Ölkə

“Allah mənim yox, bayquşların arzusunu eşitdi” – DEPUTAT

“Allah mənim yox, bayquşların arzusunu eşitdi” – DEPUTATbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünən çox böyük, möhtəşəm oyun oldu. “Qarabağ” komandası sona kimi döyüşdü. Sonacan kişi kimi oynadılar”.

Bunu Modern.az-a deputat Aqil Abbas “Qarabağ” klubunun “Viktoriya”ya 2:1 hesabı ilə məğlub olmasından danışarkən deyib. Ağdam təmsilçilərinin tənqidlərə məruz qalmasından söz açan deputat bildirib ki, heç kim narahat olmasın, “Qarabağ” Çempionlar Liqasında olmasa da, Avropa Liqasında öz sözünü deyəcək:

“Futbol elə bir idman növüdür ki, udmaq da olar, uduzmaq da. Braziliya millisi finalda Almanyaya 7-1 uduzmuşdu. Nə olsun? Əsas odur ki, “Qarabağ” indi Avropaya oynaya bildiyini sübut etdi. Avropa tanıdı ki, belə bir komanda var. Komandanın kollektivinə, baş məşqçi Qurban Qurbanova uğurlar arzulayıram. Yəqin ki, Avropa liqasında komanda öz sözünü deyəcək. Gözəl oyun göstərəcəklər”.

Deputat Çexiyadakı oyunda “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin səhvləri ucbatından məğlub olması barədə iradlarla razılaşmadığını söyləyib:

“Şahruddin gözəl qapıçıdır. Qurban Qurbanov onu mətbuat konfransında müdafiə etdi. Adi adamlar səhv edəndə o hamıya məlum olmur. Məsələ burasındadır ki, futbol 100 milyon adamın baxdığı oyundur, ona görə də, burada səhv etdikdə hər adamın ağzından bir söz çıxır. Şahruddin bundan əvvəlki görüşlərdə gözəl oynayıb. Bu oyunda etdiyi bir səhvə görə, durub onu güllələyək? Belə hadisə Kolumbiyada olmuşdu. Azərkeşlər qapıçını güllələmişdi. İndi biz Kolumbiyayıq? Tənqid etmək olar, ancaq təhqir etmək olmaz. Şahruddinə bundan sonrakı kariyerasında uğurlar arzulayıram. Uşaq yıxıla-yıxıla böyüdüyü kimi, futbolçu da səhv edə-edə özünü inkişaf etdirir. Şahruddini müdafiə edirəm”.

Aqil Abbas “Qarabağ”ın qələbə qazanması üçün qurban kəsəcəyini vəd etdiyini vurğulayıb:

“Mən “Qarabağ”ın qalib gəlməsi üçün dua etdim, hətta qurban dedim. İndi uduzmasına baxmayaraq, gözəl oyun sərgilədiyi üçün kəndimizdə seyidlərin ocağına gedib qurban kəsib paylayacam. Ancaq bəzi bayquşlar var, onlar deyirdilər ki, “Qarabağ” Çempionlar Liqasına yüksəlməsin, orada heç nə edə biməyəcək. Bildirirdilər ki, bundansa Avropa Liqası daha yaxşıdır. Bu dəfə Allah mənim yox, bayquşların arzusunu eşitdi”.

Qeyd edək ki, “Qarabağ” ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Çexiyada “Viktoriya” (Plzen) klubunun qonağı olub. “Dusan Arena”da oynanılan matçda “Viktoriya” komandası 2:1 hesablı qələbə qazanıb. Bununla da “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb. Komanda Avropa Liqasının qrup mərhələsində oynayacaq.