Dünya

“Diqqətlə baxın, necədir, xoşunuza gəlir?” – Arxasını tamaşaçılara göstərən Xruşovun Amerika sərgüzəştləri

“Diqqətlə baxın, necədir, xoşunuza gəlir?” – Arxasını tamaşaçılara göstərən Xruşovun Amerika sərgüzəştləribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1959-cu ilin sentyabrında Nikita Xruşovun Amerika Birləşmiş Ştatlarına səfəri beynəlxalq aləmdə ciddi siyasi bir hadisə kimi qəbul edilib. Bu, sovet liderinin Amerikaya ilk səfəri olduğundan dünya ictimaiyyətinin böyük marağına səbəb olub. Səfəri kütləvi informasiya vasitələrində işıqlandırmaq üçün dünyanın ayrı-ayrı ölkələrindən 2500-dən artıq jurnalist ABŞ-ın Dövlət Departamentində qeydiyyatdan keçib. İki həftəlik səfər çərçivəsində Xruşovu SSRİ-nin rəsmiləri ilə yanaşı, həyat yoldaşı və ailə üzvləri də müşayiət ediblər.

Sovet liderinin Amerika səfəri təkcə rəsmi görüşlərlə, sənədlər imzalamaqla, mətbuat konfransı keçirməklə deyil, həm də “maraqlı” hadisələrlə yadda qalıb. Nikita Xruşov bu dəfə amerikalıları təəccübləndirməyi bacarıb.

Təsadüfi deyil ki, bəzi mətbu orqanlar onun bu səfərini “Xruşovun ABŞ-a rəsmi səfəri” kimi yox, “Sovet liderinin Amerika sərgüzəştləri” kimi tirajlayıblar.

Səfər zamanı SSRİ və ABŞ arasında ayrı-ayrı sahələr üzrə əməkdaşlıqla bağlı bir sıra sənədlər imzalanıb. Xruşovla ABŞ prezidenti Eyzenhauer arasındakı şəxsi əlaqə və birbaşa ünsiyyət beynəlxalq gərginliyin zəifləməsinə kömək edib. Bunlar görüşün rəsmi tərəfləri kimi mətbuatda geniş yer alıb. Amma dünya ictimaiyyəti üçün Xruşovun Amerikada qeyri-rəsmi “əməlləri” daha böyük maraq doğurub.

Səfər zamanı ABŞ rəhbərliyi Xruşovu zəngin Amerika həyatı ilə tanış etməyi, sovet liderini öz zənginlikləri ilə təəccüləndirməyi qərara alıblar.  Bu məqsədlə onlar Xruşovu ən böyük supermarketlərdən birinə aparıblar.

SSRİ qastronomlarından fərqli olan supermarketdəki çeşidli məhsullar Xruşovu təəccübləndirsə də, o, özünü itirməyib:

– Yox, bu sadəcə sizin dildə desək, reklamdır, sözsüz ki, adi vətəndaşın bu qədər malı almağa imkanı çatmaz. Bizdə isə hər şey tam fərqlidir, satılan hər bir məhsul vətəndaşlarımız üçün əlçatandır. Yox, cənablar, siz belə şeylərlə özünüzü bizdən üstün saya bilməzsiniz.

Şəhər gəzintilərinin birində Xruşova qazlı su aparatından istifadə etməyi də təklif ediblər. Onu müşayiət edən amerikalı əvvəlcə Xruşova aparat haqqında məlumat verib, bildirib ki, aparatda yerləşdirən fotoelement istifadəçini geyiminə görə, onun qadın, yaxud da kişi olduğunu müəyyənləşdirir, qadınlara albalı şirəli qazlı su, kişilərə isə apelsin siroplu su verir.

Xruşova aparatdan istifadə etmək üçün xırda sent veriblər. Sovet lideri çox böyük maraqla, təmkinlə aparatın qarşısına keçib, senti aparatın pul qəbul edən yerinə atıb. Nəticə ətrafdakıların gülüşünə səbəb olub. Aparat Xruşova qadınlar üçün nəzərdə tutulmuş albalı şirəli qazlı su verib, yəni fotoelement Xruşovu qadın kimi “tanıyıb”. Hələ ki səbrini saxlayan Xruşov ikinci dəfə aparata pul atıb və yenə də eyni nəticə.

