Dünya

“ABŞ MÜASİR DÜNYANIN ROMASIDIR…” “Rusiyaya qarşı sanksiyalar dolların gücünü nümayiş etdirir”

“ABŞ MÜASİR DÜNYANIN ROMASIDIR…” – “Rusiyaya qarşı sanksiyalar dolların gücünü nümayiş etdirir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada gedən müharibəyə qədər belə bir təsəvvür vardı ki, ABŞ və Avropa iqtisadi cəhətdən nə qədər güclü olsalar da, Rusiya dünyanın ikinci ən möhtəşəm ordusuna malikdir və bu faktor hər zaman öz sözünü deyəcək. Hərbi qüdrəti ilə qürrələnən Kreml rəhbərliyi deyirdi ki, Kiyevi iki-üç gün ərzində zəbt edəcək və bununla da Qərbin səs-küyü kəsiləcək.

Lakin Ukrayna müharibəsi Rusiya ordusunun zəifliyini və təbliğat maşını tərəfindən şişirdildiyini əyani şəkildə üzə çıxardı. Ancaq buna baxmayaraq, Rusiya KİV-ləri müharibədəki real vəziyyəti, gələcəyi olmayan və bataqlığa sürüklənən, hələ üstəlik, Qərbin sərt sanksiyaları altında əzilən iqtisadiyyatın taleyini müzakirə etmək əvəzinə ABŞ dollarının hegemonluğundan dünyanın necə xilas ola biləcəyindən danışırlar. Ruslardan fərqli olaraq, beynəlxalq maliyyə ekspertlərinin rəyinə görə, ABŞ dollarına alternativ valyutanın meydana gəlməsi olduqca mürəkkəb və müşkül prosesdir.

“AzPoltika.info” xəbər verir ki, Honkonqun aparıcı nəşrlərindən olan “South China Morning Post” qəzetində dərc olunan “Ukrayna böhranı: Rusiyaya qarşı qoyulan sanksiyalar silaha çevrilən dolların gücünü nümayiş etdirir” başlıqlı məqalədə sözügedən mövzuya toxunulur. Həmin məqalənin tərcüməsini təqdim edirik:

”Ukraynada gedən müharibə oyun qaydalarında müəyyən dəyişikliklər meydana gətirib. Bu müharibə kimin hərbi və informasiya cəhətdən güclü olması təsəvvürünü alt-üst edib. Hazırda istər Rusiyanın, istərsə də Ukraynanın sosial-iqtisadi strukturlarını dağıdan müharibənin vurduğu dərin yaralar göz önündədir. Geosiyasi strateq Corc Fridman deyib: ”İndiki böhrandan çıxarılacaq dərsin Rusiya və ya Ukrayna ilə heç bir əlaqəsi yoxdur. Bu, ABŞ-ın dünyada ən güclü silahın dollar olmasını nümayiş etdirməsilə bağlıdır”.

Rusiya və Ukrayna arasında döyüşlər getdiyi bir vaxtda ABŞ və NATO Kiyevə yardım göstərmək üçün Rusiyaya qarşı maliyyə sanksiyaları tətbiq etməklə və Ukraynaya silah yollamaqla bilavasitə müharibəyə qoşulublar. Dünya ticarətinin 80 faizi dollarla aparıldığı və dünya valyuta ehtiyatının 60 faizi dollarda saxlanıldığı üçün sözsüz ki, o, avro, yen, funt-sterlinq və yuandan daha böyük təsir gücünə malikdir.

Amerika dolları nədən bu qədər gücə malikdir?

Bunun standart cavabı ondan ibarətdir ki, dollar qlobal kredit hesablamalarında ödəmə vahidi, yığım üçün isə etibarlı valyutadır və bu valyutadan istənilən vaxt sərbəst istifadə etmək mümkündür. Artıq uzun illərdir ki, dollar etibarlı valyuta olduğunu sübut edib. Nə vaxt dollar digər valyutalar qarşısında dəyər itiribsə, o vaxt dünya əlavə likvidlik sayəsində inkişaf edib. Yəni ki, ABŞ istiqraz vərəqələrinə və səhmlərinə qoyulan pullar daha çox gəlir gətirib. Nə zaman ki, ABŞ-da faiz dərəcəsi yüksəlir, o zaman dollar güclənir, likvidlik azalır və dollarla borc öhdəlikləri olanlar daha çox ödəmək məcburiyyətində qalırlar. Nəticədə onlar defolt riski ilə qarşılaşırlar.

