanın həyatına son qoyan qanlı müharibənin tezliklə bitəcəyinə ümidlər hər keçən gün azalır.

 

7Times.az  İkinci Dünya Müharibəsindən sonra Avropada baş verən ən böyük savaşın əsas hadisələrini diqqətə çatdırır:

 

İşğalın başlaması

 

2022-ci il fevralın 24-ü səhər saatlarında Rusiya Prezidenti Vladimir Putin ordusunun Kiyevi “demilitarizasiya” və “denazifikasiya” etmək, “millətçilərdən təmizləmək” və “Qərbin təxribatını dayandırmaq” bəhanəsi ilə Ukraynaya şimaldan, şərqdən və cənubdan hücuma başladığını elan edib. Putin Ukraynanın işğalını “xüsusi hərbi əməliyyat” adlandırıb. Rusiyada “müharibə” terminindən istifadə edənlər cəzalandırılıb.

 

Ruslar Kiyevdən geri qayıdır

 

Müharibənin ilk mərhələsində Rusiya paytaxt Kiyevi ələ keçirməyə cəhd etdi. Bunun üçün paytaxtın şimalındakı Antonov aerodromuna desant endirildi və şəhərin yaxınlığına onlarla kilometr uzunluğunda hərbi texnikalardan ibarət karvan göndərildi. Lakin aerodroma enən rus paraşütçülər və desant qrupları məhv edildi, rusların texnika karvanı sıradan çıxarıldı. Rusiya ordusu Kiyevdən geri çəkilməyə məcbur oldu.

 

Dəhşətli hərbi cinayətlər

 

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının məlumatına görə, Rusiya qüvvələri işğalın ilk günlərində azı 441 ukraynalı mülki vətəndaşı qətlə yetirib. Rus hərbçilər Çerniqov, Sumı və Kiyev vilayətlərini, ən dəhşətlisi isə Buça şəhərini tərk edərkən çoxlu sayda mülki şəxsi öldürüb. Kreml qətllərdə Rusiya ordusunun iştirakını inkar edib və öldürülən şəxslərin görüntülərinin saxta olduğunu bildirib.

 

Rusiya müharibədə dəyişiklik edir

 

Mart ayında artıq Kiyevi ələ keçirə bilməyəcəyini başa düşən Moskva “əməliyyat planında” dəyişiklik etdi. Rusiya rəsmiləri bildirdi ki, “xüsusi hərbi əməliyyat”ın məqsədi Donbas bölgəsini “azad” etməkdir. Rusiya bu mərhələdə ağır itkilər hesabına bir sıra uğurlar əldə etdi. Aprelin 14-də Ukrayna ordusunun Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı olan “Moskva” kreyserini vurması Kiyevin əhval-ruhiyyəsini artırdı.

 

Mariupol müdafiəçiləri təslim olur

 

Qırmızı Xaç Cəmiyyətinin “cəhənnəm” adlandırdığı Mariupol üç aylıq mühasirədən sonra Rusiyaya təslim oldu. Qara dənizin əsas liman şəhəri olan Mariupol Rusiya tərəfindən ağır mühasirəyə alındı, hər gün bombalandı, yüzlərlə insan həlak oldu. Mühasirə nəhəng Azovstal polad zavodunun içərisində gizlənmiş son ukraynalı müdafiəçilərin təslim olması ilə başa çatdı.

 

Qərb silah yardımını artırır, Ukrayna əks-hücuma keçir

 

Müharibə davam etdikcə, ABŞ və Avropa ölkələri Ukraynaya daha güclü və daha uzun mənzilli silahlar verməyə başladı və Rusiyaya qarşı ağır sanksiyalar tətbiq etməyə davam etdi. Avqust ayında daha yaxşı silahlara sahib olan Ukrayna Krımın yeganə quru qapısı olan Xerson ətrafında əks-hücuma keçdi. Kiyev Rusiyanın təchizat xətlərinə, sursat anbarlarına və hətta Krımdakı Saki aviabazasına zərbələr endirdi. Sentyabrın əvvəlində Ukrayna qüvvələri Xarkov vilayətində nailiyyətlər qazandı.

