“Belə bəyanatlarla Borrel bir diplomat kimi özünü tamamilə sıfırlayır…”
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın “RİA Novosti” agentliyi məlumat yayıb.
Lavrov qeyd edib ki, Rusiya XİN-i ispan dilindən ingilis dilinə tərcümədə ehtimal edilən dəqiqsizliyi yoxlamaq üçün Borrelin çıxışının stenoqramını təqdim etməyi tələb edir.
“Biz cənab Borrelin ofisinə ispan dilində çıxışının stenoqramını təqdim etmək üçün sorğu göndərmişik. Bizə onu təqdim etmirlər. Biz məsələyə tam aydınlıq gətirməyə çalışacağıq və əgər bu gün bu stenoqramı ispan dilində alsaq, müvafiq nəticələr çıxaracağıq”, – agentlik Lavrovun sözlərindən iqtibas gətirib.
“Əgər bütün dünya KİV-lərində yayılan məlumat öz təsdiqini taparsa, bu adamlarla necə işləmək barəsində çox böyük suallar meydana çıxacaq. Əgər Borrel instinktiv olaraq, onun ifadə etdiyi kimi, “faşist rejimi” ilə mübarizəni özlüyündə aydın olan mübarizə hesab edirsə, o zaman onun Moskvadakı nümayəndəsinə hansı tapşırıqları verdiyini və bu nümayəndənin hansı xətti yeridəcəyinı bilmək istərdim”, – Sergey Lavrov vurğulayıb.
2022-ci ilin sentyabrın 5-də Praqada keçirilən xarici siyasət və təhlükəsizlik məsələləri üzrə parlamentlərarası konfransında deputatların suallarını cavablandırarkən Borrel ispan dilinə keçib.
Estoniyalı deputat sual verərkən “faşist Rusiyası” ifadəsi işlədib. Suala cavab verərkən, Borrel bu söz birləşməsindən iqtibas gətirib. Tərcüməçi (tərcüməni Çexiyanın nümayəndələri edib) Borrelin eston nümayəndəsindən iqtibas gətirdiyini qeyd etməyib, nəticədə belə təəssürat yaranıb ki, “faşist Rusiyası” ifadəsi Borrelin özünə məxsusdur.
“Mən Lavrovun açıqlamalarını eşitməmişəm və oxumamışam, lakin, bütövlükdə, bizim prinsiplərə uyğun olaraq, biz üçüncü ölkələrin XİN-ilə diplomatik mübadiləni açıq şərh etmirik”, – Lavrovun bəyanatını Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano belə şərh edib.
Kreml hadisə ilə bağlı bəyan edib ki, düzgün olmayan tərcümə səbəbindən “qeyri-dəqiq ifadələrə pis baxır”.
“Belə bəyanatlarla cənab Borrel bir diplomat kimi özünü tamamilə sıfırlayır. Əlbəttə, bu gündən onun Rusiya haqqında mülahizələrinin heç bir əhəmiyyəti olmayacaq”, – bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
XİN nümayəndəsi Mariya Zaxarova Borrelin çıxışı zamanı Rusiya barədə deyilənləri “iyrənc” adlandırıb.
“O, dəqiq belə deyib: “Bu gün biz Ukrayna nümayəndələri ilə təşkilata daxil olmaq haqqında danışıqlar çərçivəsində görüşürük. Hələlik, bizim faşist ölkəyə və onun rejiminə necə qalib gəlmək barədə konkret planımız yoxdur”, – Borrel deyib. O, dəqiq belə deyib, amma tərcüməçinin üstünə atıb. İndicə videonu əldə etmişik, onu istənilən halda əldə edəcəkdik. Borrel ölkəmiz barəsində belə sözlər işlətməyi özünə rəva bilir. Sonra da bəyan edir ki, belə şey olmayıb. Olub, indi bu video bütün dünyaya yayılacaq”, – Zaxarova bəyan edib.
Follow @7timesaz