Siyasət

Bakı İrəvana son xəbərdarlığını etdi: Azərbaycan buna izn verməyəcək!

Bakı İrəvana son xəbərdarlığını etdi: Azərbaycan buna izn verməyəcək!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İlham Əliyevdən “net” mövqe: “Hər şey Ermənistandan asılı olacaq”; gorbagor olmuş “status”u israrla gündəmdə saxlamağa çalışan məğlub tərəf daha bir “dəmir yumruq” yeyə bilər…
İşğalçı Ermənistanın darmadağın edilməsi ilə bitən 44 günlük müharibənin sona çatmasının ilk ildönümünə yaxınlaşırıq. Bu ildönüm sözsüz ki, bir neçə qənaətin altını “qırımızı xətlə” cızmış olacaq.
Onlardan biri də budur ki, Ermənistan və onun rəhbərliyi hələ də son dağıdıcı savaşdan özü üçün dərs götürməyib, gərəkən nəticəni çıxarmayıb, çıxarmağa tələsmir və hələ də havadarlara güvənməklə, hansısa miflərə inanmaqla böyük sülhün əldə olunmasına, sülh sazişinin imzalanmasına əngəl yaradır, prosesi süni şəkildə yubadır, özünü kapitulyant tərəf kimi aparmaq istəmir. Bu da ən əvvəl Azərbaycanda – bir ilə yaxındır Ermənistana ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımağa əsaslanan sülh müqaviləsi təklif edən qalib ölkədə haqlı narazılıq yaradır. Çünki sülh müqaviləsi olmadan regionda daimi sabitlikdən danışmağın mənası qalmır və müharibə bitməmiş sayılır. Bakının səbri isə sonsuz deyil…
*****
“Biz indi postmünaqişə dövründəyik. Ermənistana bir sıra təkliflər irəli sürmüşük ki, gəlin, sülh müqaviləsi üzərində işləməyə başlayaq. Çünki biz müharibə haqqında danışmaq yox, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik. Əfsuslar olsun ki, bu təklif hələ cavabını almayıb… Biz təklif etdik ki, sərhədlərimizin delimitasiyası və demarkasiyasına başlayaq. Əfsuslar olsun ki, bu məsələ də öz cavabını tapmayıb”.
Biz müharibə yox, sülh barədə danışmaq istəyirik"- Prezidentin Qlobal Bakı  Forumundakı çıxışının tam mətni
“Yeni Musavat” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev dünən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVİD-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.
Dövlət başçısı deyib ki, indi hər bir şey Ermənistanın mövqeyindən asılı olacaq: “Çünki bizim mövqeyimiz tamamilə aydındır. Mən bir daha qeyd edirəm ki, biz sülh danışıqlarına başlamağa hazırıq, sülh müqaviləsini imzalamağa hazırıq. Biz səhifəni çevirmək istəyirik və sərhədləri müəyyən etmək fikrindəyik. Görürsünüz ki, Ermənistandan cavab gəlmir və demək olar, bir ildir onlar susurlar. Mənə elə gəlir ki, onlar Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcəklər”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın forum iştirakçılarına ünvanladığı müraciətdə də Türkiyənin uzun illər heç bir münasibət saxlamadığı Ermənistanla əlaqələri inkişaf etdirmək təşəbbüsü ilə çıxış etdiyi və gələcəyə baxmağın vacibliyi vurğulanır: “Əsas vəzifələrimizdən biri regiondakı bütün ölkələr arasında dost münasibətlərin qurulmasıdır. Biz Qafqazda sülhün bərqərar olmasına xüsusi töhfə veririk”.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi nə zaman imzalanacaq? –  Tarix verildi | İnter Press
Göründüyü kimi, Azərbaycan da, qardaş ölkə də səbirlə Ermənistanı sülhə, dinc-yanaşı yaşamağa dəvət edir, onun rəhbərliyini, siyasi qüvvələrini illüziyalarla yaşamaqdansa, realist düşünməyə və regiondakı yeni status-kvonu qəbul edib öz xalqının mənafeyi naminə praqmatik, rasional və konstruktiv addımlar atmağa çağırır.
