Ölkə

“Eləsi var arvadını, eləsi var barmağını qumarda uduzur” – Həbsxana həyatının gizlinləri

“Eləsi var arvadını, eləsi var barmağını qumarda uduzur” – Həbsxana həyatının gizlinləribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qumar oynamaq insanların aludə ola biləcəyi ən pis vərdişlərdən biridir. Bu aludəçilik azar halı alanda ard-arda uduzan qumarbaz yenə qumar masaına dönür və “bu dəfə hökmən udacam” düşüncəsi ilə özü-özünü aldadır. Borc borc üstə gəlir, uğursuz qumarbaz borc ödənişindən yayınmaq istəyir. Amma bu həmişə mümükün olmur.

Həbsxanada kart borcu “müqəddəs”dir. O, mütləq ödənilməlidir, əks halda, uduzan məhbusu dəhşətli qisas və alçalma gözləyir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan keçmiş məhbus Ağasadıq Məmmədbalayev (ad şərtidir – red.) bildirib ki, əslində, qumar borcunun müqəddəs sayılması kimi bir anlayış yoxdur.

“Türmədə bu məsələyə ona görə ciddi yanaşılır ki, məsələn, sən həbsxanada qumar oynayıb, uduzub, sonra yenidən borca oynayırsansa, burada söhbət artıq kişilikdən gedir. Bu zaman uduzan tərəfə pul qaytarmaq üçün müəyyən möhlət verilir. Əgər borc vaxtında-vədəsində qaytarılmasa, borclu şəxsin həyatı sual altındadır. Borcu vaxtında qaytarmasan, sənə qeyri-ciddi adam kimi baxacaqlar. Kriminal aləmdə belələrinə “neseryoznı adam” deyilir.

Bəzən həbsxanada qumar oynayanın ortaya qoymağa pulu olmur, bu zaman nəyinisə ortaya qoyur. Eləsi var arvadını, eləsi var barmağını. Bu baxımdan qumara ciddi yanaşılır və buna “tavan” deyilir. Məsələn, iki nəfər qumar oynayır, biri uduzur və pulu qalmır. Pulu udana qaytarmaq üçün vaxt təyin edilir. Adətən, bu vaxt saat 12 olur. Əgər həmin vaxtda borc qaytarılmasa, qaldın udan şəxsin insafına. Ola bilər ki, o, borclu adama baş qoşmasın, yaxud əksinə, onu həbsxanada quluna çevirsin. Məsələn, bizim “zon”da bir nəfər uduzanın qumar borcunu ödəmişdi. Bundan sonra həmin şəxsi öz quluna çevirdi, ona corablarını, qablarını yuduzdururdu. Ona görə də, qumar ağır söhbətdir.

Qumara arvadını, qızını qoyanlara gəlincə, bu, nadir hallarda baş verir, çünki həbsxanada həmin adamlara binamus kimi yanaşırlar.

Bir dəfə həbsxanada belə bir hadisə baş verdi: bir-biri ilə yoldaşlıq edən, bir yerdə çörək yeyən, türmə diliylə desək, “xlebnik” olan iki məhbus kart oynayıb. Onlardan biri digərinə deyib ki, belə maraqsızdır, gəl siqaretdən oynayaq. Razılaşıb oyuna başlayıblar. “Xlebnik”lərdən biri bir neçə blok siqaret uduzub, axırda mübahisələri düşüb. Söhbət uzandığından “vor zakon”un yanına gediblər. Oğru anlayıb ki, qumar oynamağı təklif edən digərinə tələ qurub, amma bunu sübut etmək çətindir, çünki şahid yoxdur. Fakt isə odur ki, digəri uduzub. Ona görə də uduzana deyib ki, borcu verməlisən, “tavan” mütləq qayıtmalıdır”.

Keçmiş məhbusun sözlərinə görə, qumar borcuna görə intihar edənlər çox olub:

“İndi də bu hal davam edir. Bəzən uduzan adam “tavan”ı geri qaytara bilmir, başa düşür ki, həbsxanada onu aşağılayacaqlar, heç kəs hörmət etməyəcək, odur ki, özünü öldürüb. Qumar oynayan adamlar var ki, borcu verə bilməyib özlərini asırlar.

Həbsxanada qumar oynamaq asan iş deyil, çünki buna icazə yoxdur. Kolonda “zapret” (qadağan olunmuş sahə – red.) deyilən yer var, məhbuslar o yeri keçsələr, əsgərlərin onları güllələmək ixtiyarı var. Təbii ki, əvvəlcə xəbərdarlıq atəşi açılır. Əhəmiyyət verilməyəndə silah məhbusun özünə tuşlanır. Çox məhbus qumar borcuna görə “zapret”ə qaçaraq ölüb.

Borca görə faciəvi hadisələr çox olub, məsələn, bir dəfə məhbusun biri borcunu ödəyə bilməyib, gözləyib, amma ailəsindən pulu çatdıran olmayıb, “tavan”ın vaxtına 10 dəqiqə qalmış özünü asıb. Öləndən 5-10 dəqiqə sonra qardaşı pulu çatdırıb… Borca görə “peredoz”la ölənlər də var.

Əvvəllər “tavan”ı çatdırmayan məhbusla çox pis rəftar edilirdi, onun şəxsiyyəti, ləyaqəti alçaldılırdı, indi belə hallar azca azalıb.

Ümumiyyətlə, faizə borc verməyə isə kriminal aləmdə çox pis baxırlar. Qumar borcuna görə isə heç kəs bağışlanmır, türmədə qaydalar çox sərtdir”.

“Eləsi var arvadını, eləsi var barmağını qumarda uduzur”  – Həbsxana həyatının gizlinləri