Siyasət

“Azərbaycan ordusu, hüquq-mühafizə orqanları azad olunan ərazilərə daxil olub nəzarəti ələ alırlar” – Xankəndinin deputatı

“Azərbaycan ordusu, hüquq-mühafizə orqanları azad olunan ərazilərə daxil olub nəzarəti ələ alırlar” – Xankəndinin deputatıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xankəndinin deputatıyam, gələcəkdə öz seçicilərimlə bir yerdə yaşamağı düşünürəm”

7times.az Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyevlə müsahibəni təqdim edir.

– İşğaldan azad olunan olunmuş ərazilərdə baş verən proseslər hər kəsi çox maraqlandırır, Şuşadakı vəziyyəti necə qiymətləndirirsiniz? Oraya gedib-gəlirsinizmi?

– Torpaqlarımız düşmən işğalından azad olunduqdan sonra çox sürətlə, yüksək səviyyədə quruculuq, bərpa işlərinə start verilib. Mən Xankəndində doğulmuşam, amma uşaqlığım Şuşada keçib. Şuşada quruculuq-bərpa işləri davam edir. Bu yaxınlarda Şuşaya içməli suyun verilməsinin şahidi olduq. Hazırda Şuşaya yol çəkilişi tam sürətlə davam edir. Fasiləsiz elektrik enerjisinin verilməsi üçün stansiya tikilir. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər Cənab Prezident İlham Əliyevin nəzarəti altındadır. Əminik ki, qısa zaman ərzində ölkə başçısının rəhbərliyi ilə bütün işlər ən yüksək səviyyətə başa çatdırılacaq.

Noyabr ayının ortalarında COVID-19 virusuna yoluxdum. Mənim üçün çox ağır oldu, səhhətimdə ciddi problemlər yarandı. Ötən gün ilk dəfə parlamentin iclasına qatılmışam. Hələ də səhhətimdə problemlər var. Təəssüflər olsun ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının əməkdaşlarının 80 faizi koronavirusa yoluxdu, vəziyyəti ağır olanlar xəstəxanaya yerləşdirildi, bu səbəbdən icmamızın fəaliyyətində bir qədər durğunluq yarandı. Demək olar ki, bütün çətinliklər arxada qalıb. Yaxın vaxtlarda icmamızın fəaliyyəti əvvəlki qaydada aktiv şəkildə bərpa olunacaq. İcma olaraq ən yaxın günlərdə Şuşaya getməyi planlaşdırırıq.

– Belə aydın olur ki, işğaldan azad olunmuş ərazilər arasında nisbətən normal vəziyyətdə olan Şuşa şəhəridir…

– Bəli, digər rayonlarla müqaisədə Şuşada vəziyyət bir qədər fərqlidir. Burda bəzi binalar salamat qalıb. Bütün mənzillər isə dağıdılıb. Lakin tarixi abidələr yerlə-yeksan olunub.

– Şuşaya insanların köçürülməsi prosesi haqda fikirləriniz necədir?

– Bunu müvafiq qurumlar planlı, mərhələli şəkildə açıqlayacaqlar. Biz də icma olaraq, keçmiş məcburi köçkünlər olaraq 30 il həsrətini çəkdiyimiz torpaqlara planlı şəkildə geriyə dönmək, böyük qayıdış üçün hazırıq. Ali Baş Komandanımızın bununla bağlı bizə təlimatları olacaq. Ölkə rəhbərliyinin nəzərdə tutduğu şəkildə oraya qayıdacağıq.

– Şuşa şəhərinə nə qədər azərbaycanlının qayıtması planlaşdırılır ?

– Böyükdən kiçiyə bütün Şuşa sakinləri doğma şəhərimiz Şuşaya qayıtmaq niyətindədir. Təkcə Şuşa sakinləri deyil vaxtı ilə ulu babaları Şuşada yaşamış insanlar da gedib orda yaşamaq arzusundadırlar.

– Qayıdış olanda siz Xankəndidə yaşayacaqsınız?..

– Bəli. Mən Xankəndi şəhərindən deputat seçilmişəm. Gələcəkdə öz seçicilərimlə bir yerdə yaşamağı düşünürəm. Bizə edilən müraciətlərə əsasən deyə bilərəm ki, bütün Xankəndi şəhərinin sakinləri öz evlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

– Orada qalan separatçılar bəzən hansısa qondarma dövlətin olmasına işarə edirlər. Sizin bu hallarla bağlı fikirləriniz nədən ibarətdir? Onların o ərazilərdən çıxıb getməsini gözləyirsinizmi?

– Ali Baş Komandanın dediyi kimi, artıq münaqişə həll olunub. Konfliktə keçmiş zamanda baxırıq. Xırda məsələlər öz həllini tapacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa olunduğuna görə əminəm ki, hər bir kəndimiz, şəhərimiz, Xankəndi, Əsgəran, Xocalı, Xocavəndin hər bir qarışına qayıdacağıq. Bununla bağlı heç bir şübhə olmasın. Hər bir xırda məsələlər yavaş-yavaş öz həllini tapmaqdadır. Azərbaycan ordusu, qurumları, hüquq-mühafizə orqanları artıq işğaldan azad olunan ərazilərə daxil olub, nəzarəti ələ alırlar.

– Dağlıq Qarabağın azərbaycanlı icması olaraq Azərbaycan Prezidentinin milli qəhrəman elan olunması ilə bağlı bəyanat yaymısınız. Yəqin ki, bunu parlament elan edə bilər. Bu ideya necə yarandı?

– İki gün əvvəl Cənab Prezidentin doğum günü idi. Dağlıq Qarabağın azərbaycanlı icması adından Cənab Prezidentimizi təbrik etdik. 44 günlük Vətən müharibəsində cənab prezident həm döyüş meydanında, həm də diplomatik cəbhələrdə özünün dəmir iradəsini ortaya qoyaraq xalqımıza bu qələbə sevincini yaşatdı. Doğum günü təbrikindən istifadə edərək, Qarabağ icmasının üzvləri cənab prezidentə ölkəmizin milli qəhrəmanı adının verilməsi təklifi ilə çıxış etdi. Çünki belə tarixi missiyanı yerinə yetirərək, tarixi şanlı qələbəni bizə məhz Ali Baş Komandanımız qazandırdı və 30 illik vətən həsrətimizə son qoydu. Ali Baş Komandana Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi Cənab Prezidentin haqqıdır. Biz Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bu təşəbbüslə çıxış etməyimiz dövrün-zamanın tələbidir.  /Teleqraf