Ölkə

Gəncə Apelyasiya Məhkəməsinin hakimi prosesləri bilərəkdən təxirə salır? – İDDİAÇIDAN ŞİKAYƏT

Gəncə Apelyasiya Məhkəməsinin hakimi prosesləri bilərəkdən təxirə salır? – İDDİAÇIDAN ŞİKAYƏTbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayonu Qovlar şəhəri M.Hüseyn küçəsi ev 40-da yaşayan İsmayılova Solmaz Abbasəli qızını redaksiyamıza müraciət edərək bildirir ki, Gəncə Apelyasiya Məhkəməsində hakim öz marağı naminə iddiaçını bezdirərək qarşı tərəfin xeyrinə qərar çıxarmaq niyyəti ilə proseslər təxirə salınır. Şikayətçi qanunsuzluğun qarşısının alınması üçün Gəncə Apelyasiya Məhkəməsinin sədri cənab Hüseynov Mirbahəddin Mirdamət oğluna saytımız vasitəsilə ilə müraciət edib. O iddia edir ki, Gəncə Apelyasiya Məhkəməsinə Əlizamin Abdullayev öz maraqları naminə məhkəmə proseslərini təxirə salır. Solmaz İsmayılova onu da deyir ki, göstərilən tələblərin yerinə yetirilməsi üçün hazırkı inzibati iş üzrə hakimə, məhkəmə tərkibinə və Gəncə Apelyasiya Məhkəməsinə edilmiş etirazlara və apelyasiya şikayətinin mümkünsüz sayılmasına dair ərizəmiz əsasında qəbul edilmiş qərardadların surəti qanunvericiliyin tələb və prinsiplərinə görə və yaxud da şərhinə görə mənə təqdim edilməlidir:

“Bildirirəm ki, Gəncə İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2-1(114)-60/2021 saylı qərarından üçüncü şəxs İbrahimov Aydın Qasım oğlu apelyasiya şikayəti vermişdir. Həmin apelyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun icraatında olmaqla məhkəmənin ilkin baxışı 17 yanvar 2022-ci il tarixə saat 14:30-a təyin edilmişdir.

Həmin tarixdə hər hansı bir əsaslı səbəb olmadan hakim Əlizamin Abdullayev inzibati işin məhkəmə baxışını 21 fevral 2022-ci il tarixə saat 15:00-a təxirə aldı. Mən İsmayılova Solmaz Abbasəli qızının və qızım İsmayılova Məhəbbət Ziyad qızının etibarnamə üzrə səlahiyyətli və qanuni nümayəndəmiz oğlum İsmayılov Mübariz Ziyat oğlu bizim adımızdan hələ ilkin baxışa, yəni 17 yanvar 2022-ci il tarixdən əvvəl 15 dekabr 2021-ci il tarixdə qanunvericiliyə və prossesual hüquq normalarına cavab verən qanunvericiliyə uyğun qaydada apelyasiya şikayətinin mümkün sayılmamasına dair müvafiq poçt vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə rəsmi ərizə ünvanlamış və həmin ərizədə qeyd etmişdir ki, Gəncə İnzibati Məhkəməsinin qərarından apelyasiya şikayəti apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət 3 gün ötdükdən sonra verilmişdir. Yəni inzibati iş materiallarında olan qərarın çatdırılmasına dair müvafiq poçt arayışından da aydın görünür ki, üçüncü şəxs İbrahimov Aydım Qasım oğlu Gəncə İnzibati Məhkəməsinin qərarını 23 oktyabr 2021-ci il tarixdə saat 09:43-də şəxsən almışdır və apelyasiya şikayətini 25 noyabr 2021-ci il tarixdə vermişdir. Yəni oktyabr ayı 31 gündən ibarət olmaqla qanunla müəyyən edilmiş prosessual müddəti 3 gün ötürmüşdür. Bu barədə nümayəndəm doğma oğlum İsmayılov Mübariz Ziyat oğlu dəfələrlə vəsatət və ərizələr versə də hakim öz marağı naminə nə ərizələrə nə də vəsatətlərə məhəl qoymamışdır. Bundan sonra nümayəndəm və doğma oğlum İsmayılov Mübariz Ziyat oğlu qanunsuz və əsassız 21 fevral 2022-ci il tarixə saat 15:00-a təxirə salınan məhkəmə iclasında məcbur olaraq hakimə etiraz vermişdir. Həmin vaxt məhkəmə tərkibində Azər Bayramov və Şamil Rzaquliyev də iştirak etmişdir. Edilmiş etiraz qanunsuz və əsassız olaraq təmin edilməmiş, həmin vaxt hakim Azərbaycan Respublikası MPM-nin 263.3-cü maddəsinə uyğun olaraq müşavirə otağına getmiş və qayıdaraq etirazın təmin edilməməsinə dair qərardadı elan etmişdir və inzibati işi yenə də qanunsuz və əsassız olaraq heç bir əsaslı və qanuna uyğun səbəb olmadan 18 mart 2022-ci il tarixə saat 11:30-a təxirə almışdır. Bundan əlavə həmin gün hakim Azər Bayramov tərkibdən kənarlaşdırılaraq, yerinə hakim Afiq Hüseynzadə gətirilmişdir.