Əslində Prezidentin yuxarıdakı açıqlamaları rəsmi Bakının son xəbərdarlıqları da hesab edilə bilər. Nədən ki, ötən bir illik zaman kəsiyi müddət Ermənistanın doğru qərarlar verməsi üçün ən optimal və yetərli müddətdir. Bölgə 2022-yə də hazırkı qeyri-müəyyən vəziyyətdə girə bilməz. Çünki qeyri-müəyyənlik yeni hərbi toqquşmalar riski deməkdir…
*****
Bu arada rəsmi Moskva keçmiş “Dağlıq Qarabağ” konfliktinə görə bölgədə 30 ildir bağlı qalan nəqliyyat yolları və kommunikasiyaların açılmasının vaxtı çatdığını bəyan edib. Belə ki, srağagünkü brifinqdə Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib: “Azərbaycan və Türkiyə prezidentlərinin irəli sürdüyü “altılıq platforması”nın (“3+3”) yaradılması ideyasını dəstəkləyirik. Əlbəttə, hesab edirik ki, bu planı praktik müstəviyə keçirməyin vaxtı gəlib çatıb. Çoxtərəfli regional əməkdaşlığın inkişafı bu əməkdaşlıq formatında nəzərdə tutulan bütün iştirakçıların maraqlarına cavab verir. Fikrimizcə, bu əməkdaşlıq mexanizminin həyata keçirilməsinə başlanılması dövlətlərarası münasibətlərdə etimadın yüksəldilməsinə, mövcud ziddiyyətlərin nizamlanmasına, regionun iqtisadi və nəqliyyat potensialının üzə çıxmasına kömək edər. Məsələlər çoxdur. Bu əməkdaşlıq formatı həm köhnə problemlərin, həm də yeni çağırışların həllinə kömək edə bilər və etməlidir”.
Qeyd edək ki, gələn həftə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında üçlü formatda növbəti görüşün keçiriləcəyi söylənilir. Hərçənd indiyədək bu xüsusda rəsmi səviyyədə hər hansı mötəbər açıqlama səslənməyib.
*****
Bəs Ermənistandan bu ərəfədə hansı siqnallar gəlir? Əfsus ki, İrəvan yetkililərinin bəyanatları böyük sülhü yaxınlaşdırmaq baxımından nikbinliyə heç bir əsas vermir.
Məsələn, srağagün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Nouvelles d Armenie” nəşrinə müsahibəsində növbəti dəfə köhnə bayatıları oxuyaraq həyasızcasına bildirib: “Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağın və Dağlıq Qarabağ münaqişəsinin mövcud olmadığı barədə bəyanatlarına baxmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, eləcə də bir çox başqa dövlətlər Ermənistan tərəfinin mövqeyini bölüşür: Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır və o, Minsk Qrupunun həmsədrliyinin mandatı çərçivəsində məlum prinsiplər və elementlər, o cümlədən xalqların öz müqəddəratını təyinetmə hüququ əsasında hərtərəfli nizamlanma şəklində həllini tapmalıdır”.
Maraqlıdır ki, eyni gündə baş nazir Nikol Paşinyan da regionda sülhə deyil, müharibəyə “xidmət edən” analoji sərsəm açıqlama verib. Belə ki, uydurma “artsax”ın uydurma və komik “prezidenti” Araik Arutyunyanla İrəvandakı son görüşü zamanı Paşinyan “məlum prinsiplər, o cümlədən xalqların öz müqəddəratını təyinetmə hüququ əsasında Minsk Qrupunun həmsədrliyi çərçivəsində danışıqlar prosesinin tam bərpasının vacibliyini” bildirib və əlavə edib: “Bununla da Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli və həmsədrlərin də qeyd etdiyi kimi, Dağlıq Qarabağın statusunun dəqiqləşdirilməsi baş tutacaq”, – deyə o qeyd edib.
Yada salaq, bir neçə gün öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Qarabağ məsələsi”ndən danışarkən söyləmişdi ki, “artsax” heç vaxt Azərbaycanın tərkibində olmayacaq”.
*****
Üçlü görüş ərəfəsində erməni rəsmilərinin dilindən ard-arda səslənən belə təxribatçı bəyanatlar sözsüz ki, sülhə işləmir. Ermənistanın böhrandan çıxmasına yardım etmir və etməyəcək.
Bəzi siyasi müşahidəçilərə görə, bu qəbildən destruktiv açıqlamalar əsasən daxili auditoriyanı sakitləşdirmək üçün verilir. Lakin daha inandırıcı versiya belədir ki, Ermənistan bu hiylə ilə özü üçün qiymətli vaxt qazanıb ordusunu bərpa etməyə və danışıq masası arxasında əvvəlki söz sahibliyinə qayıtmağa, yekun etibarilə Azərbaycana ərazi iddiasının gündəmdən çıxmamasına ümid edir.
Buna isə Azərbaycan imkan verməyəcək. Verə bilməz. Ona görə ki, əgər Ermənistan hazırkı böhranlı durumu ilə “ipə-sapa” yatmırsa, azacıq “özünə gələndən” sonra hansı iddialarla çıxış edəcəyini proqnoz etmək çətin deyil. İrəvan, ümumiyyətlə, “sülh” sözünü siyasi leksikonundan çıxaracaq. Bu da bölgədə növbəti və labüd müharibə demək olardı…
Mənbə: Yeni Müsavat