 

Xerson azad edilir

 

Rusiya noyabrın 9-da Xersonu tərk etməyə başladı. Yerli sakinlər Ukrayna qüvvələrinin geri qayıtmasına sevinirdi, buna baxmayaraq şəhər hələ də Rusiya atəşinə məruz qalır. Xerson vilayəti Putinin Rusiyaya “əbədi” daxil olduğunu elan etdiyi dörd bölgədən biri idi.

 

İran dövriyyəyə girir, Ukrayna qaranlığa qərq olur

 

Ötən ilin payız aylarından başlayaraq Rusiya İrandan aldığı pilotsuz uçuş aparatları və raketləri ilə Ukraynanın enerji infrasturukturuna zərbələr endirir. Enerji obyektlərinin vurulması nəticəsində Ukraynanın müxtəlif bölgələrində ciddi elektrik kəsintiləri yaşanıb, insanlar qaranlıq və soyuqda qalmağa məcbur olub.

 

Rusiya cəbhəyə yeni qüvvələr səfərbər edir

 

Raket zərbələrinə baxmayaraq, ilin sonuncu rübündə Rusiyanın işğalı açıq-aydın zəifləyirdi və buna görə Ukraynanın işğal olunmuş ərazilərində öz nəzarətini gücləndirmək üçün təxminən 300.000 ehtiyat əsgəri hərbi xidmətə cəlb etdi. Vaxtilə Kiyevin bir neçə günə ələ keçiriləcəyini proqnozlaşdıran hərbi ekspertlər indi Rusiyanın müharibədə qələbə qazanıb-qazanmayacağını müzakirə edirlər.

 

Zelenski xarici səfərlərə gedir, Kiyevə tanklar və zirehli texnikalar göndərilir

 

2022-ci ilin sonunda Zelenski Vaşinqtona, növbəti aylarda Londona, Parisə və Brüsselə səfər edib, Rusiyanın ehtimal olunan daha genişmiqyaslı hücumuna qarşı müqavimət göstərmək üçün daha çox hərbi dəstək istəyib. Qərb ölkələri Ukraynaya müxtəlif sayda tanklar, zirehli texnikalar və uzun mənzilli silahlar göndərməyə qərar verib. Kiyevə döyüş tanklarının göndərilməsi müzakirə mövzusuna çevrilib.

 

Rusiyanın gözlənilən hücumu

 

Aylarla davam edən statik artilleriya və səngər döyüşlərindən sonra ekspertlər və Qərb kəşfiyyatı yaz aylarında Rusiyanın səfərbərliklə cəbhəyə cəlb etdiyi qoşunlarla yeni və daha genişmiqyaslı hücuma keçəcəyini düşünür. “Vaqner” muzdluları ilə gücləndirilmiş Rusiya qüvvələri yanvar ayında yenidən irəliləməyə başladı. Yanvarın 13-də Rusiya Donetsk əyalətinin şərqindəki Soledar şəhərinin ələ keçirildiyini elan etdi və bu şəhərin ələ keçirilməsində “Vaqner” döyüşçülərinin xüsusi rol oynadığı bildirildi.

 

Rusiya artilleriya və qurudan hücumu yaxınlıqdakı Baxmut şəhərinə yönəldib. Hazırda aylar boyu davam edən bombardmanlar nəticəsində dağıdılmış və müharibədən əvvəl 70,000 əhalisi olan şəhər uğrunda qızğın döyüşlər gedir.

 

Ukraynada davam edən müharibə Avropada sursat problemi yaradıb. Rusiyanın gözlənilən yeni hücumuna qarşı durmaq üçün Ukraynaya daha çox silah və sursat lazımdır. Ukrayna Qərbin istehsal edə biləcəyindən daha sürətli mərmi tükəndirir və NATO yazda başlaması gözlənilən hücum üçün vəd edilmiş tanklarla birlikdə döyüş təyyarələri və uzaqmənzilli raketlər tələbini müzakirə etməyə başlayıb. Zelenskinin özünün də dediyi kimi, burada əsas rol sürətdir. Sürətli olan tərəf daha çox uğur qazanacaq…

 

Ümumilikdə, müharibənin birinci ildönümü tamam olmasına baxmayaraq, Ukrayna üçün sülh ümidləri uzaqda görünür…

Modern.az