Üçüncü cəhddə stəkanına albalı şirəli su süzüləndə Xruşov qəzəbini gizlədə bilməyib:

–  Sizin aparatlar da sovet adamını qəbul etmir. Həm də bu insan hüquqlarının pozulması deməkdir. Biz heç vaxt belə şeylərə yol vermərik, çünki SSRİ-də qadın və kişi bərabərliyi hökm sürür.

Əslində qazlı su aparatının Xruşovu kişi kimi “tanımaması” qəsdən təşkil edilməyib. Xruşov adətinə uyğun olaraq Amerika səfərində də enli şalvar və enli pencəkdə olub. Sovet liderinin əyninə geyindikləri o qədər enli olub ki, aparatdakı fotoelement onları qadın paltarı kimi qəbul edib. Bu hadisə Xruşovun qəzəbinə səbəb olmasına baxmayaraq, aparat onun xoşuna gəlib və SSRİ-də də belə aparatların olmasını göstəriş verib. Amma sovet aparatlarında qadın-kişi ayrı-seçkiliyi olmayıb.

İki həftəlik səfər zamanı ən maraqlı anlar Hollivuda yaşanıb. Ali qonaq Hollivudda yüksək səviyyədə qarşılanıb. Burada Xruşov üçün xüsusi konsert proqramı da hazırlanıb. Bir neçə nömrədən sonra səhnədə “Kankan” rəqsi nümayiş edilib.

Qeyd edək “Kankan” qədim fransız rəqsidir. 19-cu əsrin əvvəllərində bu rəqs Fransada gecə klublarında daha çox populyar olub. “Kankan” rəqsində daha çox ifaçının yarıçılpaq bədəni, enerjili rəqs elementləri, ehtiraslı ifa diqqəti cəlb edib. Ümumiyyətlə, bu rəqs haqqında illər boyu müxtəlif fikirlər səsləndirilib.

Bu rəqs əxlaq normalarına sığmayan hərəkətlər toplusu kimi də qiymətləndirilib. Hollivudda “Kankan” rəqsi ilə bağlı eyniadlı film də çəkilib. Filmin əsas süjeti gənc məhkəmə hakiminin “Cənnət” kafesinin sahibəsini ittiham etməsidir. Hakim məhz kafedə ədəbsiz bir rəqsin, “Kankan”ın nümayiş olunmasına görə kafe sahibəsini günahlandırır.

Xruşovun qarşısında bu rəqsi tanınmış aktrisa Şirli Makleyn nümayiş etdirib. Çılğın rəqsi seyr edən Nikita Xruşov mədəniyyət xatirinə aktrisanın üzünə gülüb, hətta sonra onunla birgə şəkil də çəkdirib. Amma konsert proqramından sonra jurnalistlərin qarşısına çıxan Xruşov təmkinini və mədəniyyətini saxlaya bilməyib:

–  Bu, əxlaqsızlığın son həddidir. Ətəyini qaldırıb yumşaq yerini tamaşaçılara göstərmək ədəbsizlikdir, tərbiyəsizlikdir. Bizdə insanlar konsertə, teatra gedəndə aktrisanın üzünə baxıb zövq alırlar, arxalarına yox…

Bu kiçik açıqlamadan sonra Xruşov arxasını jurnalistlərə və onu müşayiət edən amerikalılara çevirib, pencəyini qaldırıb, əyilərək arxasını onlara göstərib:

–  Baxın, diqqətlə baxın, necədir, bu sizin xoşunuza gələr?

Xruşovu təəccübləndirmək fikrində olanlar onun bu hərəkətindən sonra özləri təəccübdən şoka düşüblər.

Sonda konsertin təşkilatçıları ilə görüşən sovet lideri öz fikrini onlara da bildirib:

 Sizin təşkil etdiyiniz bu tədbirin adı konsert deyil. Bunun adı dal göstərmək mərasimidir. Baxın, bu tamaşaları göstərənlər ağıllı və gözəl qızlardır. Amma siz onları düzgün yoldan çəkindirirsiniz, məcbur edirsiniz ki, əxlaqsız və ədəbsiz hərəkətləri ilə şou göstərsinlər.

Heç kim Xruşova cavab verməyə özündə cürət tapmayıb. Sovet lideri Hollivudu əsl Hollivud ulduzu kimi tərk edib.

Ümumiyyətlə, sıravi amerikalılarda Xruşova qarşı böyük simpatiya yaranıb. Onun sadəliyi, insanlarla ünsiyyəti, zarafatları, təbiiliyi görüşlərdə alqışlarla qarşılanıb. //gundem.az