Bundan sonra nümayəndəm, doğma oğlum İsmayılov Mübariz Ziyat oğlu hakim Əlizamin Abdullayevin inzibati iş üçün nə qədər maraqlı olduğunu (öz marağı naminə) və bizə qarşı qərəzli mövqedə olduğuna tam və qətiyyətli şəkildə əmin olduqdan sonra Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının tərkibinə və Gəncə Apelyasiya Məhkəməsinə etiraz vermişdir. (Bu barədə nümayəndəm və doğma oğlum İsmayılov Mübariz Ziyat oğlu etdiyi kassasiya şikayətində də inzibati iş üzrə Əlizamin Abdullayevin nə qədər marağı olduğunu qeyd etmiş və kassasiya şikayəti təmin edilmişdir. Görünür ki, Əlizamin Abdullayevin maraqlarından Gəncə Apelyasiya Məhkəməsinin sədri kimi Sizə də nəsə çatmışdır. Belə olmasaydı Qanunvericiliyin tələblərinə görə kassasiya şikayəti vermək üçün order naminə tutduğumuz vəkilin barəsində intizam icraatı açılması üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həqiqətə uyğun olmayan və təsdiqini tapmayan təqdimat ünvanlamazdınız). Eyni vaxta qarşı tərəfin vəkili Yolçu Abbasov da vəsatət verərək, iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.

Nümayəndəm İsmayılov Mübariz Ziyat oğlu vəsatətin qanunsuz və əsassız, qanunazidd, yəni lüzumsuz vaxt uzatma məqsədi güdməsini sübut edərək qarşı tərəfin vəkili Yolçu Abbasov tərəfindən verilmiş vəsatətə rəsmi, yazılı qaydada etirazını hakimə təqdim etmişdir. Nümayəndəmin bu etirazı da hüquqi qiymət verilmədən cavabsız qalmışdır. Yəni, qarşı tərəfin vəkili Yolçu Abbasovun inzibati işin icraatını dayandırılmasına dair verdiyi vəsatət əsasında Nümayəndəm Mübariz İsmayılovun yazılı, rəsmi qaydada verdiyi etiraza dair qəbul edilmiş qərardadın necə əsaslandırıldığı bizə məlum deyil (əgər əsaslı etiraza hüquqi qiymət verilibsə və ayrıca akt şəklində qərardad qəbul edilibsə) və yaxud hələ də nümayəndəmin verdiyi etiraza dair qərardad bizə təqdim edilməmişdir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 18-19-cu maddələrində məhkəməyə və tərkibə edilmiş etiraz öz əksini tapmadığından bu mübahisə İPM-nin 1.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddüaları tətbiq olunmaqla həll edilməlidir. Məhkəməyə edilmiş etiraz isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 19-22-ci maddələri ilə tənzimlənməlidir. Həmin maddələrdə də tərkibə məhkəməyə edilmiş etirazlar kimin tərəfindən baxılmalı olduğu öz əksini tapmışdır. Bundan başqa Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikadı Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 3 nömrəli Plenum Qərarının 5.3, 5.4 və 5.5-ci bəndlərində də öz əksini tapmışdır. Göründüyü kimi Əlizamin Abdullayev və tərkibdə olan digər hakimlər Azərbaycan Respublikasının İPM-nin 18-19, Azərbaycan Respublikasının MPM-nin 19-22-ci və Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikadı Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 3 nömrəli Plenum Qərarının 5.3, 5.4 və 5.5-ci bəndlərini də kobud və qanuna zidd şəkildə pozaraq, hakim Əlizamin Abdullayev Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 22.3-cü maddəsinin tələblərinə zidd olaraq hər zaman sübüt edə biləcəyimiz haqlı və qanuni etirazı məhkəmə sədri tərəfindən həll edilməli olduğu halda müşavirə otağına gedərək, özü müzakirə edib və təmin edilməməsinə dair qərardadı elan etmişdir. Bundan sonra nümayəndəm Mübariz İsmayılov məhkəmə iclas zalını tərk etmişdir. Çünki, nümayəndəmin əsaslı etirazının təmin edilməməsindən sonra hakim Əlizamin Abdullayevin və tərkibdə olan digər hakimlərin qəbul edəcəyi qərar (öz maraqları naminı) bizə bəlli idi. Buna baxmayaraq, nümayəndəm İsmayılov Mübariz Ziyat oğlu zalı tərk etdikdən sonra qarşı tərəfin vəkili Yolçu Abbasovun qanunsuz, əsassız, qanunazidd və süni surətdə məhkəmənin vaxtını uzatmaq məqsədi güdən vəsatəti hakim Əlizamin Abdullayevin və tərkibdə olan digər hakimlərin 18 mart 2022-ci il tarixli 2-1(104)-99/2022 saylı qanunsuz və əsassız, qanuna zidd qərardadı ilə təmin edilərək, iş üzrə inzibati işin icraat dayandırılmışdır.

