Dünya

Bakını raketlə vurmaqla hədələyən İran – Ermənilərin “XİLASKARI”: Düşmənimiz kimdir?

Bakını raketlə vurmaqla hədələyən İran – Ermənilərin “XİLASKARI”: Düşmənimiz kimdir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

II Qarabağ müharibəsi təkcə 30 illik işğala son qoymağı ilə əlamətdar olmadı. Azərbaycanın regionda geosiyasi reallığı dəyişdirən mübarizəsi bəzi dövlətlərin nəinki məkirli niyyətlərini üzə çıxardı, eyni zamanda onların birgə cinayət əməllərini, beynəlxalq hüquqa zidd fəaliyyətlərini faktlarla aşkar etmək baxımından olduqca əhəmiyyətli oldu.

Azərbaycan 30 il Ermənistanın nəzarəti altında olmuş İran ilə dövlət sərhədinin 132 kilometrlik hissəsində işğala son qoymaqla nəzarəti bərpa edəndən sonra keçən iki il ərzində Azərbaycanın Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağladığı hər kəsə bəllidir.

Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə etdiyi üçün Azərbaycanın ərazilərini düşmən tapdağından azad etməsinə görə heç də şad olmadı.

10 noyabr üçtərəfli bəyanatla isə Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın Qərb rayonları ilə Naxçıvanı birləşdirən dəhlizin açılması ilə bağlı razılıq əldə olundu ki, Tehranın yuxusunu o gün-bu gün qaçıran ikinci əsas məqam oldu. Azərbaycanın Zəngəzur prosesi bir-birinə doğma qardaş olan İran və Ermənistanda cidi təşvişə səbəb oldu. Böyük bir ordu ilə Araz vadisində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) başladığı son hərbi təlimlər, qarşı tərəfdən bir-birinin ardınca sələndirilən absurd bəyanatlar deməyə əsas verir ki, İran höküməti əlindən gələni edir ki Zəngəzur dəhlizi açılmasın. Əks halda Tehran qardaşları ilə növbəti sərhəddən məhrum olacaqlarından qorxurlar.

Bu səbəbdəndir ki, İran Xarici İşlər Nazirliyi, Prezidenti, digər diplomatik korpus nümayəndələri və hətta mollabaş rejimin əyalət mollarına kimi hamısı bir ağızdan mütəmadi olaraq təkrar edirlər ki, Ermənistan və Azərbaycanın sərhədlərinin dəyişdirilməsi İran üçün qəbuledilməzdir və bizim qırmızı xəttimizdir.

Qafanda açılan İran konsulluğu

Hətta İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın bu ərəfədə təcili Qərbi Zəngəzura səfər edərək Qafanda erməni həmkarı Ararat Mirziyanla İran konsulluğunun açılış mərasimində iştirak etməsi rəsmi Tehranın əslində uzun illərdir Azərbaycana qarşı içlərində bəslədikləri kin-küdurətin fərqli tərzdə təzahürüdür. Azərbaycanın düşməni ilə bu cür əlaqələr qurub, onun təəhülkəsizliyi məsələsini öz təhlükəsizliyi elan edən İran Azərbaycanımn dostu, xüsusən də “din-şiə qardaşı” ola bilməz.

Ermənistan səfəri zamanı “Biz Ermənistanın təhlükəsizliyinə İranın təhlükəsizliyi kimi baxırıq”, – deyən Abdullahian onu da əlavə edib ki, Qafanda İran konsulluğunun fəaliyyətə başlaması iki ölkə arasında əlaqələrin daha da inkişafından xəbər verir və bu, İran-Ermənistan tarixi əlaqələrinin dərinləşməsinin təzahürüdür”.

Qafqaz regionunda hər hansı geosiyasi sərhəd dəyişikliyinə qarşı olduğunu açıq və çəkinmədən dilə gətirən İran rəsmisi bununla da geridə qalan 30 illik işğal zamanı bölgədəki vəziyyətə görə dolayısı ilə məmnunluqlarını da ifadə etmiş olurlar. Bununla da İran 4 minə yaxın azərbaycanlı uşaq, qadın, yaşlı demədən insanını itkin düşməsindən, minlərlə insanının erməni işğalçıları tərəfindən dəhşətli qətliamlar, soyqrımlar zamanı öldürülməsindən, torpaqlarının işğalda olmasından məmnunluğunu ifadə etmiş olur.

Hələ Tehran rəsmiləri utanmadan Ermənistana görə Azərbaycana qarşı müharibəyə belə hazır olduqlarını açıq şəkildə bəyan edə bilirlər.

