Məlum olduğu kimi, Jurnalist, “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mirşahin Ağayev Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsini tərənnüm edə bilmədiklərinə görə yaradıcı adamları kəskin tənqid edib.
Mövzu ilə bağlı Sfera.az-a-a açıqlama verən şair Aqşin Evrən deyib ki, 10 saat işləyib, 3 saat tıxacda qalan yazarlardan “Hərb və Sülh” kimi irihəcmli və samballı roman gözləmək absurddur:
“Bizim yazıçı-şairlərin 92,20 faizi çörəkpulu dalınca qaçmaqla məşğuldur. Yerdə qalan hissəsi isə öz istedadsızlığına quldur. Orası həqiqətdir ki, müqəddəs və qəhrəman Şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq biz Vətən müharibəsi ilə bağlı əsərlər yazmalıyıq, yazırıq da. Mən Şuşanın azad edilməsi, Şəhidlərimiz barədə şeirlər yazmışam. Amma heç yerdə yayımlamamışam, yeni şeirlər kitabımda çap olunacaq.
Eləcə də Vətən müharibəsi barədə tammetrajlı ssenari üzərində çalışıram. Qeyd edim ki, Qarabağ barədə bir ssenarimə çəkilmiş qısametrajlı film artıq beynəlxalq festivallarda mükafatlar, birinciliklər qazanmaqdadır.
Nəsr əsərlərinə gəldikdə isə bu, “одноразовый” köşə yazısı deyil ki, qısa müddətdə yazıb suflyordan oxuyasan. Kimin kefi nə vaxt istəyir, kim özünü nə vaxt hazır hiss edir, onda da yazacaq. 30 il Qarabağı gözləyənlər zəhmət çəkib 5-10 il də Qarabağ haqda romanı gözləsinlər”.
Digər müsahibimiz şair Ruzbeh Məmməd isə deyib ki, təəssüf ki, ölkəmizdə yazıçı heç kimin vecinə deyil:
“Ədəbiyyat adamı niyə özünü borclu hesab etməlidir ki,, yazdığı əsərlər barədə hesabat versin? Təəssüf ki, ölkəmizdə yazıçı heç kimin vecinə deyil. Deyilə bilər ki, AYB var, qonorar verir. Qurumun verdiyi qonorar qəpik-quruşdur. Mirşahin özü hesabat verməli adamdır. Məsələ ondadır ki, yazıçı və şairlər özlərini müti göstərirlər. Təbii ki, istisnalar var. AYB-ni təmsil edən adamlar isə siyahı təqdim edirlər. Birincisi, o siyahıda adıkeçən adamların istedadının nə olduğunu bilirik. İkincisi də Mirşahinə siyahı təqdim etmək yox, soruşulmalıdır ki, səsin yuxarı yerlərə çatır, niyə demirsən yazıçıların kitabdan heç bir mənfəəti yoxdur, qonorarı yoxdur. Niyə biganəlik var?
Bunları deyə bilmirsə, onun hesabını soruşa bilmirsə, yazıçıları da ittiham etməməlidir. Buna Mirşahinin haqqı çatmır, həm də heç çatmır!
Prezident təqaüdçüsü şair Tural Turanın sözlərinə görə, Azərbaycanda yazıçılar, şairlər ilyarım ərzində kifayət qədər çox əsər yaradıb:
“Şəxsən mən özüm “Zəfər notları” poeması yazmışam. Poemam Azərbaycanda, Özbəkistanda çap olunub. Hətta poemam Özbəkistanda müsabiqədə qalib belə olub. Bütün bunlar onu deməyə əsas verir ki, Mirşahin müəllim nələrin yazılıb, yazılmadığı ilə bağlı xəbərsizdir.
Gənc yazarların Vətən müharibəsi ilə bağlı çap etdirdiyi kitabları gözardı etmək doğru deyil. Ümumiyyətlə Vətən muharibəsi ilə bağlı keyfiyyətli filmlərin, əsərlərin ərsəyə gəlməsi bir-iki il ərzində mümkün deyil. Dünya təcrübəsinə baxdıqda da görə bilərik ki, İkinci Dünya müharibəsi ilə bağlı ən yaxşı filmlər, əsərlər 1960-70-ci illərdə ərsəyə gəlib.
Təəssüf ki, bir çox məsələdə olduğu kimi, bu məsələdə də sovet təfəkküründən çıxa bilmirik. Bu tip yanaşmalar sovet dövrünün ənənəvi plan doldurmaq ənənəsindən qaynaqlanır. Məsələyə kosmopolit yanaşdıqda ümumiyyətlə şair, yazar vətənpərvər ruhda nəsə yazmaq məcburiyyətində deyil. Çünki belə bir şey yazılmalıdır deyə yox, məhs yazarın, şairin içindən gəldiyi üçün yazılmalıdır. Bu zaman ərsəyə gələn əsəri oxucular da sevə-sevə oxuyur”.
Gənc yazar Nicat Həşimzadənin fikrincə, sovet dövründən qalan plan doldurmaq, tapşırıqla əsər yazmaq ənənəsindən xilas olmaq lazımdır:
“Ümumiyyətlə yazıçıdan belə bir şey tələb etmək doğru deyil. İndi elə bir zaman deyil ki, insanlar bir əsərlə və ya bir şeirlə müharibəyə getsin. Hesab edirəm yazıçı içindən gəlirsə vətənpərvərlik ruhunda da yaza bilər. Bu tapşırıq əsasında olsa ürək məhsulu yox, plan məhsulu olacaq. Yaradıcılıq ürək ilə beynin vəhdətidir. Yazıçılar qarşısında belə tələb qoymaq doğru deyil.
Belə başa düşürəm ki, Mirşahin müəllim müasir ədəbiyyatımızı heç də yaxından izləmir. Çünki bu motivdə bir neçə kitab çap olunub. Bir neçəsinin təqdimatında şəxsən mən özüm iştirak etmişəm”.
Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Emil Rasimoğlu isə bildirib ki, həm Mirşahin Ağayev, həm də bu müzakirə çərçivəsində öz düşüncələrini ortaya qoyanların əksəriyyəti kütlə psixologiyası ilə davranır:
“Şairin, yazıçının, eyni zamanda istənilən sənət adamının vətəndaşlıq missiyası yoxdur. Vətəndaş anlayışı başqa bir şeydir, sənətkar anlayışı bir başqa şey. Sənət bu kimi məsələlərdən uzaq olmalıdır. Sənətin kütlə, toplum ilə heç bir əlaqəsi yoxdur. Sənətkarın vətəndaş olaraq xalq qarşısında, millət qarşısında əgər hansı borcu olsa da, sənətkarın borcu yalnız sənət qarşısındadır”.
Follow @7timesaz