Xalq artisti Yusif Eyvazov Rusiyanın NTV kanalında yayımlanan “Однажды” proqramının qonağı olub.
7Times.az Axşam.az-a istinadən xəbər verir ki, opera ifaçısı həyatından, xoşbəxtliyindən danışıb:
“Gənc yaşlarımda çox utancaq idim. Hətta bəzən komplekslərim də olurdu. Amma indi 44 yaşım var və mən heç nədən çəkinmirəm, qorxmuram”.
Y.Eyvazov bildirib ki, atası sənət yolunda hər zaman onu dəstəkləyib, anası isə onun necə pul qazanacağını düşünüb:
“Heç kim təsəvvür etmirdi ki, musiqi peşə ola bilər. Monserrat Kabalyenin ifalarına qulaq asanda düşünürdüm ki, bir insan necə belə səs çıxara bilər? Bunu öyrənməyə başladım. 29 yaşıma çatanda isə nədən pul qazanacağımı düşünməyə başladım. Həmin vaxta qədər dəli kimi pul xərcləyir, müxtəlif yerlərdə çalışırdım. Hətta ofisiant da işləmişəm. Qazandıqlarımı təhsilə verirdim. “Aida” operasını oxudum, bu, İtaliyada mənim debütüm oldu”.
Xanımı, Rusiyanın Xalq artisti Anna Netrebkodan bəhs edən Yusif onun alış-verişi çox sevdiyini deyib:
“Başa düşə bilmirəm ki, bu qədər geyimi nə edir. Onları geyinməyə vaxtı belə çatmır. Nyu-Yorkda, Venesiyada, Sankt-Peterburqdakı evlər yeni geyimlərlə doludur. Hətta onlar arasında üzərində etiketləri olanlar da var”.
Opera ifaçısı ilə tanışlıqlarını xatırlayan Yusif bildirib ki, Annanın oğlu ilk vaxtlar onu qəbul etməyib:
“Onun autizm sindromu var idi, saatlarla iPad-lə oyunlar oynayırdı. İndi o mənim, mən isə onun ən yaxın dostudur. Hər şeyini açıq danışacağı insan mənəm. Hiss etmirəm ki, ata deyiləm, mənim övladım var. Mənim üçün Tyaqonun bioloji atası olmamaq problem deyil. Genetik cəhətdən Anna ilə aramızda uyğunsuzluq var. Buna görə də öz uşağımız ola bilməz. Nyu-Yorkda bunu etmək istədik, müayinələrdən sonra qərar verildi ki, mümkünsüzdür. O, başqa kişidən uşaq dünyaya gətirə bilər, mən də başqa qadından ata ola bilərəm. Amma bir yerdə olmaz.
Kimdən uşaq sahibi olum? Surroqat anadan? Bu cür hallardan qorxuram. Başqasından olan uşaq mənim nəyimə lazımdır? Ən yaxşısı başqasının uşağını övladlığa götürərəm. Bu versiya mənim üçün daha yaxşıdır, nəinki həyat yoldaşımdan uzaq bir qadından ata olmaq…”.
Follow @7timesaz