Bütün bu faktlar bir daha göstərir ki, Tehran üçün hər şeyin fövqündə İran-Ermənistan münasibətləri durur. Təəssüf hissi ilə qeyd edirəm ki, zülmə qarşı mübarizə düşüncəsi üzərində qurulan Cəfərilik məzhəbi İranın siyasi maraqlarına qurban edilməkdədir. Əslində isə İranın şiəliklə heç bir əlaqəsi yoxdur.

Sadalanan məsələlərə (Günahsız, əli yalın körpə, qadın, yalı demədən minlərlə insanımızı xüsusi amansızlıqla qətlə yetirən, məsdidlərimizi, tarixi, dioni abidələrimizi heyvan saxlancı kimi istəifadə edən Ermənistana bu vaxta kimi gözün üstə qaşın var deməməsi, hər hansı bir formada xəbərdarlıq etməməsi) İranın münasibət(sizliy)i deməyə çox tutarlı əsaslar yaradır ki, Şiəlik İran üçün fars imperializminin genişlənməsi və gəlir mənbəyindən başqa bir şey deyilmiş. Məsciddə dövlət qurmaq istəyənlər, bu yolla Azərbaycandakı daxili və xarici proseslərə müdaxilə imkanı əldə etməyi planlasalar da 44 günlük müharibə Azərbaycan xalqının dostunu-düşmənini tanıması üçün, kimin kim olduğunu bilməsi üçün önəmli bir müddət oldu.

Amma indi İranla Ermənistan arasında sərhədi təhdid edən istənilən ssenariyə müqavimət göstərəcəyini çox aydın şəkildə bildirməkdən çəkinməyən İran qonşu ölkələrin ərazi bütövlüyünün və sərhədlərinin pozulmasının əleyhinə olduğunu deyirsə, bəs niyə Ermənistanın 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasətinə bir dəfə də olsun səsini çıxarmadı, onu pisləyəcək hər hansı bir bəyanat yaymadı?

Mən hələ buna görə Ermənistana təzyiq göstərmək məqsədilə sərhəddə hər hansı bir təlim keçirmək üçün bir cəhd belə etmədiyini demirəm..

Amma biz bu gün nəyin şahidiyik?! – Ermənistanın öhdəliklə üzərinə götürdüyü kommunikasiya xəttlərinin (Zəngəzur dəhlizi) açılışı məsələsinə “İran-Ermənistan sərhədi tarixi kommunikasiya marşrutudur və dəyişməz qalmalıdır” deməklə mane olmaq üçün Azərbaycanla sərhədboyu hərbi güc nümayişi variantını seçən Tehran, hələ utanmaz-utanmaz Bakıya Zəngəzur dəhlizini açaraq Ermənistanla sərhədinin bağlanacağı təqdirdə Azərbaycana hücum edəcəyi mesajını da istər KİV-ləri (SEPAH-a bağlı “Telegram” kanalı yenidən həyasızcasına Azərbaycana təhdid yağdırıb. Belə ki, provokativ başlıqlı təhdid paylaşımı edən kanal yazıb: “İranın hansı raket bazaları “Bakı” üçün təhlükəli sayılır?! Bakı cürətkarlıq edəcəyi halda, SEPAH-ın Aerokosmik Qüvvələrinə məxsus Təbrizdə yerləşən “Esfəhlan” adlı iki raket bazası cəmi bir neçə dəqiqə ərzində dəqiq nöqtə vuran ballistik raketlərlə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Kürdəmir və Bakıdakı “Nasosnaya” bazalarını məhv edə bilər…”.) vasitəsi ilə, İstərsə də keçirdiyi hərbi təlimlərin mahiyyəti ilə bildirməyə çalışır.

Amma Azərbaycanın gözünü bu cür xırda məsələlərlə qorxutmaq olmaz. Çünki Azərbaycan daha 1990-cı ilin sonlarındakı Azərbaycan deyil ki, onunla hədə-qorxu dilində danışıb, xalqını “din-şiə” adı altında pərdələnməklə aldatmağa cəhd edə.

Göründüyü kimi əslində Azərbaycanın gizli düşməni illərdir burnumuzun ucunda “islam” adı altında bu xalqın ən həssas məsələlərindən biri olan din amilindən istifadə etməklə öz çirkin, ermənipərəst siyasətini pərdələməyə çalışan elə İrandır. Beləcə, İran növbəti dəfə öz mahiyyətini tam şəkildə açıq-aşkar göstərir.

