Mədəniyyət

Dayısı atasını qətlə yetirdi, Əkrəm Əylislini otaqdan qovdu, peyğəmbərlə söhbət etdi – Xalq yazıçısından maraqlı faktlar

Dayısı atasını qətlə yetirdi, Əkrəm Əylislini otaqdan qovdu, peyğəmbərlə söhbət etdi – Xalq yazıçısından maraqlı faktlarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7Times.az Kulis.az-a istinadən Xalq yazıçısı İsa Hüseynov haqqında 10 maraqlı faktı təqdim edir.

İsa Mustafa oğlu Hüseynov Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da, 4 ay sonra təhsilini yarımçıq qoyub kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

***

1968-ci ildə bir neçə tanınmış yazıçı Türkiyəyə göndərilir. Dəvətlilər arasında İsa Hüseynov da vardı. O, yoldaşını da özüylə aparır. Onda İsa Hüseynovun 40, yoldaşı Füruzənin 38 yaşı vardı. Uzun illər övladları olmayan yazıçı gecə yuxuda balaca qız uşağı görür. Səhəri gün yoldaşına deyir ki, sən ana olacaqsan. Qəribədir ki, yoldaşı bir neçə ay hamilə olduğunu bilməyib. Hətta elə bilirmiş xərçəngi var. Bakıda həkimə yoxladanda, həqiqətən, 4 aylıq hamilə olduğunu öyrənib. Böyük bir sevinc yaşayıb. İsa Hüseynov əvvəl qızın adını Möcüzə qoymaq istəsə də, sonra fikrindən daşınıb və ona Sevinc adını yaraşdırıb.

Müsahibələrinin birində İsa peyğəmbərin yaşında ölmək istədiyini demişdi… Deyirdi ki, gündə üç dəfə İsa peyğəmbərlə söhbət edirəm.

***

İsa Hüseynovun söhbətlərindən:

“Heç kim inanmaz, mən dörd dəfə dalbadal infarkt oldum; beləcə, qəşəng kanal açılırdı, deyirdim, məni aparırsınız? Bir dəfə lap kobud cavab verdilər. Dedilər ki, sənin kimi zibillərlə bura doludur, otur aşağı, işini gör”.

İlk povesti “Bizim qızlar”a görə Mircəfər Bağırov onu möhkəm tənqid edib. Sonra hər şey yat-yüt olub. İsa Hüseynov üstündən xeyli vaxt keçəndən sonra bu povestdən imtina edib. Ümumiyyətlə, “Saz”, “Tütək səsi”, “Kollu Koxa”, “Yanar ürək” və s. əsərlərindən imtina etdiyini açıqlamışdı.

***

İsa Hüseynov bir dəfə Əkrəm Əylisliyə hirslənib:

– Əkrəm, “povestuşka”larını da götür rədd ol burdan!

Sonradan bu hadisənin səbəbini izah edən Əkrəm Əylisli İsa Hüseynovun onu qısqandığını söyləmişdi.

Müsahibələrindən birində deyib ki, ilk dəfə 1985-ci ildə ün (səs) eşidib. Onda “Yanar ürək” əsərinin üzərində yeddinci dəfə işləyirmiş. Dünyada İusus adı ilə tanınan Ey Sar onunla danışmağa başlayıb. Yazıçını danlayıb ki, bir romanı nə qədər yazmaq olar, əl çək bu romandan, mən sənə müasir bir roman mövzusu verəcəm, onu yazarsan. Bundan sonra İsa Hüseynov “İdeal” romanını yazmağa başlayıb.

***

Tibb İnstitutundan imtina edib. Dediyinə görə, dayısının təkidi ilə sənədlərini bura veribmiş. Dərslərin birində cərrahiyə əməliyyatında iştirak edib. Professor cəsədin ayıb yerini kəsməsini istəyib ondan. Yazıçı buna çox qəzəblənərək qayçını professorun üstünə atıb və birdəfəlik Tibb İnstitutundan gedib. Xəbəri eşidən dayısı qəzəblənib ona bir şillə vurub. İsa Hüseynov deyir, bundan sonra dayısı ilə konflikti başlayıb. Və sonralar öyrənib ki, sən demə, dayısı atasının qatiliymiş. Nazirlərin birinin sifarişi ilə dayısı atasını öldürübmüş.

Müsahibələrindən birində İsa Hüseynov həmin qətl haqda danışıb:

“Mən bədii əsər sayağı bir tərcümeyi-hal yazmışam. Adı “Həyatımdan səhifələr”dir, “Azərbaycan” jurnalında işıq üzü görüb, ancaq hələ kitab şəkilində çap olunmayıb. Orada atamın başına gələnləri açıqlığı ilə yazmışam. Atam meşə idarəsində direktor idi. Dayımın əlindən bu işdən çıxdı, kəndimizdə kolxoz sədri işləyirdi. Günlərin bir günü maşına minib Ceyrançöl deyilən yerə gedirmiş ki, qoyun sürüləri üçün yer müəyyənləşdirsin. Qıraq Kəsəmənə gəlib ki, bu kənddən bir neçə nəfərlə örüşləri müəyyənləşdirə bilsinlər. Qıraq Kəsəmənə çatmamış, yolda Niyazi əl qaldırır, deyir ki, mən də səninlə getmək istəyirəm. Atam deyib ki, otur, o da keçib arxada oturub. Bir azdan cibindən çəkic çıxararaq atamın gicgahına vurub. Atam yıxılıb, bundan sonra maşını aşırıblar, xəbər yayıblar ki, qəza baş verib”.

Bir gün Yusif Səmədoğlu gedir ki, İsa Hüseynovun evində yaxşı çay və şirniyyat süfrəsi açıb, stəkan-nəlbəkini də bir neçə dənə qoyub. Soruşur:

– Deyəsən, məndən başqa da qonaqların var?

İsa Hüseynov ciddi-ciddi:

– Hə, yadplanetlilər gəlib.

Yusif müəllim zarafatından qalmır:

– Şirniyyat, mürəbbədə də düzmüsən, yazıqları şəkər xəstəsi edəcəksən.