ABŞ prezidenti Co Bayden Ermənistanın müstəqillik günü münasibətilə baş nazir Nikol Paşinyana ünvanladığı təbrik məktubunda “Dağlıq Qarabağ xalqı” ifadəsini işlədib. Bayden qeyd edib: “Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün sizinlə və qarşı tərəflə işləməyə davam edəcəyik”.
Baydenin bu ifadəsi təbii olaraq, ölkəmizin ictimai-siyasi mühitində birmənalı qarşılanmadı. Məlumdur ki, “Dağlıq Qarabağ xalqı” ifadəsi 44 günlük müharibədən sonrakı gündəliyə uyğun deyil. Maraqlıdır, ABŞ prezidentinin bu ifadəsi nəyə hesablanıb?
Sualımızı cavablandıran politoloq, “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri Elçin Xalidbəyli bildirib ki, ABŞ-ın siyasi dairələri, xüsusilə də prezident Co Bayden və onun adminstrasiyası üçün həqiqətlər qətiyyən önəm daşımır.
Politoloq qeyd edib ki, Ağ Evdə olanlar əsasən ABŞ-ın və özlərinin maraqlarına uyğun davranmağa çalışırlar:
“Bayden qondarma “erməni soyqırımı”nı tanıyarkən də ədalət və həqiqət prinsiplərindən deyil, məhz özəl siyasi maraqlardan çıxış etmişdi. Ancaq bütün bunlar heç nəyi dəyişə bilməz. ABŞ Konqresinin aşağı palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri və indi də prezident Baydenin “Dağlıq Qarabağ xalqı” ifadəsi də məhz özəl siyasi maraqlardan qaynaqlanır. ABŞ-da hakimiyyətdə olan demokratlar aralıq seçkilərində yenidən qalib gəlmək istəyirlər. Ona görə də, erməni diasporunun səslərini toplamaq üçün Ermənistana dəstək verdikləri barədə görüntü yaratmağa çalışırlar”.
E.Xalidbəyli vurğulayıb ki, artıq dünya ciddi şəkildə dəyişib:
“Dünyada cərəyan edən siyasi proseslər Azərbaycanın maraqlarına uyğundur. Azərbaycan da artıq ötən əsrin 90-cı illərində olan dövlət deyil. Azərbaycan maliyyə-iqtisadi cəhətdən güclənib, müasir hərbi texnika ilə silahlanmış güclü ordu qurub. İndi Azərbaycanın geopolitik iradəsinə və maraqlarına qarşı çıxmaq o qədər də asan deyil. Bunu ABŞ və Fransa da daxil olmaqla hansı ermənipərəst dövlət etsə, özünü ziyana sala bilər. Bu baxımdan, Baydenin nə deməsi elə bir ciddi əhəmiyyət daşımır. Əsas məsələ odur ki, rəsmi Bakı nə deyir və Azərbaycan nə istəyir, nə edir. Rəsmi İrəvan isə ABŞ, Fransa və digər ermənipərəst ölkələrin şirnikləndirici vədlərinə ümid bəsləməklə, Ermənistanın gələcək mövcudluq şanslarını böyük risq altına atmış olur”.
Follow @7timesaz