Qeyd olunan qərardaddan verdiyimiz haqlı və qanuni, qanuna uyğun kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimi Nigar Rəsulbəyovanın icraatına qəbul edilərək, inzibati iş üzrə 29 iyun 2022-ci il tarixli 2-1(102)-1126/2022 saylı qərar qəbul edilmiş, bizim kassasiya şikayətimiz təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-99/2022 nömrəli 18 mart 2022-ci il tarixli qərardadı qanunsuz və əsassız, qanuna zidd olduğu üçün, yəni qəbul edilmiş qərardad hakimin, tərkibin və məhkəmə sədrinin şəxsi maraqlarına məkrli niyyətlərinə xidmət etdiyi üçün ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bununla da biz hakim Əlizamin Abdullayevin inzibati iş üzrə öz maraqları naminə, qanunsuz, əsassız, qanunazidd mövqedə olmasını ifaşa (sübüt) etmiş olduq. Yəni əsassız vaxt uzatmalarla süründürməçiliyə yol verib bizi bezdirərək, öz şəxsi maraqlarını, məkrli niyyətini həyata keçirmək naminə qarşı tərəfin xeyrinə qərar qəbul etmək niyyətini bir daha sübut etmiş olduq və ya öz-özlüyümüzdə bir daha dəqiq əmin olduq.

