Dünya

“MÜHARİBƏ DUMANI”  “Ukrayna ordusu iki hücum əməliyyatı hazırlayır”

“MÜHARİBƏ DUMANI” – “Ukrayna ordusu iki hücum əməliyyatı hazırlayır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu, nəinki Rusiya, ukraynalılar üçün də sürpriz olacaq”

Bu yaxınlarda Ukrayna Müdafiə Nazirliyindən bildiriblər ki, əks-hücum əməliyyatının başlamasını elan etməyəcəklər. Ukrayna Silahlı Qüvvələrinin hücumlarından ehtiyatlanan Rusiya hərbi birləşmələri isə cəbhənin əksər istiqamətlərində müdafiə mövqeyinə çəkiliblər.

”The Washington Post” qəzetinin məlumatına görə, Ukrayna ordusu 12 apreldə əks-hücuma keçməyi planlaşdırıbmış, lakin əlverişsiz hava şəraiti, mərmi və texnika çatışmazlığı üzündən onu təxirə salıblar. Sızdırılmış “Pentaqon sənədləri”nə əsasən, yeni hücum 30 apreldə baş tutmalıdır, lakin bu hücum da başqa vaxta keçirilə bilər.

Bir çox ekspertlərin fikrinə görə, Ukrayna ordusu bu il bir yox, iki iri miqyaslı hücum əməliyyatı keçirmək potensialına malikdir.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Apostrof.ua” internet portalı “Müharibə dumanı: Ukrayna ordusu iki hücum əməliyyatı hazırlayır” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.

Həmin məqaləni təqdim edirik: ”Ukrayana Silahlı Qüvvələri komandanlığının məlumatına görə, düşmən bütün əsas istiqamətlərdə aktiv müdafiəyə çəkilib. Bunun səbəblərindən biri də Ukrayna ordusunun mümkün hücumundan təhlükə duyulması ilə bağlıdır. Ukrayna hakimiyyəti israrla bildirir ki, Ukrayna oudusunun əks hücumu düşmən üçün xoşagəlməz sürprizlərlə dolu olacaq. Ukrayna Radasının Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat məsələləri komitəsinin üzvü Fyodr Venislavski bu barədə deyib: ”Əks hücum sürpiriz şəkildə düşmənin ən az gözlədiyi yerdən olacaq. Düşünürəm ki, bu, nəinki rusiyalı hərbçilər və Rusiya cəmiyyəti üçün, əksər ukraynalılar üçün də sürpriz olacaq”.

 

 

Onun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələri quru qoşunlarının komandanı general Aleksandr Sırskinin rəhbərliyi altındakı “Xortitsa” operativ -taktiki qrupu Baxmut, Marinka və Avdeyevka rayonlarında işğalçılara maksimum zərbə vurulması üçün mümkün olan hər şeyi edir. Məlum səbəblər üzündən məmurlar, deputatlar, hərbçilər və ekspertlər düşmənə haradan zərbə vurulmasını müzakirə etmirlər, amma əks hücum əməliyyatının perspektivini dəyərləndirmək üçün bəzi ümumi yanaşmalar var.

“İnformasiya müqaviməti“ qrupunun hərbi-siyasi şərhçisi Aleksandr Kovalenko “Apostrofa.ua” saytına bildirib ki, bu il Ukrayna ordusu bir yox, iki əks hücum həyata keçirə bilər və bu plan yalnız komandanlığa bəllidir. NATO baş katibi Yens Stoltenberqin sözlərindən belə başa düşmək olur ki, müharibə növbəti ilin əvvəllərinə kimi bitməyəcək.

Aleksandr Kovalenko əlavə olaraq deyib: ”2022-ci ildə üç hücum əməliyyatı (işğalçılar Kiyev, Xarkov ətrafından və Xersondan qaçıblar) göstərdi ki, Ukrayna Silahlı Qüvvələri aviasiyasız da hücüm edə bilər. İrəlidəki hücum yəqin ki, qırıcılarsız keçəcək. Amma bu ilin ikinci yarısından başlayacaq növbəti hücumda artıq havadan dəstək olacaq. İstisna deyil ki, payız-qış aylarında biz tərəfdaşlarımızdan müasir aviasiya alacağıq və bu da bizim hücum imkanımızı xeyli gücləndirəcək. Belə olan təqdirdə müharibənin 2024-cü ildə bitməsi ehtimalı yüksəkdir”.