1997-1998-ci illərdəki Asiya maliyyə böhranına nəzər salsaq, görərik ki, dolların məzənnəsinin yüksəlməsi kreditorlara necə mənfi təsir göstərmişdi. Həmin vaxt Asiya ölkələrində ciddi böhran yaranmışdı. Amma müəyyən bir vaxtdan sonra FRS faiz dərəcəsini aşağı saldığı üçün müvafiq şəkildə dollar likvidliyi də artdığından Asiya iqtisadiyyatı yenidən dirçəlmişdi.

Deməli, ona görə də maliyyə böhranlarından qaçmaq üçün dünya ölkələri öz ehtiyatlarında həmişə dollar saxlayırlar. ABŞ-ın keçmiş maliyyə naziri Con Konnalli deyib: ”Dollar bizim valyutadır, amma sizin problemdir”.

Qlobal terrorizmdən sonra belə problemlər artıb. Məsələn, ABŞ İran kimi ölkələrə sanksiyalar tətbiq edəndə, onların valyuta problemləri meydana gəlib. Zamanla sanksiyaların miqyası genişləndi, intensivliyi artdı. Lakin belə ölkələrdə iqtisadiyyat geriləsə də, onlar masa arxasına keçib danışqlara başlamağa tələsmirlər.

Harvard Universitetinin aparıcı əməkdaşları Yakov Feyqin və Domini Loysder dolların sinfi siyasətini, qlobal səviyyədəki özəl şirkətlərin və siyasi elitaların dollara üstünlük verməsini araşdırıblar. Onlar yazırlar ki, bir çox ölkələrdə dollar sistemi korrupsiyalaşmış elitalara çirkli yollarla əldə etdikləri gəlirləri qlobal bank mərkəzlərində gizlətməyə imkan verir.

İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdəki bazarlarda aktivlərin dollarda saxlanılmasına üstünlük verilir. Qlobal şirkətlər, pensiya fondları və maliyyə aktivləri ilə işləyənlər pullarını dollarda saxlayırlar, çünki beləliklə onlar yığım vəsaiti və svoplardan likvidlik əldə edə bilərlər.

 

 

Politoloq Qerman Mark Şvarts deyir ki, avro, yen və ya funt-sterlinq kimi digər ehtiyat valyutaların dollar qədər nə hərbi təsir imkanları, nə də ki, böyük gəlir gətirən dərin fond bazarları var.

ABŞ dollar sisteminə alternativ varmı?

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisiation for Economic Coperation and Development-OECD) Ukraynada baş verənlərlə bağlı öz dəyərləndirməsində xəbərdarlıq edib ki, alternativ sistem yaratmaq cəhdi dolların maliyyə bazarlarındakı roluna və transsərhəd ödəmələrinə müəyyən təsir göstərə bilər. Amma dollara qarşı alternativ yaratmaq heç də asan məsələ deyil. Çin yuanının dollar səviyyəsində alternativə çevrilməsi uçün xeyli illər lazımdır, bunun üçün həm də çoxsaylı əlverişli şərtlər olmalıdır.

Beynəlxalq Ödəmələr Bankı bu yaxınlarda “Dunbar” layihəsinin nəticələrini dərc edib. Həmin layihə Avstraliya, Malayziya və Sinqapur tərəfindən hazırlanıb və burada başlıca məqsəd Mərkəzi Bankların daha ucuz və sürətli rəqəmsal valyutalar əldə etməsini və təhlükəsiz transsərhəd ödəmələri üçün ümumi platformanın təmin edilməsini nəzərdə tutur.

Texniki baxımdan bu layihənin reallaşdırılması mümkün görünsə də, qarşıya çoxsaylı mürəkkəb normativlər və siyasi baryerlər çıxır. Problemlərdən biri, bu cür platformada milli təhlükəsizlik məsələlərinin necə təmin olunmasıdır. Elə bu səbəbdən də aktual sual meydana çıxır – bəs, dollara alternativ valyuta ilə yığım və ya onunla ticarətin həyata keçirilməsi dövlətlərin təhlükəsizliyinə xələl gətirməyəcəkmi? Bu baxımdan milli dövlətlər ABŞ dollarına tam güvənirlər və uzun müddətdir ki, dollar özünü etibarlı valyuta kimi təsdiq edib.

Hələ Roma imperiyasında anlayırdılar ki, pul istənilən müharibədə uğur əldə etməyin əsasıdır. Roma müharibələrdə məğlub olmayana qədər dinar öz dövrünün güclü pul vahidi idi. Hazırda ABŞ müasir dünyanın Romasıdır”.