Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstan səfərindənn öncə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə keçirilən görüşdə Qarabağ məsələsindən danışıb.
Paşinyan yenə də sərsəm bəyanatlarla çıxış edərək bildirib ki, onların əsas prioritet məsələsi “Artsax”ı beynəlxalq səviyyədə tanıtmaqdır:
“Bizim vəzifəmiz aydındır: Ermənistan Respublikasını gücləndirmək, dövlətçiliyimizi, suverenliyimizi, müstəqilliyimizi, ərazi bütövlüyümüzü möhkəmləndirmək, “Artsaxın” mövcudluğunu və “Artsax” xalqının hüquqlarının tam şəkildə qorunmasını təmin etmək, Qarabağ münaqişəsinin həlli, “Artsax”ın beynəlxalq səviyyədə tanınmasını həyata keçirmək”, – deyə o vurğulayıb.
Brüssel görüşündən sonra Baş nazirin bu şəkildə “nala-mıxa vurmasının” səbəbi nədir?
Bu səpkili açıqlamalar, sırf daxili auditoriyaya yönəlib, yoxsa erməni xisləti yenə də özünü büruzə verir?
Ermənistanın siyasi rəhbərliyi bununla nəyə eyham vurur?
Yenisabah.az-ın suallarını cavablandıran “Azərbaycan Milli Strateji Tətqiqatlar Mərkəzi”nin rəhbəri, politoloq Natiq Miri bildirib ki, bu səpkili açıqlamaların əsas səbəblərindən biri, Ermənistan hakimiyyətinin müstəqil siyasi iradəyə malik olmamasıdır:
“Təsəvvür edin ki, bir tərəfdən Ermənistan ordusuna nəzarət edən Rusiyanın təzyiqi mövcuddur, digər bir tərəfdən isə Rusiyanın orbitindən çıxmaq istəyən Ermənistan hakimiyyətini, bilavasitə maaliyyələşdirən və dolayısıyla idarə edən Qərb dünyası. Bu kontektsdə ABŞ, AB, Fransa hər zaman Ermənistan hakimiyyətinin siyasətinə təsir etmək istəyirlər.
Bu baxımdan iki stulda oturmaq istəyən Nikol Paşinyan, əslində, heç bir stulda əyləşə bilmir. Niyə? Çünki Qərbin istəklərini Rusiyanın əleyhinə idarə edə bilmədiyi kimi, Rusiyanın istədiklərini də Qərb istəmədiyi üçün həyata keçirə bilmir. Bu var-gəllər, əslində, Ermənistanda da çox ciddi ziddiyətə səbəb olur. Bu həm ictimai rəydə, həm də siyasi müstəvidə, hətta hakimiyyətdaxili çəkişmələrdə də özünü büruzə verir”.
N.Miri onu da vurğulayıb ki, N.Paşinyanın bu açıqlaması daha çox daxili auditoriyaya hesablanıb:
“Əks təqdirdə, Nikol Paşinyana erməni cəmiyyətində sual olunmalıdır ki, erməni lobbisinin xərclədiyi böyük maliyyələr hesabına dekabrın 14-də Brüsseldə görüş baş tutdu və bu görüş Rusiyadakından fərqli olaraq, sadəcə Aİ rəhbərliyinin moderatorluğu altında olmadı. Bilirsiniz ki, qapını bağlayıb çıxdılar və 5 saatadək Azərbaycan və Ermənistan rəhbərləri bir çox məsələləri müzakirə etdi və çox maraqlıdır ki, Aİ-nin Baş katibi Şarl Mişelin rəhbərliyi altında Brüsseldəki üçtərəfi görüşdə, hətta Şarl Mişelin görüşdən sonra verdiyi bəyanatda belə, ümumiyyətlə, Qarabağ problemi, status məsələsi, Qarabağdada yaşayacaq ermənilərin gələcək taleyi haqqında bircə cümlə belə yoxdur. Bu nə deməkdir? Bu o deməkdir ki, artıq Azərbaycan Prezidentinin münaqişədən sonrakı reallıqlar haqqındakı açıqlaması, birmənalı olaraq Qərb dünyasında qəbul olunur”.
