Dünya

Ermənilər yasda: “Moskva Bəyannaməsi göstərdi ki, həqiqətən heç kimə lazım deyilik”

Ermənilər yasda: “Moskva Bəyannaməsi göstərdi ki, həqiqətən heç kimə lazım deyilik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Rusiya arasında dünən Moskvada imzalanan Müttəfiqlik Bəyannaməsi, gözlənildiyi kimi, ən çox Ermənistandakı radikal-revanşistlərin və Qarabağda gizlənmiş separatçı tör-töküntülərin yuxusunu qaçırıb. Bu da tam məntiqlidir.

Ona görə ki, sənəd özündə Rusiyanın ölkəmizə verdiyi yeni strateji önəmi ehtiva eləməklə yanaşı, Ermənistanı daha da arxa plana keçirir. Eyni zamanda, Qarabağda erməni separatizminin təzədən dirçəlməsi üçün heç bir şans saxlamır.

Bu xüsusda düşmən tərəfin təlaşı artıq açıq şəkildə özünü büruzə verməyə başlayıb.

Məsələn, Musavat.com-un məlumatına görə, Armenianreport.com-un şərhçisi Qraçya Qalustyan özünün bugünkü məqaləsində yazır: “Əliyevin Moskvaya budəfəki səfəri zamanı Müttəfiqlik haqqında Bəyannamə imzalanıb. Hansı sənədin ki, 43 bəndindən hər biri praktiki olaraq Ermənistana zərbədir”.

Ardınca o, Moskvanı erməni maraqlarına xəyanətdə suçlayır: “Rusiya bizə xəyanət etdi. Biz indi həqiqətən heç kimə lazım deyilik. Tərəflər Rusiya və Azərbaycan silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyəti, o cümlədən birgə əməliyyat və döyüş hazırlığı təlimlərinin keçirilməsini, habelə ikitərəfli hərbi əməkdaşlığın digər sahələrini inkişaf etdirəcək. Bu, Bəyannamənin 13-cü bəndində öz əksini tapıb. Bu onu deməyə əsas verir ki, Moskva Bakıya ən müasir silahlarını verəcək”.

Bundan əlavə, müəllif Azərbaycan Prezidentinin erməni silahlı qüvvələrinin Qarabağdan tam çıxarılması ilə bağlı tələbinə də toxunub. “Əliyev Moskvada bəyan elədi ki, Ermənistanın bütün silahlı qüvvələrinin Qarabağdan çıxarılması və kommunikasiyaların açılması İrəvanın götürdüyü hüquqi öhdəliklərdir. Belə çıxır ki, ölkəmizin fikrini nəzərə almadan, bizi fakt qarşısında qoyaraq regiondakı vəziyyətlə bağlı razılaşmaq olar və lazımdır. Rusiya da bununla razıdır, Türkiyə də buna öz töhfəsini verir, İran da artıq yeni reallıqla barışıb. Demək, yaxın vaxtlarda Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmasına başlanılacaq”, – deyə o, təşviş içində fikrini tamamlayıb.

“44 günlük müharibədən sonra üç mühüm Bəyannamə qəbul edilib – keçən ilin iyun ayında Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi, 2021-ci ilin noyabrında Türk Dövlətlərinin Zirvə toplantısında qəbul edilmiş İstanbul Bəyannaməsi və bu ilin fevralında imzalanmış Azərbaycan-Rusiya Müttəfiqlik Bəyannaməsi”.

Bunu isə Ermənistan baş nazirinin keçmiş müavini, “Ermənistan” (“Hayastan”) fraksiyasının deputatı Armen Gevorkyan Moskva Bəyannaməsi ilə bağlı bildirib.

Onun fikrincə, bu bəyannamələrin hamısı Azərbaycana maksimum təsir əldə eləməklə bağlıdır: “Bu təsir üçün Rusiya regiondakı əsas müttəfiqi Ermənistan hesabına kompromislərə getməyə, Türkiyə isə Ermənistanın hesabına Azərbaycanın regionda yeni üstünlüklər qazanmasına kömək etməyə hazırdır.

Bu zaman bir sual açıq qalır: Ermənistan bütün bunlardan nə əldə edəcək, daha dəqiqi, Ermənistan bundan sonra daha nələri itirəcək?”

Sabiq prezident, Xocalı hərbi canisi Serjik Sərkisyanın sədri olduğu Respublikaçılar Partiyasının (ERP) yaydığı bəyanatda isə Moskva Bəyannaməsi “Nikol Paşinyan hökumətinin təcili istefaya getməli olduğunu göstərən yeni siqnal” kimi qiymətləndirilir.

“Əgər sənin yeganə müttəfiqin (Rusiya – red.) düşməninlə (Azərbaycanla – red.) müttəfiq olursa, bu, ilk növbədə sənin zəifliyinin, səhvlərinin, hərbi-siyasi uğursuzluğunun və geosiyasi iflasının nəticəsidir,” – deyə ERP-in bəyanatında vurğulanır.

Ancaq kapitulyant ölkə düşdüyü mövcud ağır vəziyyətə, izolyasiya durumuna və faktiki “izqoy” (“tullantı”) statusuna görə heç kimdən deyil, ən əvvəl özündən inciməlidir. Üzləşdiyi ağır siyasi-iqtisadi, geosiyasi-hərbi, sosial-demoqrafik böhranın səbəblərini sırf özündə axtarmalıdır. Bundan ötrü isə 44 günlük müharibədəki acınacaqlı məğlubiyyətdən düzgün dərs götürmək şərtdir. Əfsus ki, bunu hələ görmürük… /Musavat.com/