İqtisadiyyat

Bəzi sahələrə niyə büdcədən az vəsait ayrıldı?— Ekspert açıqladı

Bəzi sahələrə niyə büdcədən az vəsait ayrıldı?— Ekspert açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq Azərbaycanın 2022-ci il üçün dövlət büdcəsi açıqlanıb. Maliyyə Nazirliyinin açıqladığı rəqəmlərə əsasən, 2022-ci ildə dövlət büdcəsinin gəlirləri 26 milyard 407 milyon manat məbləğində proqnozlaşdırılır. Büdcədən işğaldan azad edilmiş ərazilər üçün vəsait ayrılıbsa, bəzi sahələr üçün ayrılan məbləğ azaldılıb. Məsələn, gənclər və idman sahəsinə növbəti ilin büdcəsindən ayrılan vəsait əvvəlki illərlə müqayisədə 10 milyon manata yaxın azaldılıb. Bəs növbəti ilin dövlət büdcəsi nə vəd edir? Bəzi sahələrə ayrılan vəsaitin azalması nə ilə bağlıdır?

7times.az xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov Demokrat.az-a verdiyi açıqlamada növbəti il üçün dövlət büdcəsinə daha həssas yanaşmanın həyata keçirildiyini qeyd edib:

“Azərbaycan 2022-ci il üçün dövlət büdcəsində gəlirlərin əsas hissəsi Dövlət Neft Fondundan transfert xətti ilə daxil olmalar təşkil edir. Bu daxil olmaların maksimum həddə çatdırılması əsas nüanslardandır. Bu il 2 milyard manatdan artıq vəsait işğaldan azad olunmuş ərazilərin bərpası üçün ayrılıb. Həmçinin bəzi sahələrə ayrılan vəsait azaldılıb. Bu, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlıdır. Artıq dövlət büdcəsi xərclərinə daha ehtiyatla yanaşılmalıdır. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun yaradılması, insanların doğma torpaqlarına qayıdışının təmin olunması və ümumiyyətlə, bu ərazilərdə iqtisadi inkişafın həyata keçirilməsi üçün 50 milyard manatdan artıq vəsait lazımdır. Bu vəsaitin bir il içərisində ayrılması isə mümkün deyil. Dövlət olaraq illik büdcədən bütün investisiya layihələrini icra etməli, sosial məsələləri həyata keçirməli və paralel olaraq işğaldan azad olunmuş ərazilərin bərpasına nail olmalıyıq. Buna görə də, növbəti ilin dövlət büdcəsinə daha həssas yanaşma tələb edilir”.

Ekspertin sözlərinə görə, inflyasiya meyilləri də dövlət büdcəsinə müəyyən təsir göstərib: “Digər tərəfdən, inflyasiya meyillərinin artması, manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi insanların xərcini artırmış oldu. Manatın hazırkı alıcılıq qabiliyyəti bir il əvvəlki ilə müqayisədə xeyli dəyişib. Düşünürəm ki, inflyasiya meyilləri hələ bir müddət davam edəcək. Bu səbəblə, dövlət başçısı 2022-ci ilin dövlət büdcəsinin hazırlanması zamanı Nazirlər Kabinetinə tapşırıq verdi ki, növbəti il pensiyaların, əmək haqlarının və digər ödənişlərin artırılması ilə bağlı xərclər büdcə hazırlanarkən nəzərə alınsın. Düşünürəm ki, sentyabrda təqdim olunmuş büdcə layihəsində dəyişikliklər olacaq və daha fərqli layihə görə bilərik. Dəyişikliklərin hansı formada olacağını isə qarşıdakı müddətdə şahidi olacağıq”.