Rusiya ərazisini vurmaq Növbəti mühüm aspekt isə hücuma hazırlıq çərçivəsində işğalçıların Rusiya Federasiyası ərazisindəki hərbi infrastrukturlarına Ukrayna Silahlı Qüvvələri tərəfindən məhz Qərb silahları ilə zərbə endirilməsidir. Almaniyanın Müdafiə naziri Boris Pistoriusun bu yaxınlarda verdiyi bəyanata əsasən, bunu real variant hesab etmək olar. Boris Pistorius rusların silah tədarükü yollarının vurularaq kəsilməsini nəzərdə tutub. Pistorius həmçinin Ukrayna ordusunun silahla təchiz edilməsi perspektivini şərh edərkən bildirib ki, bu, müharibənin necə getməsinə bağlıdır.

“Razumkov Mərkəzi” hərbi proqramının rəhbəri Nikolay Sunqurovski bu barədə deyib: ”Pistorius məhz Rusiya Federasiyası ərazisinin zəbt olunmasının yox, rusiyalıların hücum və ya müdafiə potensialının aşağı salınması məqsədilə təchizat zəncirinə zərbə vurulmasını nəzərdə tutub. İlk baxışdan bu, tam məntiqli bəyanatdır, lakin Avropa siyasi arenası üçün əhəmiyyətli irəliləyiş “Overton pəncərəsinin” daha sərt şəkildə açılmasıdır. Belə bir açıq mövqe hələ bir neçə ay bundan öncə yox idi, biz Qərb silahlarının birbaşa Rusiya ərazisində istifadə olunmasıyla bağlı onların təhlükə duyduqlarını eşidirdik. Berlində anlayırlar ki, Putin öz təcavüzü və nümayişkəranə hərbi cinayətləri ilə sadəcə olaraq, onlara heç bir seçim yeri qoymayıb”.

Təyyarələr sonra olacaq

 

 

Deyildiyi kimi, Ukrayna ordusu havadan dəstək olmadan da hücum edə biləcəyini nümayiş etdirib, hansı ki, o zaman rusiyalılar öz aviasiyalarından aktiv istifadə edirdilər. Bu yaxınlarda Ukraynaya gətirilmiş “Patriot” Hava Hücumundan Müdafiə sistemləri düşmənin havadakı gücünü kəskin şəkildə aşağı salır, amma “F-16” qırıcılarının verilməsi məsələsi aktual olaraq qalır. NATO rəhbərliyi və Amerikanın Avropadakı hərbi qüvvələrinin komandanlığı öncədən də bildirirdi ki, Kreml taqətdən salma müharibəsi aparmağı hədəfləyir, bu isə Ukrayna və alyans ölkələri üçün iqtisadi cəhətdən böyük xərc deməkdir.

Yalnız bir neçə hərbi məğlubiyyət rusiyalıları yerində oturmağa məcbur edə bilər. Yens Stoltenberqin etirafına görə, Ukrayna və Qərb müttəfiqləri “təchizat müharibəsi”ndə qalib gəlməlidirlər. NATO Baş katibi Ramştayn aviabazasında keçirilən toplantıdan öncə demişdi: ”Konkret silah növlərinin, tədarük olunan bütün silahların öz funksiyasını lazımi qaydada yerinə yetirməsi üçün mərmilərin, ehtiyat hissələrinin, yanacağın və sairə vasitələrin təchizatı məsələsinin müzakirə edilməsi vacibdir. Bu döyüşlər taqətdən salma müharibəsini təchizat müharibəsinə çevirir”.

“F-16” qırıcıları ilə bağlı davam edən diskussiyalara münasibət bildirən Yens Stoltenberq deyib ki, bu məsələ müttəfiqlərlə “Ramştayn” formatında müzakirə ediləcək.

Hərbi ekspert Roman Svitan yaranmış vəziyyəti belə şərh edib: ”NATO Baş katibinin bəyanatından və danışıqlar prosesinin ümumi dinamikasından irəliyə gələrək deyə bilərik ki, biz “F-16” qırıcılarının alınmasına daha da yaxınlaşmışıq. İndi məsələ siyasi qərardan və maliyyə məsələsinin həllindən asılıdır. Bu təyyarə çox bahalıdır, hələ üstəgəl buraya silahları, raketlərı və xidmət personalını da əlavə edək. Hər şey üçün zaman və pul lazımdır. Pilotdan başqa, hər bir təyyarə üçün üç mütəxəssis – texnik, mexanik və mühəndis gərəkdir.Onları da pilotlar kimi hazırlayırlar, buna 3-6 ay vaxt gedir, yenə də təkrar edirəm, Ukraynanın bu təyyarələri alması üçün prinsipial anlayış var”.

Hələ ki, əks hücum əməliyyatının perspektivi də Ukraynaya qırıcılar və uzaqvuran raketlərin verilməsi kimi “müharibə dumanı”na bürünüb. Böyük ehtimalla, biz Ukrayna Silahlı Qüvvələrinin döyüş cərgəsində “F-16” qırıcılarını və həmçinin də, Rusiya ərazilərinin dərinliklərinə gedib çata biləcək raketləri görəcəyik”.