Ölkə

Azərbaycan Qarabağda hər an hərbi əməliyyatlara başlaya bilər

Azərbaycan Qarabağda hər an hərbi əməliyyatlara başlaya bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni separatçıları humanitar yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel şəkildə qəbul edilməsinə razılaşıb. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ağdam və Laçın yolu ilə apardığı humanitar yardım Xankəndiyə çatıb.
Lakin hələ də bəzi açıq suallar qalır: Məsələn, Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin humanitar yükü  Xankəndiyə buraxılmır, Qarabağdakı separatçılar silahı yerə qoymur, bölgədə vəziyyəti gərginləşdirməyə davam edirlər.

Maraqlıdır, bundan sonra vəziyyət hansı istiqamətdə dəyişə bilər? Azərbaycanın antiterror əməliyyatları həyata keçirməsi mümkündürmü?

Məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Ədalət Vediyev söyləyib ki, humanitar yüklərin daşınması  Azərbaycanın hərbi əməliyyatlar keçirməsinə maneə deyil:
“Ağdam-Xankəndi yolu vasitəsilə humanitar yardımların çatdırılması ilə Azərbaycanın öz ərazilərini erməni separatçılarından təmizləməsi arasında paralellər aparmaq düzgün olmaz. Əksinə, biz Xankəndiyə hər iki istiqamətdən çatdırılan humanitar yüklərin erməni silahlılarına paylanmaması, yaxud hər hansı diribaş erməni tərəfindən mağazalarda satılmaması üçün tədrbirlər görməliyik. Humanitar fəaliyyət heç də hərbi əməliyyatların keçirilməsinə mane olan məsələ deyil. Həm Naxçıvanla şərti sərhəddə, həm Daşkəsən, Gədəbəy, Kəlbəcər istiqamətində erməni təxribatları baş verir. Eyni zamanda, Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə, xüsusilə də Ağdam istiqamətində erməni təxribatları qeydə alınır. Azərbaycan  bu istiqamətlərdə düşmənə təsirli, adekvat, kifayət qədər ağrılı-acılı cavab verməlidir ki, həmin təxribatlar heç olmasa müəyyən müddət səngisin, davam etməsin. Odur ki, humanitar yardımın Xankəndiyə çatdırılması Azərbaycanın antiterror əməliyyatlarına mane olmayacaq. Hesab edirəm ki, Azərbaycanın hazırda Ağdərə istiqamətində intensivləşən düşmən təxribatının qarşısını almaqdan, bunun üçün təsirli və adekvat addımlar atmaqdan başqa yolu qalmayıb”.

Ə.Verdiyev qeyd edib ki, hərbi əməliyyatların aparılması Azərbaycan üçün prioritet məsələ deyil:
“Hərbi əməliyyatların nə vaxt keçiriləcəyi Ali Baş Komandanın səlahiyyətində olam məsələdir. Lakin hazırda Azərbaycanın prioriteti hərbi əməliyyatlar deyil. Məsələləri sülh yolu ilə həll etmək niyyətindəyik. Düşmən ötən 3 il müddətində üzərinə düşən öhdəlikləri yerinə yetirmirsə, zəmanətçi olan Rusiya sülhməramlı qüvvələri də erməni silahlılarını və texnikasını ərazimizdən çıxarmırsa, o zaman bu fəaliyyətləri yerinə yetirmək Azərbaycanın öz üzərinə düşür. Əməliyyatın başlanması bizdən asılı deyil. Əməliyyatlar əsasən qarşı tərəfin təxribatlarına cavab reaksiyası olaraq, həyata keçirilə bilər. Bunun üçün də uyğun iqlim şəraiti, geosiyasi vəziyyət formalaşmalıdır. Azərbaycan tərəfi sərhəddə həyata keçirəcəyi məsələlərə bir qədər təmkinlə yanaşsa da, Qarabağ ərazisində istənilən an təmizləmə əməliyyatına başlaya bilər. Bu əməliyyatın keçirilməsi üçün BMT-nin 4 qətnaməsi var. Həm BMT-nin qətnamələrindəki “Qarabağdan erməni silahlı qüvvələri çıxarılmalıdır” bəndi, həm də 2020-ci ilin 10 noyabr bəyanatının 4-cü bəndi tam yerinə yetirilməyib. Odur ki, təmizləmə əməliyyatı keçirmək üçün əlimizdə çox ciddi və beş nüvə dövlətinin imza atdığı 4 ədəd qətnamə var”.
Hərbi ekspert Elxan Şıxaliyev bildirib ki, Azərbaycanın “qırmızı xətləri” ilə bağlı bütün məsələlər öz həllini tapmayıb:

“Həm Laçın yolu, həm də Ağdam-Xankəndi yolundan eyni vaxtda istifadəyə dair qarşı tərəfdən istəkləri qəbul olunub. Ermənilər “Ağdam-Xankəndi yolu bizim “qırmızı xətt”imizdir. O yoldan istifadə etməyəcəyik” desələr də, bu mərhələ aşılmış oldu. Bunu Azərbaycanın siyasi iradəsinin sahəyə enməsi kimi qəbul edə bilərik. Bu qeyri-qanuni silahlı qüvvələrlə bağlı məsələ deyil. Bu, tamam başqa məsələdir. Hələ də “qırmızı xətlər”  yerindədir. Orada hələ də qeyri-qanuni silahlı birləşmələr mövcuddur.
Sentyabrın 1-dən bu günə qədər cəbhədə bir gərginlik var. Həm Ermənistan, həm Azərbaycan tərəfi hərbi hissələri, xüsusən də, əməliyyat ehtiyatlarını yeni təyinat bölgələrinə çıxarıb. Gərginliyin səngiyəcəyi, yaxud Ermənistanın separatçı rejimə dəstəkdən 180 dərəcə geri dönəcəyi halda mümkün eskalasiya olmayacaq. Bir sözlə, mümkün gərginliyin olmaması üçün sahədə bunun əlamətlərini görməliyik. Ora çıxarılan qoşunlar həm Ermənistan, həm də Azərbaycan tərəfindən geri qaytarılmalıdır. Biz bunu meydanda müşahidə etmirik”.

Ekspert vurğulayıb ki,  Azərbaycanın hərbi əməliyyatlar aparıb-aparmayacağı qarşı tərəfin atacağı addımlardan asılıdır:

“Əgər mövcud vəziyyət davam edirsə, deməli, siyasi dialoqlar 0 nöqtəsindən tərpənməyib. Çünki ancaq siyasilər anlaşanda sözügedən vəziyyət aradan qaldırıla bilər. Ermənistan sülh danışıqlarına müsbət reaksiya verməli, separatçı rejimi dəstəkləməkdən əl çəkməlidir. Ermənistan baş naziri  bəyan etdi ki, “biz ABŞ-dakı görüşdə də sülh müqaviləsinin imzalanmasını gözləmirik”.  Yolun açılması Azərbaycan üçün məqsədlərdən biri idi. Amma digər bir çox tələbimiz yerinə yetirilməyib. Gərginliyin aradan qalxması üçün qarşı tərəf addımlar atmalıdır. Ancaq biz belə addımların atılmasına şahidlik etmirik. Ona görə də, hərbi əməliyyatların keçirilib-keçirilməyəcəyi qarşı tərəfin atacağı addımlarla əlaqəli olacaq”.