Bu gün xaçmazlı yazıçı və publisist Xuraman Vəfanın doğum günüdür.
Xuraman Məcid qızı Cəlilova 9 iyul 1959-cu ildə Xaçmaz rayonunun Qaraqurdlu kəndində anadan olub. O, “Xuraman Vəfa” kimi tanınıb.
Xuraman Vəfa ilk təhsilini Xaçmazda 3 saylı orta məktəbdə almışdır. Daha sonra o, 1976-1977-ci illərdə birillik mühasibat uçotu kursunda təhsilini davam etdirmişdir. Xuraman Cəlilova 1993-1998-ci illərdə San-Marino Beynəlxalq Elmlər Akademiyasında qiyabi təhsil alıb. Daha sonra isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyub. O, 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsilini alıb.Şairə bədii yaradıcılığa kiçik vaxtlardan başlasa da, onun “Ana” adlı ilk mətbu şeiri 1977-ci ildə “Azərbaycan qadını” jurnalında dərc olunmuşdur. Xuraman Vəfanın şeirləri sırasında “Məni məndən soruş”, “Xoş gəldin, bahar”, “Bayram axşamı”, “Qurbanın olum”, “Mənim taleyimlə işin olmasın”, “Dözə bilmərəm”, “Bu hicran bir qəlbi yaralayacaq”, “Yadımdan çıxdı”, “Ürəyim”, “Soraqlı könlüm”, “Sənli günlər… sənli anlar”, “Nə tez unutdun” və digərləri var.
Xuraman Vəfa 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2004-cü ildən isə Jurnalistlər Birliyinin üzvüdür. O, 2003-cü ildən “Vəfa” ədəbi-bədii, ictimai-publisistik jurnalının təsisçisi və baş redaktoru idi.
Şairənin “Səni, sənsiz” adlı ilk kitabı 1995-ci ildə çap olunmuşdur. Həmçinin o, “Acı həqiqət”, “Soraqlı könlüm”, “Sevənlər bilər”, “Bir gün dönəcəksən”, “Taleyimiz, yaddaşımız”, “Bir ömür azdır mənə” kitablarının müəllifidir. Şairənin “Məhəbbət çətin şeydir” adlı kitabı, həmçinin Tbilisidə gürcü dilində nəşr edilmişdir.
Xuraman Vəfanın sözlərinə bir çox bəstəkarlar mahnı yazıb, müğənillər isə ifa ediblər. Onlardan ən məşhurları Aygün Kazımovanın “İndi sənsiz”, Faiq Ağayevin “Gözlərim axtarır səni”, “Əlvida” mahnısı və digərləridir.
Xuraman Vəfa “Qızıl qələm”, “Simurq”, “Akademik Yusif Məmmədəliyev” mükafatlarının laureatı olmuşdur, “İlin şairi” ali dərəcəli diplomuna və “Məhsəti Gəncəvi” mükafatına layiq görülmüşdür.
Follow @7timesaz