“Hansı ölkələrdə bazar iqtisadiyyatı modeli mövcuddursa, fəaliyyət göstərirsə, həmin ölkələrdə bayram ərəfəsində, ümumiyyətlə, malın satışında, sahibkarın dövriyyəsində nə vaxt artım müşahidə olunursa, bu, qiymətin azalması ilə müşayiət olunur. Bu nə ilə bağlıdır? Bazar iqtisadiyyatının hökm sürdüyü ölkələrdə mütləq rəqabət formalaşır. Rəqabətli bazarda sahibkar öz rəqibi üzərində üstünlük qazanmaqdan ötrü həmişə fürsət axtarır. Dövriyyə artanda rəqabətli bazar sahibkarının qiyməti endirmək imkanı olur. Çünki qazanc çox olur. Biri var bir məhsuldan gündə 20 dənə satasan, bir də var 100 dənə satasan. 100 dənə satanda hər birində mənfəət qalır. Ona görə sahibkar düşünür ki, o mənfəətin bir hissəsini öz rəqibi ilə mübarizəyə həsr eləsin və ondan vaz keçsin. Ona görə o qiyməti ucuzlaşdırır”.
Bu sözləri Redaktor.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bayramqabağı bazarlarda və markertlərdə olan bahalıqdan danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda bazar iqtisadiyyatı modelinin çalışdığı elan edilsə də, inhisarçı bazardır.
“İnhisarçı bazardakı sahibkarın düşüncəsi ilə rəqabətli bazardakı sahibkarın düşüncəsində böyük fərq var. İnhisarçı bazarda inhisarçının rəqibi yoxdur. Onun çəkinəcəyi, ehtiyat edəcəyi, bazarı kiminsə qarşısında itirəcəyi bir subyekt yoxdur. Ona görə də inhisarçı bazarda sahibkar dövriyyə artmağa başlayanda qiyməti artırır ki, mənfəət çoxalsın. Çünki itirəcəyi bir şey yoxdur. Rəqabətli mühitdə sahibkar bu cür addım atsa, o, bazarı itirə bilər. Amma inhisarçı bazarda sahibkar elə deyil. Sahibkar düşünür ki, dövriyyə artırsa, deməli, qiymətləri artıranda bunun mənbəyi çox olacaq. Yəni Azərbaycanda inhisarçı bazar olduğuna görə, bayram ərəfəsində sahibkarın dövriyyəsi çoxalır. Bazarlıq edənlər çoxalır, hamı süfrə açmaq istəyir. Alıcıların sayı, malın dövriyyəsi artdığına görə sahibkar düşünür ki, daha çox qazansın, ona görə də əlavə mənfəət əldə etmək üçün malların qiymətini qaldırır. Yəni bunun səbəbi inhisarçılıqdır”, – deyə Akif Nəsirli bildirdi.
Follow @7timesaz