Sabiq səfir Eldar Həsənovun əmlaklarının müsadirə olunması istənilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı Anar Nəsibov qeyd edib ki, Sabunçu rayonu, Nardaran qəsəbəsində Eldar Həsənova məxsus bağ evi və torpaq sahəsi, Nəsimi rayonunda yerləşən mənzil, Nərimanov rayonunda yerləşən mağaza, Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi, Xətai rayonunda yerləşən fərdi yaşayış evi, həmçinin, Monteneqroda yerləşən mənzil müsadirə edilməlidir.
Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Xarici İşlər Nazirliyinin nümayəndəsi məhkəmədə çıxış edərək 18 milyon 500 min manatın ödənilməsini istəyib.
Digər zərərçəkmiş qismində tanınmış Maliyyə Nazirliyinin nümayəndəsi də dəymiş ziyanın tam ödənilməsini xahiş edib.
Prokuror çıxışında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə (179.3.2), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya əmlakı leqallaşdırma (193-1.3.2), vəzifə səlahiyyətlərindən sui-istifadə (308.2), dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə (308-1.1) və vəzifə saxtakarlığı (313) maddələri ilə verilmiş ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirildiyini diqqətə çatdırıb.
Dövlət ittihamçısı toplanmış kifayət qədər sübut və dəlilləri, həmçinin şahid ifadələrini əsas gətirərək Eldar Həsənovun elan olunmuş maddələrlə təqsirli bilinməsini və 11 il azadlıqdan məhrum edilməsini tələb edib.
Aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 931 316 manat (16 893 868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11 804 661 manat (11 156 716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327 373 manat (180 728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192 387 manat (101 761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Buna görə Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.
Eldar Həsənov məhkəmədə dörd vəkillə müdafiə olunub. Sabiq səfir məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyib.
Follow @7timesaz