Dövlət Sərhəd Xidməti (DSX) general-mayor İsgəndər Allahverdiyevin vəfatı ilə bağlı nekroloq yayıb.
7Times.az xəbər verir ki, nekroloqda deyilir:
“Azərbaycanın sərhəd mühafizəsi və təhlükəsizlik orqanlarında uzun illər məsul vəzifələrdə xidmət etmiş, ölkəmizin sərhəd mühafizəsi sisteminin formalaşması və inkişafında xidmətləri olmuş general-mayor İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat etmişdir.
İsgəndər İmanverdi oğlu Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Dövlət Sərhədini Mühafizə Komitəsinin yaradıldığı 1991-ci ildə komitənin sədri vəzifəsinə təyin edilmiş, 1992-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülmüşdür. Sonrakı dövrdə milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunları İdarəsinin rəisi və Sərhəd Qoşunlarının komandanı vəzifələrində xidmət etmişdir.
İsgəndər Allahverdiyev sonrakı illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında rəis müavini kimi fəaliyyət göstərmiş, zəngin xidmət təcrübəsinin gənc kadrların hazırlanmasına yönəldilməsinə töhfə vermişdir.
Dövlət qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək “Azərbaycan Bayrağı” ordeni, “Hərbi xidmətlərə görə” medalı, eləcə də digər medal və təltiflərə layiq görülmüşdür.
General-mayor İsgəndər İmanverdi oğlu Allahverdiyevin vəfatı onu tanıyanlar, xidmət yoldaşları və silahdaşları üçün ağır itkidir.
Onun əziz xatirəsi daim ehtiramla yad ediləcəkdir.
Mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik”.
Follow @7timesaz


