Ölkə

Anar Bağırov: “Naxçıvanda vəkil çatışmazlığı problemi aradan qalxacaq”

Anar Bağırov: “Naxçıvanda vəkil çatışmazlığı problemi aradan qalxacaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Vəkillər Kollegiyası tərəfindən müntəzəm olaraq vəkiilliyə qəbul imtahanları keçirilir. Bu imtahanlara böyük maraq var. Bu gün keçirilən imtahanda 300-ə yaxın namizəd iştirak edir”.

7Times.az  xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, namizədlərin əksəriyyəti gənc hüquqşünaslardır.

“İmtahana qatılanların 66 faizi 40 yaşınadək olan hüquqşünaslardır. Regionlarda da vəkilliyə maraq xeyli artıb. Bu gün 44 faiz namizəd regionları təmsil edir. Eyni zamanda İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında da imtahanlar bizim tərəfimizdən təşkil olunur. Muxtar Respublikanın namizədləri 7 faiz təşkil edir. Bu çox ciddi bir göstəricidir. Ümid edirəm ki, bu gün imtahanda uğur qazanmış namizədlər gələcəkdə Naxçıvanda səmərəli fəaliyət göstərəcəklər. Beləliklə, Muxtar Respublikada vəkillik sahəsində olan qıtlıq aradan qalxacaq”, – deyə sədr bildirib.

A.Bağırov deyib ki, vəkilliyə qəbul imtahanları gələcəkdə də müntəzəm şəkildə keçiriləcək: “Həm Bakıda, həm regionlarda yaşayan hüquqşünasları bu imtahanlarda iştirak etməyə dəvət edirik. Vəkillik müstəqil, sərbəst peşədir. Bu peşə hüquqşünaslar üçün böyük imkanlar açır. Vəkillik bütün dünyada olduğu kimi Azərbaycanda da populyar peşəyə çevrilib”.

Sədr qadınlar arasında da vəkilliyə marağın artdığını bildirib: “Bu gün imtahanda iştirak edən qadın namizədlərin sayında da ciddi artım. Namizədlərin 27 faizini qadınlar təşkil edir. Bu da öz növbəsində Vəkillər Kollegiyasında qadın vəkillərin sayına müsbət təsir göstərəcək. Getdikcə kişi və qadın vəkillər arasında say fərqi aradan qalxacaq”.

E-huquq.az