Azərbaycanın cənub sərhəddi boyunca hərbi təlimlər keçirən, qırmızı xətlərdən danışan İran necə islam dövlətidir ki, Ermənistana kamikadze dronların satılması məsələsində İrəvanla razılığa gəlir. Verilsə də, verilməsə də istər işğal dövründə, istərsə də 44 günlük müharibənin gedişində İrandan Ermənistana müxtəlif gizli yollarla kifayət qədər silah verilib.

Hələ bu azmış kimi sisternlərlə benzin və yanacaq daşınıb, əllərində tutmuşuq, şəkillərini çəkmişik, sübutlar hələ də bütün medai orqanlarında mövcuddur. Müharibə dövründə bizə atəş açan əsgərlərimizi və mülki əhalini öldürən erməni hərbi texnikasının neçə faizi həmin yanacaqlardan istifadə edib?

Bütün bunların hamısını qoyaq qırağa. Heç kim də bilməsə İran da bilmir ki, Zəngəzur müsəlman torpağı olub? Bir dəfə də olsun deyibmi ki, nə olub orda yaşayan müsəlman şiə əhalisinə? Əvəzində dini və siyasi liderləri çıxıb deyirlər ki, oradan Ermənistanla İran arasında min illər boyu yol keçib. Bəli keçib, amma yolun üstündə müsəlmanlar yaşayıb. Hanı onların məzarlıqları, məscidləri və tarixi abidələri? İran bir dəfə də olsun bu zamana kimi bununla bağlı Ermənistana sual ünvanlayıbmı?

Məsələ ondadır ki, İran Araz çayı boyunca “Qüdrətli İran” adlandırdığı bu təlimləri keçirməklə və təlimlər çərçivəsind Araz çayı üzərində müvəqqəti ponton körpüsünün inşa edilməsini məşq etməklə Azərbaycana real münasibətini göstərmiş oldu.

Amma Azərbaycan da bu məsələdə artıq addımlarını daha böyük hədəfə görə atacaq. Prezident İlham Əliyevin ötən gün Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən səəsləndirdiyi fikirlərin böyük əksəriyyəti məhz bu gün Azərbaycanla təhdid dilində danışan İrana verilən önəmli mesajlardan ibarət oldu: “Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik. Həmçinin mən bunu da bilirəm ki, Türk dövlətlərinin bütün rəhbərləri bu və ya digər ölkələrdə onların qardaşlarının hüquqlarının necə təmin edilməsinə böyük əhəmiyyət verirlər”.

Bununla da Əliyev bəyan etmiş oldu ki, Güneydəki soydaşlarımızın üzləşdikləri problemlər Türk Dövlətləri Təşkilatında qaldıracaq və həll edilməsi istiqamətində çox ciddi addımlar atılacaq. Prezidentin çıxışının ardında bildirdiyi “Qarşıdakı illərdə biz Türk Dövlətləri Təşkilatı çərçivəsində bu mövzunu – taleyin hökmü ilə Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrin hüdudlarından kənarda yaşayan qardaşlarımızın hüquqları, təhlükəsizliyi, milli identikliyi məsələlərini çox ciddi müzakirə etməliyik” fikirləri bunun anonsu hesab edilə bilər.

Azərbaycana qarşı açıq şəkildə düşmənçilik etdiyini elan edən İranın Qafanda konsulluq açması Qərbi Zəngəzurda mövcud olmaq planının tərkib hissəsi olsa da çox güman ki, hadisələrin belə sürətlə cərəyan etməsi Ərdoğanın Şərqi Zəngəzura gəlişindən qaynaqlanır. Alayarımçıq binada “qırmızı lenti” kəsən Abdullahian “Qafanlılara demək istəyirəm ki, narahat olmasınlar, biz erməni xalqı üçün buradayıq” açıqlaması ilə bir daha molla rejiminin Bak-Ankara birliyinə Tehran-İrəvan “qardaşlığı” ilə cavab vermək niyyətində olduğunu nümayiş etdirir.

Amma İran unutmasın ki, İranda təkcə azərbaycanlıların sayı 35 milyondur, dünyada 80 milyon türk xalqı yaşayır, Azərbaycanın əhali nüfuzu 10 milyondur. Bu isə o deməkdir ki, ayağımızı yerə bərk vursaq, bütün fars rejiminin sonu ola bilər.

Odur ki, Azərbaycanı hücumla hədələyən İran öncə keçirdiyi hərbi təlimlərin və texnikasının nəyə qadir olduğuna bir baxsın, sonra edəcəyi ən cüzi həmlə nəticəsində qarşısına kimləri alacağını bir düşünsün.

milli.az