Bu ilin iyulun 12-də Bakıda yas yerində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
7times.az Oxu.az-a istinadən xəbər verir ki, məhkəmə istintaqının materiallarına əsasən, Bəhrəm Mehrəliyev 2020-ci ilin iyul ayında öldükdən (onun koronavirusdan öldüyü bildirilir) sonra ailəsi el adəti ilə onun yasını saxlayır.
Mərhumun arvadı Mədinə (şərtidir) ərinin ili çıxmamış yaşadığı evi təmir etdirmək qərarına gəlir, Elnar Qədimov ad- soyadlı usta tapır və usta həmin evdə təmir işlərinə başlayır.
Ancaq bu ev təmiri sonradan “çox su aparan xəmirə” çevrilərək bir cinayətin təməl daşını qoyan hadisəyə çevrilir.
Söhbət ondan gedir ki, mərhum Bəhrəm Mehrəliyevin qardaşı oğlu Bəhruz Mehrəliyev Mədinədən şübhələnir. Bu mənada ki, onun Elnarla münasibəti olması barədə düşüncələr beyninə hakim olur.
Mədinə isə bu müddətdə Elnarı Bəhruza taksi sürücüsü və usta kimi təqdim edir. Ancaq şübhələr Bəhruzun beynindən çıxmır, o, sonradan Mədinənin Elnarla telefon danışıqlarına qulaq şahidi olur.
Bundan sonra əmisi arvadı ilə Elnarın arasında münasibətlərin çox yaxın olduğuna əmin olur. O, əminliyini artırmağa səbəbiyyət verən bir mənzərəni də gözləri ilə görür. Belə ki, o, əmisi arvadını izləyərək onun dəniz kənarında Elnarla görüşdüyünün şahidi olur.
Bəhruz bundan sonra sakit dayanmır, o, bu münasibətə son vermələri barədə Elnara xəbərdarlıqlar edir.
Elnar isə Bəhruza “sən hələ uşaqsan” deyərək onu başından edir.
Biz istintaq zamanı Elnarla Mədinə arasında olan yazışmaların aşkara çıxarıldığını nəzərə alaraq deyə bilərik ki, bəli, həqiqətən də onlar arasında münasibətlər Bəhruzun dediyi kimi olub. Bunu istintaq da aşağıdakı detallarla sübuta yetirib
Həmin detalları ixtisarla təqdim edirik:
1. Elnar Mədinənin adını telefonuna “Fayton” adı ilə yazıb,
2. Onların bir-birlərinə yazışmaları üzə çıxarılıb. Elnar Mədinəyə müxtəlif vaxtlarda “ölmüş nətərsən”, “Aşkım”, “Həyatım”, “Bir tanem” tipli mesajlar yazıb. Mədinə isə ona uyğun cavablar verib,
3. Elnarın da, Mədinənin də telefonlarına baxış zamanı onların telefonlarının “Qalereya” bölməsində ikisinin çəkdirdikləri fotolar üzə çıxarılıb.
İstintaq materiallarında ikili münasibətlərin xarakterinə dair başqa detallar da var, lakin biz onların hamısının bu yazıda sözbəsöz yazmağa lüzum görmürük.
Qeyd olunanlar sonuncuların yaxın münasibətdə olmasına dəlalət edir.
Cinayət anı
Bəhruzgil əmisinin il mərasimi keçirərkən ora Elnar da gəlir. Bu, Bəhruzun heysiyyətinə toxunur. Elnara yaxınlaşaraq onun niyə yas məclisinə gəldiyini soruşur, Elnar isə Bəhruzun əmisi arvadını sevdiyini ona bildirir.
Elnar yas verilən yerdə əyləşir, açığı Bəhruz burada dirəniş göstərmir. Ancaq Bəhruz ifadəsində göstərib ki, Elnar hüzr məclisində də sakit durmayaraq əmisi arvadına göz-qaş edib.
Hirslənən Bəhruz yatdığı otağa gedərək oradakı turist bıçağını götürüb hazır vəziyyətə gətirdikdən sonra şalvarının bel nahiyəsinə qoyur.
Elnar Qədimovun əyləşdiyi masaya yaxınlaşaraq sonuncunu qisas niyyəti ilə qəsdən öldürməyə əlverişli məqam gözləyir. Cinayətkar niyyətini həyata keçirməyə maneçilik törədə biləcək hər hansı kənar təsirin olmadığına əmin olduqdan sonra sağ əli ilə əvvəlcədən hazırlayıb şalvarının bel nahiyəsinə qoyduğu bıçağı çıxararaq həmin vaxt taxta skamyada oturmuş Elnar Qədimovun boğazına bir dəfə bıçaqla vurmaqla sonuncunu öldürür.
Elnarın yaxınları isə məhkəmə ifadələrində məsələnin fərqli olduğunu deyiblər. Onlar qeyd edib ki, Mədinəgilin Elnara 5000 manata qədər borcu olub, Elnar da hüzr məclisinə həmin pulu almaq üçün gedibmiş… Lakin bu qeyd edilənlər sübuta yetirilməyib.
Bəhruz Mehrəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (Qəsdən adam öldürmə) təqsirli bilinərək doqquz il müddətinə azadlıqdan məhrum edib.
Mətnin sonunda Elnarın Mədinə ilə yazışmasından bir hissəni də qeyd edəcəyik. Elnar Mədinənin ərinin ildönümündə ona belə bir mesaj yazıbmış: “Allah rəhmət eləsin, aşkım”…
Follow @7timesaz