Mədəniyyət

Çəkildiyi xəyanət səhnəsi filmdən çıxarıldı, Rasim Balayevlə düşmən oldu, oğlunu şərlədilər – “Cəbiş müəllimin arvadı”nın həyatı

Çəkildiyi xəyanət səhnəsi filmdən çıxarıldı, Rasim Balayevlə düşmən oldu, oğlunu şərlədilər – “Cəbiş müəllimin arvadı”nın həyatıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çəkildiyi xəyanət səhnəsi filmdən çıxarıldı, Rasim Balayevlə düşmən oldu, oğlunu şərlədilər – “Cəbiş müəllimin arvadı”nın həyatı

7Times.az Kulis.az-a istinadən teatr və kino aktrisası, Xalq artisti Şəfiqə Məmmədova haqqında maraqlı faktları təqdim edir.

Şəfiqə Haşım qızı Məmmədova 30 mart 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub, orada böyüyüb. Dərbənddən Bakıya gələn Şəfiqə xanım Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun musiqili komediya teatr aktyoru fakültəsinə qəbul olub.

Tələbə yoldaşlarının sözlərinə görə Şəfiqə xanımın çox gözəl səsi varmış. O, emosional, öz üzərində işləyən, sözün yaxşı mənasında “dəli-dolu” bir xanım olub. İnstitut illərində də həmişə göz qabağında olan, ən sayılan, seçilən tələbələrindən biri olmağı bacarıb.

***

O vaxt teatrın baş rejissoru yaradıcılığa, tamaşalara, aktyorlara – hamısına rəhbərlik edirdi. Tofiq Kazımov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Zəfər Nemətov kimi baş rejissorlar instituta gəlib həm tələbələrə dərs keçir, həm də o kursun tamaşalarına baxırdılar. Şəfiqə Məmmədovanın iştirakı ilə olan tamaşaları izləyən rejissor Tofiq Kazımov onu musiqili komediya fakültəsindən Akademik Milli Dram Teatrına aktrisa kimi dəvət edir.

Aktrisa Azərbaycan Milli Dram Teatrının truppasına 1968-ci ildə qəbul olunub. Burada o, “Hamlet” tamaşasında Gertruda, “Canlı meyit”də Maşa, “Xəyyam”da Sevda, “Dəli yığıncağı”nda Pırpız Sona, “Bağlardan gələn səs”də Gülcan, “Aydın”da Gültəkin obrazları ilə tamaşaçıların rəğbətini qazanıb.

***

1968-ci ildə Anarın “Şəhərin yay günləri” pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına, 1981-ci ildə Rasim Ocaqovun çəkdiyi “İstintaq” filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına layiq görülüb.

Aktrisa iki dəfə ailə qurub. O, teatra gələndən bir müddət sonra rejissor Mehdi Məmmədovla tamaşalarda tərəf müqabili olur. Qarşılıqlı tandem, lirik qəhrəmanları oynamaqları onların arasında sevgi münasibətinin təməlini qoyur Bir müddət sonra isə Şəfiqə Məmmədova aktrisa Barat Şəkinskayadan yeni ayrılmış Mehdi Məmmədovla ailə qurur. 1973-cü ildə onların Ülvi adlı bir oğlu dünyaya gəlir.

Ülvi orta təhsilini Bakının 16 nömrəli məktəbində alıb. Daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunin kinorejissorluq fakültəsində oxuyub. Sonra Sankt-Peterburq Kino və Televiziya İnstitutunun iki illik ali kinoşünaslıq kursunu bitirib. Burada o, Sergey Dobrotvorski və Mixail Trofimenkov kimi tanınmış kinoşünaslardan dərs alıb. Ülvi Mehdi 1996-ci ildə Sankt-Peterburq şəhərində ailə həyatı qurub, amma 2000-ci ildə xanımından boşanıb. Bu evlilikdən onun bir qız övladı var.

***

2012-ci ilin dekabrında Bakıda onunla bağlı xoşagəlməz hadisə yaşanıb. Belə ki, “Bakıdakı “Jazz-Center”də Böyük Britaniya səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə əcnəbi diplomatların sənədləri itib. Bu hadisəylə bağlı həmin tədbirdə iştirak etmiş Ülvi Mehdi Nəsimi Rayon Polis İdarəsinə çağırılıb. Amma hadisəyə heç bir aidiyyətinin olmadığına inanıb, onu buraxıblar. Ülvi Mehdi əsassız olaraq polisə çağırılmasında onun barəsində şübhəli ifadə vermiş “Jazz-Center”in administratorunu ittiham edib.

Şəfiqə Məmmədovanın ikinci evliliyi – hazırkı həyat yoldaşı Rafiq Behbudov olub. Bu evlilikdən də aktrisanın Teymur adlı bir oğlu var.

