Noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü önəmli məqamlarla yadda qaldı. Prezident İlham Əliyevin də iştirak etdiyi tədbirdə türk dünyası və ümumdünya siyasi prosesləri ilə əlaqədar önəmli mesajlar, bölgə üçün əhəmiyyətli qərarlar diqqət çəkirdi.
Zirvə toplantısının nəticələri barədə 7Times.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə söyləyib ki, Türk dövlətləri zaman-zaman daha çox inteqrasiya etməyə, birgə layihələr həyata keçirməyə, dünya birliyində birgə çıxış etməyə səy göstərirlər. Deputatın fikrincə, bu, alqışlanmalı məqamdır:
“Regiondakı qonşu dövlətlərin, dünyanın hansısa hissəsində bir qrup dövlətin əməkdaşlıq etməsi bütün siyasi proseslərə təsir göstərir. Bu, türk dövlətlərinin birliyi olsa da, başqa dövlətlər də buna maraq göstərir. Məsələn, Macarıstan hər dəfə müşahidəçi qismində çıxış edir və türk dövlətlərinin özü üçün nə qədər önəmli olduğunu vurğulayır. Bu sammit bir daha göstərdi ki, türk dövlətləri daim bir-birinə dəstək verməyə, bir-birinə anlamağa, əməkdaşlığa və köməkliyə hazırdırlar. Bu, olduqca önəmli məsələdir. Çünki hər bir dövlət zaman-zaman problemlərlə qarşılaşır. Həmçinin, türk dövlətlərinin iqtisadiyyatı daha çox inkişaf edir. Başqa dövlətlər bununla kooperasiya edə, məhsulunun dünya bazarına çıxarılması üçün iqtisadi səmərə əldə edə bilərlər”.
Aydın Mirzəzadə bir daha vurğulayıb ki, Zirvə görüşü türk dövlətlərinin dünyada sülhün, əməkdaşlığın güclənməsində maraqlı olduğunu göstərib: “Özləri də buna nümunə göstərirlər. Hansısa dövlət təşkilatın ancaq etnik zəmində qurulmasından narahat olmamalıdır. Dünyada bildiyimiz kimi rusdilli, ingilisdilli, hətta niderlanddilli ölkələrin təşkilatları var. Dünya bundan heç də narahat olmur. Sammit türk dövlətlərinin əməkdaşlığına, inteqrasiyasına müsbət təsir göstərdi. Hətta Özbəkistan prezidenti Şavkat Mirzoyev sammitin hər il keçirilməsini təklif etdi. Bu nəzərdən keçirilə bilər. Sammit dünya mətbuatının diqqətində oldu. Xarici mətbuatda görüşlə, xüsusilə Prezident İlham Əliyevin çıxışı ilə əlaqədar xeyli material dərc edildi. Ölkə başçısının həm Azərbaycanın, həm dünyanın problemləri ilə əlaqədar parlaq çıxışı önəmli əhəmiyyət daşıyırdı. Bundan sonra da Türk dövlətlərinin sammiti dünyada diqqəti cəlb edən əhəmiyyətli hadisələrdən biri kimi yadda qalacaq”.
7Times.az
Follow @7timesaz