“Əslində, bu Azərbaycanın doğru və ədalətli yanaşmasına görə deyil, sadəcə olaraq Azərbaycan bu prosesdə qalib və güclü tərəf olduğunu bu 1 il müddətində sübut etdi. Yəni 1 il müddətində yanaşma tərzi ondan ibarət idi ki, erməni dövlətinin vasitəsiylə regionda, yəni Cənubi Qafqazda Qərb dünyası yenidən siyasi proseslərə qatılmalıdır və bu yöndə konkret planlarını həyata keçirmək istəyirdi ki, bu da alınmadı. Zaman-zaman Azərbaycan-Ermənistan sərhəddində və yaxud Qarabağda baş verən hərbi təxribatların da əsas qayəsi bundan ibarət idi. Ancaq hər dəfə Azərbaycan adekvat cavab verib güclü zərbələr vuraraq növbəti dəfə Ermənistanı həm canlı, həm də mövqe itkilərinə məruz qoydu. 16 noyabrdakı sonuncu hadisə fikrimcə, daşırıcı nöqtə oldu.
Yalnız bundan sonra Qərb dünyası, xüsusilə də AB-də oturuşmuş bir fikir hasil oldu ki, zəif, ordusu dağılmış erməni dövləti vasitəsiylə regionda varlığını təsbit etmək, proseslərə qoşulmaq mümkün deyil. Bunun üçün mütləq mənada güclü və qalib Azərbaycanla anlaşmağa ehtiyac var. Biz bunu Brüsseldə gördük. Bunu Ermənistan hakimiyyəti də gördü və düşünürəm ki, artıq qaçacaq yeri olmadığını anladı”, – deyə siyasi şərhçi vurğulayıb.
Politoloqun sözlərinə görə, ancaq buna rəğmən Ermənistan siyasi müstəvisində və ictimai rəyində vəziyyət tamamilə fərqlidir:
“Hələ də Ermənistanda bu reallığı qəbul edən oturuşmuş bir fikir yoxdur. Revanşist qüvvələr və Rusiyanın, eyni zamanda “Qarabağ klanı”nın maliyyələşdirdiyi medianı vərəqləsənəniz, görəcəksiniz ki, hələ də revanşist fikirlər və qisas almaq, yenidən Qarabağı qaytarmaq kimi fikirlər ictimai rəyə təlqin olunur. Ona görə də, belə bir fikir mövcud olduqca, Nikol Paşinyanın bu cür absurd açıqlamalarıyla qarşılaşmalı olacağıq.
Çünki fakt bundan ibarətdir ki, Qarabağ məsələsi, artıq Ermənistanla müzakirə predmeti olmayacaq dərəcədədir. Bu da Azərbaycanın iddiası ilə əlaqəlidir. Ona görə də, Avropanın göbəyində – Brüsseldə Qarabağ məsələsi müzakirə olunmadı. Ona görə yox ki, Avropa istəmədi, ona görə ki, Azərbaycan istəmədiyi üçün Qarabağ problemi müzakirə predmeti olmadı və düşünürəm ki, bundan sonra da heç bir zaman Qarabağ Ermənistanla müzakirə predmeti olmayacaq. Ermənistanla müzakirə predmeti, artıq bəllidir. 10 noyabr sənədinin icra olunması və bu kontektsdə sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların açılması və şərtlərin yerinə yetirildiyi təqdirdə böyük sülh sazşinin imzalanmasıdır ki, düşünürəm ki, artıq bu reallığı Qərb dünyasında da qəbul etdilər”.
Millət vəkili Aqil Abbas isə hesab edir ki, bu kimi açıqlamalar, yalnız daxili auditoriya üçündür:
“Mən bu haqda nə deyim? Başı çatmayan adamdır, özü üçün çərənləyir. O “Artsax”a status-mtatus, hamısı çıxıb gedib, cəhənənmə vasil olub. Görüşlərdə, bəyanatlarda bu söhbət olunub. İndi bu sözlər, təzədən daxili auditoriya üçün söylənmiş bir məsələdir. “Artsax”a nə hüquq? Qalıb yaşayacaqlarsa Azərbaycanda qoy qalsınlar, yox yaşamayacaqlarsa, dünyanın 4 tərəfinə yol açıqdır. Fransa da açıqdır onlara. Qoy, getsinlər oraya”.
“Sözüm ondadır ki, belə söhbətlər hələ bir müddət gedəcək. Bu Paşinyan və yaxud onların heç nəyə lazım olmayan prezidenti hələ çox belə şeylər deyəcəklər.
Məqsəd itirilmiş nüfuzu bərpa etmək, daxili auditoriyanı ələ almaqdır. Mən belə düşünürəm və ayrı bir şey də görmürəm. Onu da deyim ki, bu, artıq mümkün də deyil. Sərhədlər tanınandan sonra, bu, artıq Ermənistanın da Azərbaycanın ərazi bütövlüyünü tanıması deməkdir. Ondan sonra hansı “Artsax” və yaxud nə bilim nə ola bilər ki? Boş-boş söhbətlərdir də özü üçün edir”, – deyə A.Abbas yekunlaşdırıb.
Follow @7timesaz