ABŞ nümayəndə heyəti Ukraynanın təhlükəsizliyini təmin edəcək beynəlxalq qüvvələrin yaradılmasını müzakirə etmək üçün martın 11-də Parisdə keçirilən hərbi sammitə dəvət edilməyib.
7Times.az xəbər verir ki, “Associated Press”-in Fransa hərbi rəsmilərinə istinadla yaydığı məlumatda belə deyilir.
Məlumatda qeyd olunur ki, amerikalılar sammitə dəvət olunmayıb, çünki avropalılar mümkün atəşkəsdən sonra Ukraynada sülhün qorunmasına görə məsuliyyəti öz üzərlərinə götürməyə qadir olduqlarını nümayiş etdirmək istəyirlər.
Sammitdə ABŞ istisna olmaqla, NATO-ya üzv olan 32 ölkənin demək olar ki, hamısının qərargah rəisləri və ya onların nümayəndələri iştirak edəcək. Ukraynanı sammitdə ölkənin Təhlükəsizlik və Müdafiə Şurasının üzvü olan hərbçi təmsil edəcək.
Sammitdə Fransa və Böyük Britaniya tərəfindən yaradılması təklif edilən beynəlxalq təhlükəsizlik qüvvələrinin hərbi əməliyyatların dayandırılmasından sonra Rusiyanın təkrar genişmiqyaslı hücumunun qarşısını necə alacağı müzakirə olunacaq.
“Daha dəqiq və konkret” müzakirələr də planlaşdırılır ki, bu müzakirələr zamanı iştirakçılar təşəbbüsdə iştirak etməyə dəvət olunacaqlar. Lakin missiyada iştirakla bağlı yekun qərarı siyasi səviyyədə dövlət başçıları verəcək.
Follow @7timesaz