Son günlər çimərlikdə boğulmaların sayı artıb. Mövsüm açılandan ehtiyatsızlıqdan, eləcə də nəzarətsiz çimərliklərdə boğulma halları ilə bağlı kifayət qədər məlumat paylaşılıb. Lakin buna baxmayaraq, insanlar təhlükəsizlik tədbirləri olmayan çimərliklərdə üzməyə, özlərinin və yaxınlarının həyatlarını riskə atmağa davam edirlər.
Boğulmaları Xəzər dənizində qeydə alınan zəlzələlərlə bağlayanlar da az deyil. Bir neçə gün ard-arda qeydə alınan yeraltı təkanların çimərliklərdə sürüşmələrə səbəb olduğu, bu səbəbdən də dənizdə suyun dərinliyinə getməyən bir neçə şəxsin sürüşmə səbəbindən boğulduğu iddia edilir.
Bəs əslində, yeraltı təkanlar dənizdə bu cür hallara səbəb ola bilərmi?
7Times.Az xəbər verir ki, məsələ ilə bağlı Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Oxu.Az-a açıqlamasında son günlər Xəzərdə hər hansı dəyişikliklərə səbəb ola biləcək qədər güclü yeraltı təkanların qeydə alınmadığını deyib: “Çimərlik ərazilərində suyun altında çuxurlar əmələ gəlib. Lakin buna səbəb yeraltı təkanlar deyil. Bir neçə gün öncə müşahidə edilən güclü küləklər dənizdə dalğaların sayını artırdı. Külək də suda burulğanlar yaradıb. Qum səthində də torpaq sürüşməsi, çuxurların yaranmasına səbəb budur. Aidiyyəti qurumlar əhaliyə müraciət edib, küləkli hava şəraitində çimərliyə getməməyi tövsiyə ediblər. Lakin təəssüf ki, gənclər, eləcə də kifayət qədər yaşlı insanlar bu məqamlara diqqət etmirlər. İnsan öz təhlükəsizliyini birinci özü düşünməlidir. Bu diqqətsizlik səbəbindəndir ki, son günlər Mərdəkanda, Buzovnada, Siyəzəndə, Şüvəlanda boğulma halları olub. Bu məsələyə çox diqqətli yanaşmaq lazımdır, dəniz zarafatı sevmir”.
Follow @7timesaz