Şəfiqə Məmmədova xeyli müddət dram teatrının aparıcı aktrisalarından biri olsa da, sonradan o, teatrdan küsüb gedir. Aktrisanın sənət dostu aktyor Əbdül Mahmudov müsahibələrinin birində bu haqda deyir:

“Şəfiqə xanım istər kino, istərsə də, teatr mədəniyyətimizin tarixində öyrənilməli böyük bir mərhələdir. Ürək ağrısıyla qeyd edirəm ki, o çox vaxtsız teatrdan getdi və biz böyük teatr xadimimizi itirdik. Şəfiqə xanım onda mənə dedi:

“Artıq o teatr mənim istədiyim teatr deyil”. Çünki böyük ustadlar, aktyorlar getdilər, teatr parçalandı. Hətta Leyla Bədirbəyli, Rza Əfqanlı, Amaliya Pənahova, Hökümə Qurbanova kimi adamlar çıxıb getdilər və teatrda bir durğunluq, parçalanma dövrü yarandı. Təbii ki, Şəfiqə xanımı orada nə isə qane etmədi. Qəribədir ki, Şəfiqə xanım kinodan da küsdü. Teatrı deyə bilmərəm, amma kinodan küsməyə onun haqqı yoxdur”.

Aktrisa kino yaradıcılığı dövründə “Qaraca Qız”, “Dədə Qorqud”, “İstintaq”, “Bizim Cəbiş müəllim”, “Ad günü”, “Çarvadarların izi ilə” adlı filmlərə çəkilib.

***

Şəfiqə Məmmədova müsahibələrinin birində rolları haqqında deyir:
“Öz filmlərimə baxa bilmirəm. Bir tərəfdən xatirələr yada düşür, digər tərəfdən isə fikirləşirəm ki, o rolu daha yaxşı, daha peşəkarcasına oynaya bilərdim”.

Aktrisa bir müddət Akademik Milli Dram teatrının direktoru olmuş Həsənağa Turabovun vəfatından sonra Dram Teatrına onun yerinə müdir təyin olunsa, sonradan istefa verir.

***

Bir neçə il əvvəl aktrisa ilə həmkarı Rasim Balayev arasında gərginlik yaranıb. Hər iki sənətkar bir-biri haqqında mətbuatda xoşagəlməz ifadələr işlədiblər. Rasim Balayev aktrisanı yaltaq və satqın adam adlandırsa da, 2019-cu il 8 Mart günü Şəfiqə xanıma zəng edərək, onu təbrik edib, şəxsiyyətinə və yaradıcılığına böyük hörmət bəslədiyini dilə gətirib və bununla da iki tanınmış sənətkar arasında baş verən inciklik sona çatıb.

Aktrisa 1995-ci ildən 2000-ci ilə qədər Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı olub. 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilib.

***

Aktrisaya kino sahəsində ən böyük məşhurluğu “Bizim Cəbiş müəllim” filmindəki Cəbişin arvadı rolu gətirib. Filmlə bağlı bir müddət əvvəl müxtəlif fikirlər səslənib. Belə ki, “Bizim Cəbiş müəllim” filminin sonunda Sovet dövrü üçün intim sayıla biləcək səhnənin çəkilməsi müzakirə mövzusuna çevrilib. Qeyd olunur ki, filmin sonunda Cəbiş müəllimin arvadının alverçi qonşusu Əbülfəz ilə ərinə xəyanət etməsi səhnəsi filmdən çıxarılıb. Bu haqda aktrisa fikirlərini belə ifadə edib:

“Film 1969-cu ildə çəkilib, yayımlanıb. İllər boyu insanlar bu filmə baxıb və baxırlar. Kim necə yozursa-yozsun. Onlar özləri istədikləri kimi film çəkərlər. Bu filmdə belə məqsəd güdülməyib, elə səhnələr nəzərdə tutulmayıb. Ssenari məndə, arxivzlimdədir. Yaradıcılıqda hər şey ola bilər. Yaradıcılıq prosesində nə yaranırsa, artıq filmdə əks tapır. İnsanlar bu səviyyədədirlər ki, 69-cu ilin filmini qurdalayırlar?

Böyük insanların ərsəyə gətirdiyi, gözəl aktyorların rol aldığı filmi qurdalayırlar? Kimsə elə yozmaq istəyirsə, belə səhnələri görmək istəyirsə, reallaşdırar. Bu, onların səviyyəsizliyidir. Həmin görüntülər filmə salınmayıb, burada nə var ki? Yaradıcı insanlar elə görməyiblər deyə, filmə salmayıblar. Bu nə səviyyəsizlikdir?”

Bu yaxınlarda Teatr Xadimləri İttifaqında Milli Teatr Günü ilə bağlı təşkil olunan tədbirə qatılan Şəfiqə xanım səhnəyə çıxaraq bu fikirləri səsləndirib:

“Kövrəldim… Xoşbəxtəm ki, mənim həyatımda səhnə, teatr olub. Mən Teatr Xadimləri İttifaqına, Azərpaşa müəllim sizə təşəkkürümü bildirirəm ki, yenə bu gün məni səhnəyə çıxartmısınız. Mən bu gün səhnədə olmasam da sənətə davam edirəm, teatr sənəti ilə məşğulam, saysız-hesabsız tələbələrim var. Bu gün Milli Teatr Günündə sizə bir etiraf etmək istəyirəm, bu çox ciddi bir etirafdır. Bu yolu keçmişəm, amma inanın ancaq səhnədə mən xoşbəxt və azad idim” deyə aktrisa bildirib.