Son illər boşanmaların sayı kifayət qədər artıb və artmaqda da davam edir. Bəzən gənc ailələrin dağılmasında şou-biznes əhli günahkar kimi göstərilir.
Bəs görəsən, sənətçilər özlərini həqiqətənmi ailə yıxan, gənclərə pis örnək kimi görürlər?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan aşıq Zülfiyyə İbadova bu yanaşmanı doğru hesab etməyib:
“Niyə boşanmalarda sənətçiləri günahlandırılır? Sənətçilər bunumu təbliğ edir? Hər peşənin pisi də, yaxşısı da var. Digər peşələrdə o qədər pis insanlar var ki, sadəcə onlar efirdə, sosial şəbəkələrdə göstərilmir. İncəsənət sahəsi elə bir sahədir ki, onun nümayəndələri adicə asqıranda da söz-söhbətə səbəb olur”.
Sənətçi boşanmaların artmasına səbəbin bir çox hallarda maddi problemlər olduğunu deyib:
“O ki, qaldı boşanmaların səbəbinə, düşünürəm ki, ailələrin dağılması 99 faiz maddi imkanın olmamasından qaynaqlanır. Çünki indiki dövrdə camaat çox pis vəziyyətdədir. Mən özüm elə ailələr tanıyıram ki, onların evi aylarla ət üzü görmür. Bir tərəfim rayondandır, rayona bağlı adamam, hər gedəndə bunun özüm şahidi oluram. Hər rayona gedəndə ürəyim dərd bağlayır. Baxıram ki, hamı kreditin içində batır. Ətrafımda 10 nəfər varsa, söhbət edəndə məlum olur ki, 9-nun banka borcu var. Bu kimi hallar ailələrə də təsirsiz ötüşmür, maddi problemlər ailədə aqressiyaya səbəb olur. İstər-istəməz bu cütlüklərə təsir edir, problemlər çox olanda qarşı tərəf sənə “can” deyəndə də onu “çor” kimi eşidirsən. Bunu qəbul etmək istəmirsən”.
Aşıq insanların son vaxtlar aqressiv olduğunu, bunun da maddiyyatla əlaqəli olduğunu qeyd edib:
“Son vaxtlar insanlar çox aqressiv olublar. Adicə bir misal çəkəcəyəm, bir müddət əvvəl verilişlərin birində qonaq idim. Ad çəkmək istəmirəm, aparıcı xanım dedi ki, vallah, artıq nə edim bilmirəm, gülürəm, deyirlər ki, ay arsız, nəyə gülürsən, ağlayıram, deyirlər ki, özünü nə artistliyə qoymusan?! Bilmirəm, camaat məndən nə istəyir. Ona dedim ki, bu saat camaat özü də nə istəyir bilmir, maddi, mənəvi o qədər problemləri var ki, hər xırda şey onların aqressiyasına səbəb olur.
Verilişlərin birində məndən xahiş etdilər ki, nəvəmi də gətirim. Verilişdə sponsorlardan biri nəvəmə çanta, qələm-filan hədiyyə etdi. Bu sosial şəbəkədə paylaşıldı, rəylərdə xoş sözlər yazanlar çoxluq təşkil etsə də, bəziləri yazmışdı ki, nə olardı o hədiyyəni şəhid ailələrinə edərdilər. Birincisi, nə bilirsən ki, o şirkət bunu şəhid, qazı ailələrinə etmir? İkincisi, bu hədiyyənin mahiyyəti nədir ki, onu da söz edirsiniz? Baxın, camaat adi mövzularda da kin qusur, adi şeylərdə belə mütləq bir söz tapır. Nə etsən də söz-söhbət yaradırlar. Bunun da səbəbi məhz maddi problemlərdir” .
Follow @7timesaz