“Azərsu” su xətlərinə qanunsuz qoşulmalarla bağlı xəbərdarlıq edib.
Qurumdan 7times.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir. Sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Abşeron rayonunda içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.
Araşdırmalar zamanı məlum olub ki, Şollar-Bakı su kəmərinin Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsindən keçən hissəsində magistral xətdən qanunsuz qoşulma ilə götürülən içməli sudan əkin sahələrinin suvarılmasında istifadə edilib.
Qəsəbədə fəaliyyət göstərən kafenin texniki şərti və sayğacı olsa da, obyekt sahibi magistral su kəmərinə özbaşına qoşulma edib. Digər bir obyektin sahibi isə magistral kəmərdən gizli su xətti çəkməklə yanaşı, istifadə edilən suyun həcmini ölçmək üçün quraşdırılmış sayğacı özbaşına ləğv edib.
Masazır qəsəbəsi Əlağa Vahid küçəsində yerləşən avtoyuma məntəqəsinə isə su obyekt sahibinin evindən çəkilmiş qeyri-qanuni qoşulma ilə verilib. Araşdırmalar zamanı məlum olub ki, sahibkar texniki şərt almadan və sayğac quraşdırmadan içməli sudan istifadə edib.
Nəzarət tədbirləri zamanı Masazır, Saray, Qobu qəsəbələrinin yeni yaşayış massivlərində bəzi sakinlərin sudan uçotsuz istifadə etdiyi məlum olub. Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.
Vətəndaşları və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, 2021-ci ilin yanvar-iyun aylarında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 9110, Abşeron rayonu üzrə isə 1025 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq “Azərsu” ASC üzrə 2 mln 441 min kubmetr, Abşeron rayonu üzrə isə 283 min kubmetr həcmində sərfiyyat bərpa olunub.
Follow @7timesaz