Mingəçevir şəhərində 1991-ci il təvəllüdlü Sərdar Babayev 16 yaşına çatmayan Lalə (ad və soyadlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sərdar 2003-ci il təvəllüdlü Lalə ilə rəsmi nikaha daxil olmadan evlənib, 2019-cu ildə sonuncunun razılığı ilə yaşadıqları evdə cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Sərdarın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, hazırkı cinayət işi üzrə tanınan Lalə onun arvadıdır: “2019-cu ildə hər ikisinin və ailə üzvlərinin razılığı ilə el adəti ilə toyumuz olub və biz evlənmişik. Toyumuz Mingəçevir şəhərindəki “Nur” şadlıq sarayında olub. Evlənərkən yəni, toyları olan gün Lalənin 16 yaşı tamam olmayıb. Lalənin 16 yaşı tamam olmadığı üçün biz rəsmi olaraq nikaha daxil olmadıq. Lalənin 16 yaşının tamam olmamasından mənim və ailə üzvlərimin məlumatı olub”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, toyu olan gün gecə yaşadıqları mənzildə ilk dəfə olaraq Lalə ilə hər ikisinin razılığı ilə cinsi əlaqədə olub: “Lalə ilə qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olan zaman, ona qarşı hər hansı zor tətbiq etməmişəm, həmçinin bizim ailə qurmağa heç kəs məcbur etməyib. Valideynlərimin və özümüzün qarşılıqlı razılıqları əsasında evlənmişik”.
Sərdarın sözlərinə görə, toylarından sonra Lalənin 16 yaşı tamam olub: “Bir müddət sonra arvadım hamilə qaldı. Lalə hamilə olduqdan sonra hamiləliyi ilə əlaqədar hər hansı xəstəxanaya müraciət etmədik. 2020-ci ildə Lalənin valideynlərinin yaşadığı evdə qonaq olarkən sancıları başladı. Həmin gün saat 23 radələrində Yevlax şəhər Mərkəzi Xəstəxanasına müraciət etdik. Bizim qız övladımız dünyaya gəldi. Lalənin 17 yaşı tamam olduğuna görə hazırda rəsmi nikaha daxil olmaq üçün onunla birlikdə Mingəçevir şəhər icra hakimiyyətinə müraciət etmişik. Hazırda Lalə və onun ailə üzvləri ilə münasibətlərimiz lap yaxşıdır. Ailəmin və uşağımın daima qayğısına qalıram. Bununla belə əməlimdən peşmanam”.
Mingəçevir şəhər Məhkəməsinin hökmü ilə Sərdarın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 6 ay sınaq müddəti olmaqla 1 il şərti cəza təyin olunub.
Follow @7timesaz