Siyasət

“Gələcək nəsillər öz addımlarını bu qardaşlığa uyğun atmalıdırlar”

“Gələcək nəsillər öz addımlarını bu qardaşlığa uyğun atmalıdırlar”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir və elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik”.

7times.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə milli təhsil naziri Ziya Selçukla görüşündə bildirib.

Dövlət başçısının sözlərinə görə, təhsil sahəsi də əməkdaşlığımızın önəmli bir hissəsidir: “Çünki gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün əlbəttə ki, bu sahədə çox önəmli addımlar atılmalıdır və əslində atılır. Əminəm ki, sizin budəfəki səfəriniz çərçivəsində bir çox önəmli məsələlər müzakirə olunacaq və gələcək işbirliyimiz haqqında konkret planlar tərtib ediləcəkdir”.

Prezident qeyd edib ki, ölkəmizdə indi yeni dövr başlayıb: “İkinci Qarabağ müharibəsindən sonra bərpa və yenidənqurma dövrü başlayıb. Mən sizə azad olunmuş torpaqlarda Ermənistan tərəfindən törədilmiş dağıntılara həsr edilmiş kitabı da təqdim edəcəyəm. Görəcəksiniz ki, bizim torpaqlarımız nə qədər böyük dağıntılara məruz qalıb. İndi şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli bu ay qoyulub.

Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi proqramda öz əksini tapıb.

Biz hazırda bu sahə ilə bağlı çox ciddi islahatlar aparırıq. Türkiyənin təcrübəsi bizim üçün çox önəmlidir. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə təkliflər də müzakirə edilməlidir. Çünki, biz elə bir güclü müttəfiqlik yaratmışıq ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Hesab edirəm ki, bu məqsədlə müxtəlif tədbirlər – gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməlidir. Əminəm ki, siz səfər çərçivəsində bu məsələləri öz həmkarınızla geniş müzakirə edəcəksiniz”.