Cəmiyyət

Dostu ilə zarafatı baha başa gəldi

Dostu ilə zarafatı baha başa gəldibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda tanışının telefonunu danışmaq adıyla alıb qaçan şəxs həbs edilib.

7Times.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə 2021-ci ildə baş versə də, yekun məhkəmə qərarı bir neçə gün öncə elan edilib.

Belə ki, hadisə zamanı 31 yaşlı Elnur Məlikli gecə saat 2-də Xəyal Zeynalovu (şərti) çayxanaya çağırıb, gəlib onu aparmasını xahiş edib.

Xəyal çayxanaya gəlib onu götürdükdən sonra Elnur avtomobili 2 saatlıq ona verməsini istəyib. Lakin Xəyal bundan imtina edib. Bu hərəkət Elnurun xoşuna gəlməyib. Daha sonra avtomobildən düşərək Xəyaldan telefonu danışmaq üçün ona verməsini istəyib. Xəyal özünə məxsus “İphone 12 Pro Max” markalı telefonu Elnura verib. Elnur danışmaq adıyla aldığı telefonu götürüb qaçıb. Xəyal arxasınca çağırsa da, buna fikir verməyib.

E.Məlikli telefonun üzərindən sahibinin nömrəsini çıxarıb, öz nömrəsini taxaraq işlədib. Xəyal zəng edib telefonunun qaytarılmasını xahiş etsə də, hər dəfə qaytaracağını deyərək vaxtı uzadıb. Elnur telefonu satmaq istəsə də, “iCloud” parolunu bilmədiyi üçün sata bilməyib. Bundan sonra Xəyal polisə müraciət edib. E.Məlikli polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb. E.Məlikli barəsində soyğunçuluq ittihamı ilə cinayət işi başlanıb. Lakin o, telefonu itirdiyini bildirib.

Yasamal Rayon Məhkəməsi əməlin soyğunçuluq deyil, dələduzluq olduğu qənaətinə gələrək cinayət işinə xitam verib. Xəyal Zeynalov məhkəmədə Elnurla barışdığını, dəymiş ziyanın ödənildiyini bildirib. Bunu nəzərə alan məhkəmə E.Məliklini məhkəmə zalından azadlığa buraxıb.

Lakin prokurorluq hökmdən əvvəlcə Bakı Apellyasiya Məhkəməsinə, daha sonra Ali Məhkəməyə protest verib. Ali Məhkəmə protesti təmin edib və iş yenidən apellyasiya baxışına qaytarılıb. Məhkəmə işi yenidən araşdıraraq qərara gəlib ki, E.Məlikli zərərçəkmişdən 1000 manat dəyərində mobil nömrə, 3500 manat dəyərində “İphone 12 ProMax” markalı mobil telefonu soyğunçuluq edərək alıb və onun barəsində ittiham hökmü çıxarılıb.

E.Məlikli 2 il 6 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.