Kəsici-deşici alətləri sosial şəbəkələrdə və Bakının müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb.
Bu barədə “7Times.az ”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür.
Bu tədbirlər çərçivəsində kəsici-deşici alətlər satan 1999-cu il təvəllüdlü Hüseynov Nurəddin, 1986-cı il təvəllüdlü Səfərov Elşən, 1990-cı il təvəllüdlü Əliyev Nihat, 1985-ci il təvəllüdlü Hacıyev Ariz, 1980-ci il təvəllüdlü Rəhimov Vahid və əvvəllər xuliqanlıq əməlinə görə məhkum olunmuş 1987-ci il təvəllüdlü Hüseynov Anar müəyyən olunaraq saxlanılıblar.
Onlardan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan 400 ədədə yaxın kəsici-deşici alət aşkar olunaraq götürülüb, təbliğatını apardıqları sosial şəbəkə hesablarının fəaliyyəti məhdudlaşdırılıb.
Maddi sübut kimi götürülən həmin soyuq silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcəkdir.
“Daxili İşlər Nazirliyi məişət təyinatı olmayan soyuq silahların satışının məsuliyyət yaratdığını diqqətə çatdıraraq bunu təşkil edən şəxsləri əməllərindən çəkinməyə çağırır”, – deyə məlumatda qeyd edilib.