Sosial şəbəkələrin erməni istifadəçiləri Rusiyanın 1974-cü il SSRİ xəritələrinə əsasən Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası təklifini qızğın müzakirə edirlər. Bildiyiniz kimi, İrəvanda ciddi ümid edirdilər ki, iki suveren dövlət arasında yekun sərhədlər Sovet Zaqafqaziyasının iki respublikasının o vaxtkı rəhbərliyi tərəfindən təsdiq edilmiş 1926-cı il xəritələri üzrə çəkiləcək.
Bir müddət əvvəl Ermənistan parlamentinin hakim “Mülki Müqavilə” partiyasından olan deputatı Arman Yeqoyan Rusiyanın təklifini tənqid edərək bildirmişdi ki, 1974-cü ildən sonra Azərbaycanla Ermənistan arasında de-fakto sərhəd dəyişiklikləri baş verib ki, bu dəyişikliklər SSRİ-n sonrakı inzibati-siyasi xəritələrində öz əksini tapmayıb.
Bununla bağlı müxbirimiz Bakı Dövlət Universitetinin Xəritəçəkmə və geodeziya kafedrasının müdiri, professor Məqsəd Qocamanovdan Ermənistanın nə üçün məhz 1926-cı ilin xəritələrində israr etdiyini və 1974-cü ildən sonra Azərbaycan-Ermənistan sərhədlərində hansı dəyişikliklərin baş verdiyini izah etməyi xahiş edib.
Professor Qocamanovun sözlərinə görə, 1982-ci ildə Qazax rayonunun İcdar sahəsinin otlaqlarının bir hissəsinin, eləcə də Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndləri ərazilərinin bir hissəsinin Ermənistana verilməsi qərara alınıb. Daha sonra 1986-cı ildə Qazax rayonunun İcdarında 2500 hektar otlaq sahəsi Ermənistana verildi və bu, yeri gəlmişkən, Qazax rayonunun kəndlərinin sakinləri ilə Azərbaycanın o vaxtkı rəhbərliyinin nümayəndələri arasında münasibətlərdə kəskin böhrana səbəb oldu. Ekspert onu da qeyd edib ki, müxtəlif illərdə Sədərək rayonu ərazilərinin müəyyən hissəsi və Naxçıvan Muxtar Respublikasının Meğri ilə həmsərhəd Ordubad rayonunun torpaqları Ermənistana verilib.
Eyni zamanda qeyd etmək lazımdır ki, XX əsrin 80-ci illərində ərazilərin verilməsi ilə bağlı bütün qərarlar Azərbaycan SSR-in o vaxtkı rəhbərliyi tərəfindən təsdiqlənməmişdir. SSRİ-nin dağılmasından sonra isə Azərbaycanda hakimiyyətə qayıdan prezident Heydər Əliyev Azərbaycan ərazilərinin Ermənistanın xeyrinə verilməsi ilə bağlı bütün hərəkətləri rəsmən qanunsuz elan edib.
Beləliklə, 1974-cü ilin xəritələri əzsasında Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə yuxarıda qeyd olunan bütün ərazilər Azərbaycana qaytarılmalıdır.
Ekspert xatırladıb ki, SSRİ-nin bütün tarixi boyu Ermənistan hakimiyyəti, eləcə də Kremldəki erməni lobbisinin nümayəndələri Azərbaycan ərazilərinin bir hissəsini qoparmağa cəhd ediblər və buna nail ola biliblər. 1929-cu ildə Qazax rayonunun 50 kvadrat kilometr ərazisi, Cəbrayıl rayonunun Nügədi, Elnəzir və Tuğu kəndlərinin torpaqlarının müəyyən hissəsi də Ermənistana verilib. 1946-cı ildə Azərbaycana məxsus 40 min hektar meşə sahəsi də Ermənistana verilib. Qocamanovun sözlərinə görə, 1969-cu ildə SSRİ mərkəzi icra hakimiyyəti orqanlarının qərarı ilə Laçın rayonunun Qaragel, Qubadlı rayonunun Çasəmi, Qazax rayonunun Kəmərli kəndlərinin, eləcə də Kəlbəcər rayonunda Zod qızıl yatağının bir hissəsi də Ermənistana verildi.
Həmin 1969-cu ildə Gədəbəy rayonunun sərhəd ərazilərinin Ermənistana verilməsi geniş şəkildə işıqlandırıldı. Bütövlükdə ermənilər Moskvanın əli ilə Gədəbəy rayonunun Qaravəlilər, Hacılar, Gəyallı kəndlərindən 76 kvadrat kilometr otlaq sahəsinin onlara verilməsinə nail olublar. Tağılar kəndi isə bütövliklə, əhalı qarışıq, Ermənistan SSR-ə verildi.
“1969-cu ilin yayında Tağılar, Qaravəlilər və Qayallı kəndlərinin 70 sakini ölkə rəhbərliyinə öz kəskin etirazlarını bildirmək üçün Moskvaya gediblər”, – deyə professor Qocamanov bildirib. “Lakin Kreml onların şikayətlərinə məhəl qoymayıb”. virtualaz.org
Follow @7timesaz