Siyasət

Brüssel görüşü günü Paşinyana Bakıdan dəstək PLANI – Erməniləri sevindirmək istəyi…

Brüssel görüşü günü Paşinyana Bakıdan dəstək PLANI – Erməniləri sevindirmək istəyi…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən müharibəsi düşmən üzərində qazandığımız ən şanlı qələbə kimi yadda qaldı. Bu qələbə bizə bir daha dostu, düşməni tanımaq imkanı verdi. Vətən müharibəsi ilə bu zamana kimi bir çox sorğu-suallara aydınlıq gəldi. Bu, istər daxildəki proseslərlə, istərsə də xarici diplomatik münasibətlərlə bağlı məqamlara aiddir.

Xalqımızın Ordusunun, Ali Baş Komandanının ətrafında bir yumruq kimi birləşib düşmənin belini qırması, erməni faşizmini uzun müddətlik sıradan çıxarması Ermənistan hərbi-siyasi rəhbərliyinin, onun havadarlarının, daxildə və xaricdəki digər revanşist qüvvələrin Azərbaycana olan kin-küdurətini açıq şəkildə ifraz etmək zərurəti yaratdı. Nəticədə bizə məlum oldu ki, bir aydan artıq çəkən haqq savaşımızda düşmən dəyirmanına su tökən, uzun illər ermənipərəst mövqeyini gizli-gizli həyata keçirməyə çalışan yalnız erməni və yaxud da ona havadarlıq edən dövlət başçıları, beynəlxalq qurumlar, güc mərkəzləri deyil. Onlar arasında həm də sapı özümüzdən olanlar var. Bir çox çoxuşaqlı ailədə naxələf övladlar olduğu kimi onlara da məhz həmin prizmadan yanaşmaq istərdim.

Rəhmətlik Cəlil Məmmədquluzadə haradan bilərdi ki, Şuşa şəhərində tamamladığı “Anamın kitabı” tragikomediyası düz 100 il sonra da Azərbaycanda aktuallığını qoruyub saxlayacaq. Bu əsərdə bir ailənin timsalında Azərbaycan cəmiyyətinin mövcud vəziyyəti bütün reallıqları ilə göstərilib və xalqımızın gələcək taleyi barədə maraqlı məqamlar əksini tapıb. Mənim söhbətim də ananın naxələf övladlarına aid olduğundan bu dramı xatərlatmaq zərurəti ortaya çıxdı. Azərbaycanın Vətən müharibəsindəki tarixi Zəfəri radikal müxalifətin mövcudluğunu sual altına qoyduqdan sonra mahiyyətinin, varlığının bir əhəmiyyətinin qalmadığını görən daxildəki bəzi qüvvələr, hər vəchlə özlərini cəmiyyətə, Azərbaycan xalqına göstərmək niyyətindədirlər.

30 illik işğala son qoyan Ordu, Xalq, Dövlət birliyi ölkəmizın dünyada artan nüfuzu müxalifətin və onun xaricdəki havadarlarının bütün planlarını alt-üst etməklə yanaşı postkonflikt mərhələsində rəsmi Bakının əlini daha da qüvvətləndirən əsas məqam kimi diqqət çəkir.

Bütün dünyanın müasir mübarizə metodlarından, texnologiyalarından istifadə etdiyi bir vaxtda əski dünya görüşü, küçə-meydan psixologiyası ilə hərəkət edən radikal müxalifət ilin-günün bu vaxtında yenə nəyəsə etirazlarını guya bildirirmiş təəssüratı yaratmaq məqsədilə küçələrə axışmaq, qarşıdurma yaratmaq niyyətini gizlətmir. Bununla da artıq virtual məkanda bütün təsir imkanlarını itirən müxalifət öz mövcudluğunu aksiyalar vasitəsilə cəmiyyətə göstərməyə çalışır.

Burada bir məqam isə xüsusi diqqət çəkir: Aksiyanın vaxtı da təsadüfi seçilməyib. Şərq Tərəfdaşlığı sammitinin keçirildiyi gündə aksiyanın təşkil olunması son illər Azərbaycanla Aİ arasında möhkəmlənən əlaqələrə zərbə vurmaq məqsədi daşıdığı şübhə doğurmur. Xüsusilə də Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində iştirak etmək üçün Brüsseldə olduğu bir məqamda belə bir aksiya planının hazırlanması düşmən dəyirmanına növbəti dəfə su tökmək cəhdidir. Çünki Ermənistanın daxilindəki ictimai-siyasi həyatında hökm sürən xaos duruma bir dəfə də olsun səsini çıxarmayan dünyaya da bəllidir. Hətta orada hakim partiyanın müxalif mövqedə dayanan, əsas rəqibləri olan bir çox siyasətçilərə, fəallara qarşı təzyiqləri, onların həbsləri, aksiya iştirakçılarına qarşı olmazın zorakılıqları fonunda Bakıda radikal müxalifətin belə bir qeyri-qanuni mitinq təşkil etmək istəyi Paşinyanın əlini gücləndirmək, onu Azərbaycan qarşısında arqumentsiz qoymamaq üçün bir “qardaş yardımıdır”. Təbii ki, bu siyasi sifarişdir. Mitinqin keçirilmə tarixi bu sifarişin arxasında erməni amilinin dayandığını sübut edir.

Amma istənilən halda Azərbaycan doğru olanı bundan sonra da istər daxildə, istərsə də xarici siyasətində tətbiq etməyə davam edəcək. Əsas odur ki, artıq Azərbaycan xalqı bu ölkənin düşmənlərini, erməniyə “əmi” deyənlərin kimliyini və Ordusuna dil uzadanlardan ibarət olan bu radikal çeteni 1 il bundan əvvəlkindən daha yaxşı tanımaq imkanı əldə etdi. Bu imkan isə Vətəni, onun suverenliyiniI, toxunulmazlığını, sabitliyini yalnız xarici qüvvələrdən qorumaq üçün yox, eyni zamanda daxildəki provokatorlardan da hifz etmək imkanı yaradır.//news.milli.az