İnzibati iş materialları Azərbaycan Respublikası Ali Məhkəməsindən Gəncə Apelyasiya Məhkəməsinə qayıtdıqdan sonra yenə də inzibati iş qanunsuz olaraq, qanunazidd şəkildə Əlizamin Abdullayevin icraatına verildi. Nümayəndəm Mübariz İsmayılov bu hala isə etiraz etdikdə dəqiq mənbələrdən aldığımız məlumata görə proses zamanı hakim Əlizamin Abdullayev özü özünə etiraz edəcəyini bizə bildirildi. Lakin Əlizamin Abdullayevin nəfsi və tamahı Qanunvericiliyə qalib gəldiyindən o bu addımı da atmadı, yəni bir sözlə hakim Əlizamin Abdullayev bizim hüquqi, demokratik və dünyəvi Dövlətdə yaşadığımızı unudaraq, Qanunu şah deyil Şahı Qanun hesab etdi və inzibati işin məhkəmə baxışını 15 avqust 2022-ci il tarixə saat 14:30-a təyin etdi. Həmin gün nümayəndəm İsmayılov Mübariz Ziyat oğlu məhkəmə iclasında olarkən Gəncə Apelyasiya Məhkəməsində hakim işləyən 15 nəfər hakimdən 1 nəfər hakim tapıb qeyd olunan işə baxmaq üçün tərkibə dəvət edə bilmədilər. Bəhanə isə hakim Şamil Rzaquliyevin məzuniyyətdə olması idi. Necə olur ki, hakim Əlizamin Abdullayev öz marağı naminə Azər Bayramovu qanunsuz qəbul edəcəyi qərarda Azər Bayramovun xüsusi rəydə qalacağı təhlükəsi ilə özünü tam və hər tərəfli sığortalayaraq işini daha rahat görməsi üçün (öz məkrli niyyətini, öz şəxsi marağını həyata keçirmək üçün) Azər Bayramovu tərkibdən kənarlaşdırır, lakin Şamil Rzaquliyevi əvəz etmək üçün Gəncə Apelyasiya Məhkəməsində 15 hakimdən 1 nəfər hakim tapılmadı. Bu bəhanə ilə də hakim Əlizamin Abdullayev inzibati işin məhkəmə baxışını 14 sentyabr 2022-ci il tarixə saat 15:00-a təxirə salmış və məhkəmə iclası bağlı elan edilmişdir. Həmin gün məhkəmə iclas zalında hakimlər Afiq Hüseynzadə, Əlizamin Abdullayev və nümayəndəm Mübariz İsmayılov olarkən hakim Əlizamin Abdullayev nümayəndəmə isteza ilə bildirmişdir ki, “kişi kişinin qərarından şikayət edər, rüşvət almasından deyil”. Həmin vaxt Afiq Hüseynzadə nümayəndəmə bildirmişdir ki, “Siz hardan bildiniz ki, biz rüşvət almışıq” buna cavab olaraq nümayəndəm Mübariz İsmayılov bildirmişdir ki, bu faktı sizin hərəkətləriniz göstərir. Bu zaman Afiq Hüseynzadə nümayəndəmə bildirib ki, “Sən onu burada bizə deməlisənmi və yaxud da bütün şikayətlərində işıqlandırmalısanmı”. Bu zaman Əlizamin Abdullayev nümayəndəmə bu hərəkətlərimin onun üçün ağır nəticələr verəcəyini bildirib onu prokurorluq orqanlarına verəcəyi hədəsi ilə hədələmiş və sözlərindən belə nəticəyə gəlmək olar ki, nümayəndəm Mübariz İsmayılovu həbs etdirəcək. Əlizamin Abdullayevin bu hədəsi isə 17 sentyabr 2022-ci il tarixdə öz təsdiqini tapdı. Belə ki, doğma oğlum və etibarnamə üzrə səlahiyyətli nümayəndəm törətmədiyi inzibati xətaya görə 10 gün müddətinə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə qanunsuz və əsassız, qanuna zidd olaraq təqsirli bilinərək həbs edilmişdir. doğma oğlum və etibarnamə üzrə səlahiyyətli nümayəndəm Mübariz İsmayılovun bu həbsi də bir-başa Siz Mirbahəddin Hüseynovun göstərişi ilə keçmiş köməkçiniz, hazırda isə Tovuz rayon Məhkəməsinin hakimi olan Zaur Hünmətovun sifarişi əsasında olmuşdur. Bununla da onsuz da bağlı olan məhkəmə iclası bağlı elan edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Məhkəmə-hüquq sistemində islhatların dərinləşdirilməsi haqqında 03 aprel 2019-cu il tarixli Fərmanında göstərilmişdir ki, Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir və ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara almışdır ki, Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.

Bundan başqa Azərbaycan Respublikası Konstitutsiyasında ədalət mühakiməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Konstitutsiyasının 71-ci maddəsinə görə Konstitutsiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
Göründüyü kimi həm Azərbaycan Respublikası Prezidentinin Məhkəmə-hüquq sistemində islhatların dərinləşdirilməsi haqqında 03 aprel 2019-cu il tarixli Fərmanı, həm də Azərbaycan Respublikasının Qanununvericilik sisteminin əsası olan Azərbaycan Respublikası Konstitutsiyasında göstərilən hüquq və azadlıqlar Gəncə Apelyasiya Məhkəməsində keçərli deyildir və Gəncə Apelyasiya Məhkəməsinin fəaliyyətində öz əksini tapmır. Belə ki, özünün fikir, söz azadlığı və müdafiə hüquqlarını həyata keçirən və sizin qanina zidd, məkirli niyyətlərinizi həyata keçirməyinizin qarşısını qanuna uyğun qaydada almağa çalışan nümayəndəm və doğma oğlum sizin bir-başa sifarişinizlə törətmədiyi əmələ görə 10 gün müddətinə inzibati qaydada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə həbs olunur, bunun davamı olaraq isə sizin tabeliyinizdə və əmrinizdə olan hakimlər tərəfindən cinayət məsuliyyətinə cəlb etdiriləcəyi hədəsi ilə hədələnir.

