Dövlət Statistika Komitəsi 2021-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 41 067 nikaha daxilolma və 12 892 boşanma halları qeydə alındığını açıqlayıb. Əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə boşanmaların sayı 1,5-dən 1,7-yə qədər artıb. Rəsmi rəqəmlərə görə boşanmalar nikahları 3 dəfə üstələyib.
İndiki gənclər həyatlarını daha fərqli yaşamaq istəyirlər
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Ramin Məmmədov Modern.az-a bildirib ki, son illər ailə quranların və boşananların sayında dinamika qorunub saxlanılır:
“Təbii ki, hər il boşananların sayında müəyyən artım müşahidə olunur. Bu bizi narahat edir. Səbəblər müxtəlifdir. Boşanma prosseslərinin hər birini ayrı-ayrılıqda analiz etsək, yaxud məhkəmədə səsləndirilən fikirlərə diqqət yetirsək görəcəyik ki, bu artımın səbəbi ailədaxili münaqişələrdir. Təbii bizim milli adət-ənənəyə uyğun olaraq, müəyyən bir ailə qurmaq prosedurlarımız mövcuddur. Düşünürəm ki, həyatımıza yeni əlavə olunmuş elementləri nəzərə almaqla, ailə institutunda, ümumiyyətlə prossesin özündə müəyyən düzəlişlər etməyə ehtiyac var. Gənclərimiz əvvəlki illərə nisbətən dözümsüz kimi qələmə verilir. Ancaq bu fikirlə razı deyiləm. Sadəcə, insanların seçmə hüququndan daha çox istifadə etmək gənclərə şamil olunur. Əvvəlki illərdə ailədaxili münaqişələr daha çox dözümlülük prinsipi ilə qorunub saxlanılırdısa, indi gənclər öz həyatlarını daha fərqli yaşamaq ixtiyarına malikdirlər. Bunun üçün də hansısa ziddiyyət yarandıqda ayrılma qərarını verirlər”.
Maddiyyat və boşanma….
Deputat boşanmalarda əsas meyarlardan biri kimi önə çəkilən maddi vəziyyətin pis olmasına da münasibət bildirib:
“Statistikaya nəzər salsaq görəcəyik ki, boşanmaların arasında xəyanət, sərxoşluq, pis vərdişlərə düçar olmuşlar üstünlük təşkil edir. Demək ki, biz boşanmaların səbəbini həyatımızda baş verən prosseslərdə deyil, ümumilikdə təlim-tərbiyə işlərində, uşaqlıq, ailə qurma prosseslərində axtarmalıyıq. Fikrimcə, o prosselərə müəyyən düzəlişlər etməyə ehtiyac var. Burada həm valideynlər, həm də yeni ailə quran gənclər müştərək əməkdaşlıq formatı qurmalıdır. Məncə, keçmiş adət -ənənələri bugünkü iqtisadi, sosial vəziyyətə uyğunlaşdırmağa ciddi ehtiyac var”.
“Karantin boşanmaları sürətləndirdi”
R.Məmmədov son bir il ərzində karantin, COVID-19 pandemiyası ilə mübarizədə müəyyən məhdudiyyətlərin ailədaxili münaqişələrin artımını, eyni zamanda kəskinləşməsini sürətləndirdiyini istinsa etməyib:
“Ancaq düşünmürəm ki, boşanmalara gətirib çıxaran səbəblər arasında məhz pandemiya dövrü və sərt karantin qaydalarının təsiri olsun. Sadəcə, bu müddət əvvəldən olan hansısa ziddiyəti, öncədən olan sıxıntıları müəyyən mənada sürətləndirə, yaxud biruzə verə bilər”.
“Boşanmalar dünyada artıb”
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Modern.az-a bildirib ki, boşanma halları təkcə ölkəmizdə deyil, bütün dünyada da artıb:
“Karantin bütün dünyada öz təsirlərini təsirini göstərdi. Dünya statistikasında zorakılıq və boşanmaların sayı artdı. Təbii bu təsir bizdən də yan keçmədi. Ümimi gərginliklər, informasiyalar, ölüm halları, karantin dövründə münasibətlərin gərginləşməsi, cəmiyyətdə baş verən hadisələr, müharibə, hər şey öz təsirini göstərdi”.
“Yeni normalar ailə institutunu sarsıdır”
Ailə institutunun dağılması ilə bağlı danışmağın indi bir qədər çətin olduğunu bildirən M.Zeynalova qeyd edib ki, yeni qaydalar, normalar mentalitetə böyük təsir göstərib:
“Virtual aləmin daha da güclənməsi, bütün sektorlarını həyatımıza daxil etməmiz, üzərimizdə üstünlük qazanması kifayət qədər öz təsirini göstərir. Orada təqdim edilənlərlə reallığı fərqləndirə bilməyənlər üçün çətindir.
Yəqin ki, zamanla bu hallar tənzimlənəcək. Çünki ailə hər birimizin həyatında əhəmiyyətli rola malik olan strukturdur. Ailəsiz özümüzü az təsəvvür edirik. Baxmayaraq ki, müəyyən tendensiyalar təbliğ olunur ki, ailəsiz də azad, xoşbəxt yaşamaq olar. Amma biz xaraktercə bir az fərqliyik. Ona görə düşünmürəm ki, ailə institutu tamamilə dağılacaq. Məncə bu da bir perioddur. Bundan sonra ailələrimiz modernləşəcək, yeni tendenseiyalara uyğunlaşacaq və daha möhkəm olacaq. Sadəcə mənfiliklərdən azad olmaq üçün zaman lazımdır. Təbii ki, bunun üzərində işləyən qurumlar mütləq daha mütərıqqi fəaliyyət göstərməlidirlər.
Hazırda insanların ailə münasibətlərini tənzimləməsinə dəstək verən mərkəzlərə ehtiyac var. Bunlar da yəqin ki, formalaşacaq. Ailə həm də cəmiyyətin bir strukturudur. O struktur boş olsa, cəmiyyətdə problemlər olacaq. Bunu hamı dərk edir və çalışır ki, ailə institutu möhkəmlənsin. Yaş məsələləri, məcburi nikahlar dəyişə bilər. Valideynlərin təsiri ilə ailə qurmalar ola bilər ki, dəyişsin və ya yenidən valideynlərin tövsiyələrinə qayıdış olsun. Bununla da, düşünürəm ki, daha ciddi ailə cütlükləri formalaşacaq. Bütün bunlar tədqiqata ehtiyacı olan məsələlərdir. Təəssüf ki, bununla bağlı işlər zəif gedir”.
Pis vərdişlər, dağılan ailələr
İctimai Birliyin rəhbəri qeyd edib ki, narkotiklə, zorakılıqla mübarizə də ailə üçündür və bu mübarizələrin əsası odur ki, ailələr möhkəm olsun.
“Bəzən sosial şəbəkələrdə zamanla hansısa çağırışlar olur. Ola bilsin ki, kimlər üçünsə bu yaxşı çağırışdı, amma mühitin içərisində konfliktləri görəndə anlayırlar ki, yanlışlığa yol verilib. Orada qadına qarşı zorakılıq və qadın azadlığı düzgün təbliğ olunursa, bu, problem deyil. Amma başqa məsələlər təbliğ olunanda təbii ki, bu bir az narahatlıq doğurur”.
Follow @7timesaz