İlham Şaban: “AÇG-də hasilat 60 faizdən çox azalıb, amma ümidverici dinamika var”
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycanın ən iri neft yataqları bloku olan “Azəri-Çıraq-Günəşli”də (AÇG) hasilat dinamikası və gəlirlərdəki dəyişikliklərlə bağlı son statistik göstəriciləri şərh edib.
Ekspert bildirib ki, cari ilin ilk yarısının nəticələrinə əsasən, AÇG-də gündəlik ortalama neft hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 9 min barel azalaraq 327 min barel təşkil edib. O, bu məlumatın “bp-Azerbaijan” şirkəti tərəfindən yayımlandığını qeyd edib.
İlham Şaban vurğulayıb ki, bu, AÇG-də hasilatın zirvə nöqtəsindən – yəni 2010-cu ilin III rübündə qeydə alınmış gündəlik 835,1 min barel səviyyəsindən bəri böyük azalmadır. Onun sözlərinə görə, həmin dövrdə gündəlik orta hasilat 827,1 min barel olub və indiyə qədər bu göstərici 508,1 min barel və ya 60,8% azalıb.
Bununla belə, Şaban prosesdə müəyyən müsbət meyillərin də müşahidə olunduğunu qeyd edib. O bildirib ki, bp-nin statistikası əsasında apardığı müqayisə nəticəsində maraqlı bir tendensiya üzə çıxıb: “2023-cü ilin ilk yarısında hasilat 6,72 milyon barel azalmışdısa, 2024-cü ilin eyni dövründə bu azalma 1,9 milyon barelədək səngiyib”.
O əlavə edib ki, azalma tempinin zəifləməsində əsas amil kimi ötən ilin aprelində istismara verilmiş ACE platformasının rolunu qeyd etmək olar. Onun sözlərinə görə, hazırda bu platformada gündəlik hasilat 25 min barel həcmindədir.
İqtisadi göstəricilərə toxunan ekspert bildirib ki, hasilatdakı və neftin dünya bazar qiymətlərindəki eniş AÇG layihəsinin ümumi gəlirinə də təsir göstərib: “Əgər ötən illə müqayisədə satılan neftin qiyməti hər bareldə təxminən 9 dollar aşağı olubsa, bu, AÇG-nin səhmdarlarına 2025-ci ilin ilk yarısında təqribən 700 milyon dollar daha az gəlir gətirməsi deməkdir”.
Şaban qeyd edib ki, bu azalma Azərbaycanın Dövlət Neft Fonduna daxil olan mənfəət neftinin dəyərində də özünü göstərib. Belə ki, 2024-cü ilin ilk yarısında AÇG-dən fonda 3 milyard 530 milyon dollar daxil olmuşdursa, 2025-ci ilin eyni dövründə bu məbləğ 2 milyard 604,3 milyon dollara düşüb
“AzPolitika.info”
Follow @7timesaz