Ölkə

“Azərbaycan istəmir ki, Ermənistan bu proseslərdə iştirak etsin”

“Azərbaycan istəmir ki, Ermənistan bu proseslərdə iştirak etsin”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə nümayəndə – ATƏT Minsk qrupunun həmsədri vəzifəsinə Filip Rikerts adlı yeni şəxsin təyin etməsi əsassızdır”.

Bunu APA-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

Tofiq Zülfüqarov deyib ki, ilkin dövrdə Qarabağda baş verənlər daxili münaqişə idi və 1991-i ilin dekabrında Azərbaycan vasitəçilik üçün müraciət etmişdi: “Məqsəd o idi ki, ATƏT Ermənistanın gələcəkdə ehtimal olunan işğalının qarşısını alsın. Amma nəinki işğalın qarşısı alındı, əksinə, ATƏT-in Minsk qrupunun “fəaliyyəti” dövründə Azərbaycan torpaqları işğal altına düşmüşdü. Təəssüflər olsun ki, Minsk qrupunun fəaliyyəti barədə müsbət nəsə demək mümkün deyil. Azərbaycan bu problemi həll edəndən sonra artıq bu məsələdə hansısa vasitəçilik lazım deyil”.

Sabiq xarici işlər naziri qeyd edib ki, Vətən müharibəsi və Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Rusiya-Türkiyə tandeminə üstünlük verib: “Azərbaycan Rusiya və Türkiyə vasitəsilə qalan problemləri də həll etmək istəyir. Rusiya sülhməramlı missiyası və Rusiya-Türkiyə monitorinq missiyası fəaliyyət göstərir. Təbii ki, bunun konfiqurasiyası dəyişə də bilər. Amma Azərbaycan tərəfdaş kimi Rusiya və Türkiyəni görür. Çünki Rusiya və Türkiyə arasında münasibətlər imkan verir ki, neqativ məsələləri müttəfiq olaraq Türkiyə gələcəkdə aradan qaldırsın. Bu, Azərbaycanın yanaşmasıdır. Minsk qrupunun Azərbaycanı nə üçün qane etməməsinə gəlincə, söhbət tək Konqresi ziddiyyətli qərarlar qəbul edən ABŞ-dan, ermənilərin pərəstişkarı olan digər dövlətlərdən getmir. Öncə nəzərə almaq lazımdır ki, ortada Ermənistan var. Bundan əvvəl İrəvan Azərbaycanın ərazisi olan Qarabağla bağlı Bakı ilə eyni səviyyədə hüquqlara malik idi. İndi vəziyyət tamamilə dəyişib ki, təbii ki, bu, qəbuledilməzdir. Azərbaycan istəmir ki, Ermənistan hansısa şəkildə bu proseslərdə iştirak etsin. Hazırda gedən proseslər göstərir ki, Azərbaycan Ermənistanın daxili işlərimizə müdaxiləsinin tamamilə dayandırılmasını istəyir. Bu baxımdan indi Minsk qrupunun formatı lazımsız və bizim maraqlarımıza ziddir. ABŞ-a gəlincə, Qərb bölgədə Rusiya-Türkiyə tandeminin dominant olmasını istəmir, köhnə formatın bərpa olunmasını arzulayır. Qərb-Rusiya qarşıdurmasının bu bölgədə də baş verməsini istəyirlər. Minsk qrupunun fəaliyyəti dövründə də biz dəfələrlə bunu görmüşük. Həm Qərbin, həm də Rusiyanın öz maraqları vardı, münaqişə tamamilə yadlarından çıxmışdı, 30 il ərzində də heç bir nəticə əldə olunmamışdı”.

 

Tofiq Zülfüqarov Qərb-Rusiya qarşıdurmasının bölgəyə gətirilməsinin Azərbaycana lazım olmadığını vurğulayıb: “Məhz bu iki amilə görə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə nümayəndə – ATƏT Minsk qrupunun həmsədri vəzifəsinə Filip Rikerts adlı yeni şəxsi təyin etməsi əsassızdır və bunun heç bir perspektivi yoxdur. Çünki Azərbaycan bu məsələdə yeganə söz sahibidir və öz mövqeyini açıqlayıb”.