14 sentyabr 2022-ci il tarixdə saat 15:00-da nümayəndəm məhkəmə iclasında olarkən, məhkəmənin tərkibinə və Gəncə Apelyasiya məhkəməsinə qanuni və əsaslandırılmış etirazını hakimə təqdim etmiş və etirzını şifahi olaraq da əsaslandırmışdır. Bu zaman qarşı tərəfin vəkili hesab edirəm ki, öz vicdanı ilə etirazın əsaslı olduğunu düşünərək bunu məhkəmənin mülahizəsinə buraxmışdır. Yəni etirazın təmin olunmamasına dair heç bir fikir söyləməmişdir. Etirazın müzakirəsi üçün tərkib müşavirə otağına getmiş və təxminən 25 dəqiqədən sonra müşavirədən qayıdaraq ilk öncə nümayəndəmin bütün Konstitutsiya və Mülki Qanunvericiliklə qorunan məhkəmədə özünü müdafiə hüquqlarını qanuna zidd şəkildə məhdudlaşdırmağa başlamışlar. Belə ki, hakimlər Əlizamin Abdullayev və Afiq Hüseynzadə nümayəndəm Mübariz İsmayılovun barəsində cinayət işi başladıb onu həbs etdirəcəkləri hədəsi ilə hədələmişlər və nümayəndəmin mülkiyyət hüquqlarımı müdafiə etmək hüququnu məhdudlaşdırmaq bir yana, hətta onun azadlıq hüququnu qanunsuz olaraq əlindən alacaqlarını, yəni bundan əvvəlki ssenari üzrə törətmədiyi əməli rəsmiləşdirərək inzibati qaydada deyil cinayət məsuliyyəti qaydasında həbs etdirəcəklərini bir daha bildirmişlər. Bundan sonra nümayəndəm Mübariz İsmayılov öz təhlükəsizliyini təmin etmək üçün prosessual qaydalara uyğun olaraq, icazə alıb zalı tərk etmişdir. Sonradan qeyri rəsmi olaraq bizə məlum oldu ki, inzibati işin məhkəmə baxışı növbəti dəfə təxirə salınaraq, 31 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. Bu bizi təəccübləndirmir, çünki Əlizamin Abdullayevin ssenarisi (oyunu) davam edir. Düşünürəm ki, bu cür təxirə salmalar hələ çox olacaq.
Ona görə də bütün təxirə salmalar və süründürməçiliklərin qanuna ziddi hərəkətlərin və Gəncə Apelyasiya Məhkəməsində gedən qanunsuzluğun qarşısını Qanunvericiliklə müəyyən edilmiş və Qanunvericiliyə uyğun qaydada almaq üçün yəni, Azərbaycan Respublikası Konstitutsiyasının mənə Azərbaycan Respublikasının vətəndaşı olduğum üçün vermiş olduğu hüquqlarımdan o cümlədən Konstitutsiyanın 12, 13, 24, 25, 26, 28, 29, 31, 32, 47, 50, 57, 60, 71, 125, 127, 128-ci maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 28-ci maddələrinin və “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100, 101, 111, 112, 113 və 114-cü maddələrində göstərilən tələblərin yerinə yetirilməsi üçün hazırkı inzibati iş üzrə hakimə, məhkəmə tərkibinə və Gəncə Apelyasiya Məhkəməsinə edilmiş etirazlara və apelyasiya şikayətinin mümkünsüz sayılmasına dair ərizəmiz əsasında qəbul edilmiş qərardadların surəti hesab edirəm ki, yuxarıda qeyd etdiyim Qanunvericiliyin tələb və prinsiplərinə görə və yaxıd da şərhinə görə mənə təqdim edilməlidir.
Odur ki, yuxarıda qeyd olunanları, sadalanan xüsusatları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1, 20.2, 1.2-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmədən

XAHİŞ EDİRƏM

1. 2-1(104)-99/2022 saylı inzibati iş üzrə qəbul edilmiş 15 dekabr 2021-ci il tarixdə poçt vasitəsi ilə göndərdiyim apelyasiya şikayətinin mümkün sayılmamasına dair ərizəmlə bağlı qəbul edilmiş qəradadın surətinin.
2. 2-1(104)-99/2022 saylı inzibati iş üzrə qəbul edilmiş hakim Əlizamin Abdullayevə etdiyim etiraza dair 21 fevral 2022-ci il tarixli qərardadın surətinin.
3. 2-1(104)-99/2022 saylı inzibati iş üzrə qəbul edilmiş hakim Əlizamin Abdullayevə və məhkəmənin tərkibinə etdiyim etiraza dair 18 mart 2022-ci il tarixli qərardadın surətinin.
4. 2-1(104)-99/2022 saylı inzibati iş üzrə qarşı tərəfin vəkili Yolçu Abbasovun icraatın dayandırılmasına dair vəsatətinə verdiyim əsaslı etiraz barədə qəbul edilmiş qərardadın surətinin.
5. 2-1(104)-99/2022 saylı inzibati iş üzrə qəbul edilmiş hakim Əlizamin Abdullayevə, məhkəmənin tərkibinə və Gəncə Apelyasiya Məhkəməsinə etdiyim etiraza dair 14 sentyabr 2022-ci il tarixli qərardadın surətinin mənə verilməsinə dair aidiyyəti hakimə göstəriş verəsiniz”.

7Times.az